7 İyul 2021 17:14
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Teleqraf.com-a müsahibə verib.

– Mirmahmud müəllim, bir müddət öncə koronavirusa yoluxmuşdunuz. Hazırda özünüzü necə hiss edirsiniz?

– Bərpa dövrü gedir. İşə çıxıram, amma az hallarda qərargaha baş çəkirəm, yəni tam işləmirəm. Allah bu xəstəliyi, bu bəlaları Yer üzündən qaldırsın inşallah. Bütün xəstələrə şəfa versin. Bu və digər xəstəliklərdən dünyasını dəyişənlərə də Allah rəhmət etsin. Həkimlərimizin də canı salamat olsun, Allah onların ömrünə bərəkət versin, işləri avand olsun. Görürsünüz ki, neçə həkimimiz bu xəstəliyə yoluxdu və dünyasını dəyişdi.

– Sizinlə may ayında söhbətimiz zamanı ailə üzvləriniz arasında da yoluxanların olduğunu bildirmişdiniz. İndi onların vəziyyəti necədir?

– Ailədə əvvəl 3, sonra 7 nəfər yoluxduq. Sonra qardaşımın ailə üzvləri xəstələndilər. Daha sonra digər qardaşımın ailə üzvləri, nəvələri və sair yoluxdular. Ümumilikdə 15 nəfər yoluxduq. Üçlə başladıq, 15 nəfər olduq. Şükür Allaha hamımız qurtulduq. Allah min şükür!

– Sərt karantin rejimi dövründə partiyanın işini necə qururdunuz?

– Camaat necə hərəkət edirdisə, biz də o cür edirdik. Atalar deyir, ellə gələn qara gün toy-bayramdır. Bütün dünyanın sarsıdan pandemiyadır. Burada qaydalar Operativ Qərargah tərəfindən necə müəyyənləşdisə, ona uyğun hərəkət etdik. Bu gün də eləyik. Canlı toplantılar olmayanda onlayn iclaslar keçirdik. Bu gün də imkan olmayanda skaypla, zoom proqramı ilə əlaqə saxlayırıq. Allah şükür indi iş bərpa olunub. Gündə bir neçə saat işdə oluram. Toplantılara qatılıram, xəstəlik dövründə ola bilmədim.

Partiyamızın da işi davam edir. Bu müddət ərzində, yəni mən xəstə olub işə çıxmadığın müddətdə 3 rayon şöbəmizin konfransı və konfrans səlahiyyətli yığıncaqları keçirilib. Qurultayımız yubanır, qurultayımızı keçirə bilməmişik.

– İyunun 15-də Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi ilə bağlı fikirlərinizi bilmək istərdik...

– Şuşa Bəyannaməsi bizim arzularımızın ifadəsidir. Hazırda bu bəyannaməni yerinə yetirmək lazımdır. Bu bəyannamədən irəli gələn vəzifələr, konkret addımlar atılmalıdır. Biz əvvəllər həm diplomatiyada, həm də digər sahələrdə itirdiyimiz mövqeləri qaytarmaq üçün bu addımları atmalıyıq. Bu məsələlərin üzərində dayanmıram, çünki bu haqda çox danışmışıq. Addımlar daha ciddi atılmalıdır ki, biz Zəngəzur dəhlizindən danışıb Laçın dəhlizində uduzmayaq. Ordumuzun əldə etdiklərini danışıqlar masasında, diplomatik sahədə də əldə saxlamalıyıq. Bu işlər belə olmalıdır.

– Bu gün Moskvada Nikol Paşinyanla Vladimir Putinin görüşü baş tutacaq. Bu görüşdən gözləntiniz nədən ibarətdir?

