“İclasa başlamazdan öncə,icazə verin Milli Məclisin nümayəndə heyətinin Macarıstana rəsmi səfəri barədə sizə qısa məlumat verim. Qeyd edim ki, səfər iyunun 28-də başlayıb və 30-da başa çatıb”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan parlamentinin sədri Sahibə Qafarova bu gün Milli Məclisin iclasında deyib.
O məlumat verərək deyib ki, Macarıstan Avropanın mərkəzində, Dunay çayı hövzəsində yerləşən dövlətdir: “Avropa İttifaqının, NATO-nun və digər Avropa təşkilatlarının üzvüdür. Onu da deyim ki, Macarıstan tarixi köklərinə əsaslanaraq, öz xarici siyasətində türkdilli dövlətlərlə münasibətləri inkişaf etdirməyə, türk dünyasına inteqrasiyaya xüsusi əhəmiyyət verir. Macarıstan Türk Şurasında, Türkdilli Ölkələrin Parlament Assambleyasında, türkdilli dövlətlərin digər inteqrasiya qurumlarında müşahidəçi kimi iştirak edir.
Azərbaycanla Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz arasında əməkdaşlıq dinamik inkişaf edir və buəməkdaşlığın dərinləşdirilməsinə hər iki tərəfdən böyük diqqət göstərilir. Və mənim rəhbərliyimlə nümayəndə heyətinin rəsmi səfəri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstanla münasibətlərin inkişafına verdiyi əhəmiyyətin ifadəsi idi.
Səfərin birinci günü, yəni iyunun 28-də nümayəndə heyətimiz Azərbaycanın Budapeştdəki Səfirliyində oldu. Ulu öndər Heydər Əliyevin xatirəsi anıldı, büstü önünə gül dəstələri qoyuldu. Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri hörmətli Vilayət Quliyevlə görüş keçirdik və fikir mübadiləsi apardıq.
İyunun 29-da nümayəndə heyətimiz Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində “2021-ci il – Nizami Gəncəvi ili”nə həsr olunmuş tədbirdə iştirak etdi. Türk Şurasının Budapeşt ofisinin rəhbəri cənab Yanoş Hovari, Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini cənab Andraş Baranye öz çıxışlarında Azərbaycanın Macarıstan üçün qardaş və strateji tərəfdaş dövlət olduğunu vurğuladılar. Onlar Türk Şurası çərçivəsində əməkdaşlığın iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd etdilər. Tədbirdə etdiyim çıxışda mən bildirdim ki, Türk Şurasının üzvü olan bütün dövlətlərin nümayəndələrinin Budapeştə, Türk Şurasının nümayəndəliyinə təşrif gətirməsi xalqlarımız arasında sıx əlaqələrin daha bir təzahürüdür. Qeyd etdim ki, bu gün Türk Şurası öz strateji baxışını yaratmaq üzərində işləyir. “Türk Dünyasının baxışı – 2040” yol xəritəsindən istifadə edərək biz bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirə bilər və türk dünyası üçün daha yaxşı gələcək qura bilərik. Xatırlatdım ki, Türk Şurasının qarşıya qoyduğu vacib vəzifələrdən biri də beynəlxalq terrorizmə, separatizmə, ekstremizmə və transsərhəd cinayətlərə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsidir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoymaq uğrunda aparılan Vətən müharibəsində haqlı və ədalətli mövqeyimizə dəstəkverdiklərinə görə Türk Şurasının üzvü olan dövlətlərin hökumətlərinə və xalqlarına öz adımdan və Milli Məclis adından səmimi təşəkkürümü ifadə etdim”.
Spiker deyib ki, iyunun 29-da Macarıstanın Baş naziri cənab ViktorOrbanlamənim görüşüb: “Baş nazir ilk öncə Azərbaycan xalqını 44 günlük müharibədə qələbə çalması və torpaqlarını azad etməsi münasibətilə təbrik etdi. Baş nazir bildirdi ki, Azərbaycandan gələn nümayəndə heyətləri hər zaman Macarıstan xalqı və dövləti üçün xüsusi qonaqlardır. Macarıstan dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Mən iki xalqın ortaq tarixi köklərə malik olduğunu bildirərək qeyd etdim ki, Azərbaycan onun müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan Macarıstanla hərtərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün aparılan 44 günlük Vətən müharibəsi dövründə ədalətli mövqe nümayiş etdirdiyinə görə Macarıstan dövlətinə və xalqına minnətdarlığımızı bildirdim. Azad edilmiş ərazilərin minalardan təmizlənməsi işində Macarıstan tərəfindən verilən dəstəyə görə təşəkkür etdim və bunu Macarıstanın dost münasibəti kimi dəyərləndirdim.
