5 İyul 2021 18:14
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

On beş nəfər erməni əsilli təxribatçı hərbi əsir 30 illik erməni işğalı və sonuncu Qarabağ müharibəsi dövründə Azərbaycanın Füzuli və Zəngilan rayonlarında basdırılmış azı 92 min minanın göstərildiyi xəritələrin müqabilində Azərbaycan tərəfindən azad edilib.

Teleqraf.com xəbər verir ki, jurnalist Şmuel Dan Elmas İsraildə çıxan nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc edilmiş “Mina sahələrinin xəritələri müqabilində Azərbaycan 15 erməni təxribatçını azad edib” sərlövhəli məqaləsində bu barədə yazıb.

Məqalə müəllifi qeyd edir ki, bu məsələdə rəsmi Moskva, konkret olaraq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general Rüstəm Muradov vasitəçilik edib.

Müəllif yazır: “Ermənilərin minaladığı sahələrin xəritəsini rusiyalı komandan özü Azərbaycan Müdafiə Nazirliyinə təqdim edib, digər tərəfdən, erməni əsilli 15 təxribatçı bilavasitə general Muradovun iştirakı ilə azad edilib və Yerevana aparılıb”.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir: “Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik. Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir”.

İsrailli jurnalist qeyd edir ki, təqribən 1 ay bundan əvvəl İkinci Qarabağ müharibəsi dövründə işğaldan azad edilmiş Kəlbəcər rayonunda iki azərbaycanlı jurnalist tank əleyhinə minaya düşərək həlak olmuşdu. Bu hadisədən sonra Rusiya tərəfi vasitəçilik edib.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözləri də sitat gətirilib. H.Hacıyevin məlumatında deyilir: “Ermənistandan Azərbaycana tərəf axan Oxçuçayın vəziyyəti ekoloji fəlakətə dəlalət edir. Ermənistanda mədənçıxarma sənayesinin fəaliyyəti ilə əlaqədar bu çayda kimyəvi zəhərlənmənin yüksək səviyyədə olması qeydə alınıb. Buna görə cavabdeh olan şirkətlər öz fəaliyyətini dayandırmalıdırlar”.

Məqalə müəllifi qeyd edir ki, Araz çayının sol qolu olan Oxçuçay mənbəyini Zəngəzur sıra dağlarının Qapıcıq dağından (3285 metr) götürür. Çayın çox hissəsi Ermənistanın Sünik vilayətindən keçir. Şmuel Dan Elmas vurğulayır: “Oxçuçayın su ehtiyatlarından əsasən suvarma məqsədləri üçün istifadə edilir. Lakin Ermənistan ərazisində sənaye tullantıları ilə daim güclü çirklənməyə məruz qalan transsərhəd çay olan Oxçuçay onun axarı boyunca yerləşən sənaye obyektləri üçün kollektor rolu oynayır və bu çayın su ehtiyatları Azərbaycan ərazisində istifadə üçün yararsız vəziyyətə düşür.

Oxçuçayın Cənubi Qafqazda ikinci ən böyük çay olan Araza töküldüyünü nəzərə alsaq, Oxçuçayın çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Kür çayının ən iri sağ qolu olan Araz da Ermənistanla transsərhəd çaydır. Lakin Arazda suyun keyfiyyətini nəzərə alsaq, bu sudan məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadə edilməsi son dərəcə mənfi nəticələrə gətirib çıxara bilər.

Məlumdur ki, mədənçıxarma və emal müəssisələrinin fəaliyyəti nəticəsində ağır metal duzlarının çox hissəsi ətraf mühitə düşür. Bu fakt belə güman etməyə əsas verir ki, Ermənistanın Sünik vilayətində Oxçuçayın mənbəyində yerləşən ən iri mədənçıxarma müəssisələrindən biri istehsal tullantılarını hər hansı şəkildə emal edilmədən bilavasitə çaya axıdır, bu isə ekoloji normalara ziddir”.

İsrailli jurnalistin fikrincə, Ermənistandakı Qacaran mis-molibden kombinatı və Qafan filizsaflaşdırma kombinatı tərəfindən çaya hədsiz çox miqdarda ağır metal tullantılarının axıdılması çayın faunasını məhv etməklə yanaşı insanların sağlamlığı üçün hədsiz təhlükəlidir.

Qəzet yazır: “Çirklənmiş sudan istifadə edilməsi mədə-bağırsaq traktının pozulmasından, böyrəklərdə və sümük iliyində destruktiv proseslərdən başlamış ürək-damar, əsəb və qanyaratma sistemlərinin pozuntularına qədər təhlükəli nəticələrə gətirib çıxara bilər.

Əvvəllər Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi nəticəsində yerli, o cümlədən Zəngilan rayonunun ərazisi ilə axan çayların azərbaycanlı ekoloqlar üçün əlçatanlığı təmin edilib. 2021-ci ilin yanvar-mart aylarında Oxçuçaydan götürülmüş su nümunələrinin analizinin nəticələri həmin suyun tərkibində mis, molibden, manqan, dəmir, sink və xrom kimi ağır metalların hədsiz çox olduğunu göstərib.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatına əsasən həmin suyun tərkibində mis-molibden birləşmələrinin miqdarı normadan 2 dəfə, dəmirin miqdarı 4 dəfə, nikelin miqdarı isə 7 dəfə yüksək olub”.

Məqalə müəllifi qeyd edir ki, Oxçuçayın suyunun rəngi vaxtaşırı dəyişərək gah ağ rəngdə, gah da sarı turşu rəngində olur. Jurnalist Şmuel Dan Elmas İsraildə çıxan nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “2021-ci ilin mart ayında Oxçuçayın suyunda dəmir, mis, nikel, molibden və digər ağır metalların çox olması nəticəsində alabalıq növünün kütləvi şəkildə qırılması qeydə alınıb”.


Müəllif: Səxavət

Oxşar xəbərlər