Mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişafı və daha da möhkəmləndirilməsi, mədəni əlaqələrin inkişafının sülhə və təhlükəsizliyə verdiyi töhfələr diqqət mərkəzində olub.
David Zalkaliani Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlamaqdan məmnun olduğunu bildirib. Nazir bildirib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlığın genişləndirilməsi Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir.
Anar Kərimov Azərbaycan dövlətinin qonşu və dost Gürcüstan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Beynəlxalq təşkilatlar çərçivəsində siyasi və iqtisadi, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.