Elə həmin gün, hörmətli həmkarlar, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşümüz oldu. İki ölkənin parlamentləri arasında əməkdaşlıq barəsində hər iki dostluq qruplarının üzvləri faydalı fikir mübadiləsi apardılar. Qeyd olundu ki, parlamentlər arasında münasibətlər dövlətlərarasıəlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynayır. Bu sahədə parlamentlərarası dostluq qrupları xüsusi əhəmiyyətə malikdir. Hər iki ölkənin deputatlarının beynəlxalq təşkilatlarda yaxın əməkdaşlığından, bir-birini dəstəkləməsindən məmnunluq ifadə edildi”.
Sahibə Qafarova bildirib ki, iyunun 30-da nümayəndə heyəti Əlil uşaqlar üçün Laszlo Batyani İnstitutunun Reabilitasiya Mərkəzini ziyarət edib: “Mərkəzin böyük bir korpusu Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuşdur. Mərkəzin kollektivi ilə söhbət zamanı mən bildirdim ki, Heydər Əliyev Fondunun bu dəstəyi iki dost xalq arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir. Müasir Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond hər zaman xeyirxah və humanist təşəbbüsləri ilə məlumdur, nəinki Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda bir çox mühüm layihələr həyata keçirir və Fondun çoxşaxəli və xoşməramlı fəaliyyəti həmişə yüksək qiymətləndirilir. Milli Məclis adından da, hörmətli həmkarlar, bizMərkəzə xatirə hədiyyəsi təqdim etdik.
Elə həmin gün nümayəndə heyətimiz Macarıstan Diplomatik Akademiyasında oldu. Əvvəlcə Macarıstanın Dövlət katibi – Macarıstan Diplomatik Akademiyasının prezidenti xanım OrsolyaPacsayTomassiç ilə görüşüm oldu. Sonra isə mən Akademiyada mühazirə ilə çıxış etdim. Tədbir iştirakçılarına Azərbaycanın keçdiyi inkişaf yolu barədə məlumat verdim, minillik tarixə malik dövlətçilik ənənələrimizdən danışdım. Qeyd etdim ki, ortaq tarixi köklərə və oxşar tarixi taleyə malik olan xalqlarımız arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri, görüşləri və indiyədək imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Parlamentlərarası əməkdaşlıq məsələləri haqqında da fikirlərimi bölüşdüm. Hörmətli həmkarlar, iyunun 30-da mən və nümayəndə heyətimiz Macarıstan Milli Assambleyasının Sədri cənab LaszloKover ilə görüşdük. Söhbət zamanı ölkələrin qarşılaşdıqları problemlərin həllində parlament diplomatiyasının əhəmiyyətindən danışıldı. Qeyd edildi ki, deputatlarımız beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir, ölkələrimizin maraqlarının müdafiəsində bir-birinə dəstək verirlər. Macarıstan və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadıqları da vurğulandı”.
Çıxışın sonunda Spiker xüsusilə qeyd edib ki, Macarıstanda keçirdiyi hər bir görüşdə belə bir fikir ana xətt kimi keçmişdir ki, Ermənistan Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamışdır: “Bu isə Qafqazda regional inkişafa və inteqrasiyaya böyük maneə törətmişdir. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmışdı. Nəhayət, ötən il Azərbaycan özü hərbi-siyasi imkanları hesabına bu qərarların icrasını təmin etmiş və ərazi bütövlüyünü bərpa etmişdir. Mən məlumat verdim ki, artıq azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və yenidənqurma işlərinə başlanmışdır. Təəssüf ki, Ermənistan azad edilmiş torpaqlarımızdaminalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Nəticədə Azərbaycan vətəndaşı olan hərbi qulluqçular və mülki şəxslər minaya düşərək həlak olur və ya yaralanırlar. Mən bir daha beynəlxalq ictimaiyyəti Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırdım. Bildirdim ki, Ermənistan müxtəlif təxribatlara əl atır, münaqişə başa çatdıqdan sonra Qarabağda saxlanılmış terrorçuları “hərbi əsirlər” kimi təqdim etməyə çalışır. Və qeyd etdim ki, hazırda Azərbaycan suveren hüququndan istifadə edərək, Ermənistanla sərhədlərin delimitasiyasını həyata keçirir.
Lakin Ermənistan bu məsələdə də qeyri-konstruktiv mövqe nümayiş etdirərək saxta məlumatlar yaymaqla dünya ictimaiyyətini aldatmağa çalışır. Bununla əlaqədar bildirdim ki, Azərbaycan heç bir maneəyə baxmayaraq 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinin tam icrasını təmin edəcəkdir.
Hörmətli həmkarlar, mənim məlumatım bu qədər. Mən nümayəndə heyətimizə öz minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun”.