– Biz o görüşlərdən gözləntilərə köklənməli deyilik. Konkret elə addımlar atmalıyıq ki, 27 sentyabrdan 9 noyabrdək etdiklərimizi davam etdirə bilək. Dünya fikirləşsin, müzakirə etsin ki, biz hansı addımı atırıq, bu addımı atanda nə olur, onun ardınca nə baş verəcək, hansı siyasət olacaq. Biz öz işimizi görməliyik və gözləməməliyik ki, Kremldən nələrsə olacaq. Putin Rusiya ermənilərinin 2003-cü ildə Moskvada keçirilən qurultayında öz mövqeyini ortaya qoyub. O, dünyanın “Dəli Pyotr” adlandırdığı Birinci Pyotru “velikiy refermator – böyük islahatçı” adlandırıb və deyib ki, o, erməniləri bizə tapşırdı. Üstündən də çox keçməyib – cəmi 300 il. Bu məsələ belədir. Üstündən ermənicə “salam” deyir və alqışlar qazanır. Bu, Putinin Qafqaza, ermənilərə, Pyotra müstəmləkə siyasətinin davam etdirilməsi kimi konkret və açıq, net münasibidir. Bundan nə gözləmək olar ki, orda nə olacaq, nə olmayacaq? Bizim xeyrimizə ordan heç nə gözləməyin, heç nə də gözləmək lazım deyil. Heç gözləntimiz də olmalı deyil. Biz işlərimizi elə qurmalıyıq ki, düşmənlər, düşmənlərin havadarları gözləsinlər ki, görəsən bizim növbəti addımlarımız nə ola bilər.

– Yəni Putinin mövqeyinin küll olaraq götürdükdə ermənilərdən yana olduğu fikrindəsiniz?..

– Bu təkcə Putinin mövqeyi deyil ki... Bu, Kremlin mövqeyidir. Orada kim hakimiyyətə gəlsə, rusun bizə münasibəti budur. Çar Rusiyası dövründə də, Sovet Rusiyası dövründə də belə olub, bu gün Rusiya dövründə də belədir. O da çar Rusiyasının bayrağını, emblemini bütövlükdə qəbul edib. Həm də sovet Rusiyasının – SSRİ-nin varisi iddiasındadır. Ona görə də Putin olmayacaq, Medvedyev olacaq, Medvedyev olmayacaq, Aleksandrov olacaq. O çar gedib bu çar gələcək. Mirası da dəyişməyib. Biz bunun fərqində olmalıyıq.

– SSRİ-nin himni də Putinin hakimiyyətə gəldiyi 2000-ci ildə yeni mətn dəyişikliyi ilə Rusiyanın dövlət himninə çevrildi...

– Təkcə o deyil ki... Bu da əlamətlərdən biridir. Həm də imperalizm siyasətinin davamçısıdır, o, hegemondur, söz sahibidir. Pyotrun dövründə də, Pyotrdan əvvəl və sonra da belə olub. Türkiyədə və dünyada onu çox doğru olaraq “Dəli Pyotr” adlandırırlar. Onun vəsiyyətlərinin əsasında Rusiya bütün xarici siyasətini və çar Rusiyası zamanında işğal etdiyi torpaqların əldə saxlanılmasını təmin edir, davam etdirir.

– Mirmahmud müəllim, Əfqanıstandan ABŞ və koalisiya qoşunlarının çıxmasından sonra regional təhlükəsizlik nöqteyi-nəzərindən nələr gözləmək olar? Nəzərə alaq ki, Əfqanıstan Azərbaycandan çox da uzaqda yerləşmir və bizə dost ölkə və xalqdır...

– Səxavət bəy, biz istənilən məsələlərdən danışa bilərik, amma biz bunlardan danışmalı deyilik. Biz birinci özümüzü, Azərbaycanımızı, ölkəmizin problemləri barədə söhbət aparmalıyıq. Əfqanıstandan da danışmaq olar, amma bizim Azərbaycanla və onun problemləri ilə bağlı vahid baxışımız olmalıdır. Bunu müxalifət də, iqtidar da, media da nəzərə almalıdır və bundan danışmalıyıq. Ordakı məsələləri qoyun politoloqlar, təhlilçilər desinlər, sinələrini irəli versinlər, çeşidli sözlər tapsınlar. Orada baş verənlərin bizə aidiyyəti var, amma az aidiyyəti var. Bizə daha çox aidiyyəti olan Kəlbəcərdir, Laçındır, Ağdamdır. Bu günlərdə və ondan qabaq Ermənistana təhvil verilən terrorçulardır. Onlar verilərkən alınan minalanmış ərazilərin xəritəsidir. Burada uduzmamalıyıq. 44 günlük Vətən müharibəsində əldə etdiklərimizi həm ümummilli birlik, həm dövlət mövqeyindən çıxış etməyi davam etdirməkdən ötrü hakimiyyət əlindən gələni etməlidir ki, siyasətçisi də, çobanı da, akademiki də Vətən və dövlət naminə bir arada olsun. Təşəkkür edirəm.

– Mən təşəkkür edirəm.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər