Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirk:
- Eldar müəllim, tarixi Qələbədən sonra ölkəmizin nüfuzu nəinki regionda, bütün dünyada daha da artdı. Hazırkı dönəmdə Azərbaycanın regional və qlobal müstəvidəki rolunu necə dəyərləndirirsiniz?
- Bu gün qalib Azərbaycan regional və qlobal müstəvidə öz mövqelərini daha da gücləndirir. Ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra bölgədə sülhə, sabitliyə töhvə vermək üçün mühüm addımlar atır. Azərbaycanın regional müstəvidə oynadığı rol bölgə xalqlarının inkişafına, tərəqqisinə xidmət edir. Cənab Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan Ordusunun bir qrup hərbçisi ilə görüşündə də bu məsələlərlə bağlı mühüm mesajlarını çatdırdı. Sözsüz ki, bölgədə dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün güclü ordu və sarsılmaz iradənin olması bacib şərtdir. 1918-ci ildən öz tarixi missiyasına başlayan müzəffər Azərbaycan Ordusu tarixin bir sıra sınaqlarından keçməli olub. Xalq Cumhuriyyəti dövründə əsası qoyulan milli Ordumuz hər zaman dövlətçiliyin və milli təhlükəsizliyin keşiyində dayanmağı özünün ali məqsədi hesab edib. Xalq Cumhuriyyəti dövründə yaranmış milli Ordumuzun varisi bugünkü qalib Azərbaycan Silahlı Qüvvələridir. Bu baxımdan Silahlı Qüvvələr Gününü xalqımız hər zaman böyük təntənə ilə qeyd edib. Qalib Azərbaycan Ordusunun yaranma tarixini hər bir vətəndaşımız böyük qürur və əzmlə qeyd edir. Bölgədə söz sahibi olan Azərbaycan Cənubi Qafqazda terrora, separatizmə sarsıdıcı zərbə vuraraq öz ərazi bütövlüyünü təmin edib. Məhz bu tarixi Qələbədən sonra ölkəmiz regional əməkdaşlıq üçün yeni imkanlar açıb. Bu imkanlar sözsüz ki, qloblal müstəvidə əməkdaşlıq ələqələri üçün də bir əsas yaradıb. Azərbaycanın Zəngəzur dəhlizini bərpa edəcəyi təqdirdə İpək yolu ilə tarixi ticarət və əməkdaşlıq yollarının bərpası mühüm imkanlar açacaq. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada aparıcı bir mövqeyə sahibdir.
- Ali Baş Komandanın yeni ordu quruculuğu ilə bağlı mesajlarını necə şərh etmək olar?
- Cənab Prezident “Gülüstan” sarayında bir sıra mühüm mesajlar verdi. Sözsüz ki, qalib orduda da islahatların aparılması, yenilənmələrin olması mümkündür. Bu gün ən müasir silahlarla və hərbi texnika ilə təmin olunmuş Azərbaycan Ordusu öz tarixi missiyasını uğurla icra edib. Amma yenilənmə və dövrün ən son hərbi texnologiyalarına sahib olmaq üçün hər zaman ardıcıl islahatlar aparılır. Bu işlər Azərbaycan Ordusunda sistemli və proqram xarakterli icra olunur. Azərbaycan Ordusu bu gün özünü eyni zamanda daxili sənayə sayəsində də mühüm hərbi texniki vasitələrlə təmin edir. Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi zəruri hərbi texnikalar və vasitələr Azərbaycan Ordusunun hərbi təminatında mühüm rol oynayır. Çünki düclü dövlətin güclü iqtisadiyyatı və güclü ordusu olmalıdır.
- Azərbaycanda Ordu quruculuğu Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu baxımdan müasir və qalib Azərbaycan Ordusunun keçdiyi tarixi yolu necə qiymətləndirmək olar?
- İmperiya dövründə azərbaycanlıları daha çox tikinti və texniki batalyonlara göndərirdilər. Hələ çar Rusiyası dövründə də bu belə olub. Bəzi hallarda özümüzdə də belə hallara yol verənlər olurdu. Kimlərsə övladlarının döyüş birləşmələrində xidmət etməməsi üçün müxtəlif üsullardan istifadə edirdilər. Bu da sözsüz ki, hərbi biliklərə yiyələnmə, silahlardan istifadə, bacarıq və vərdişlərin olmamasına gətirib çıxarırdı. Amma buna baxmayaraq ermənilər və digər xalqlar öz övladlarının daha çox döyüş qabiliyyətli hərbi birliklərdə xidmət etməsində maraqlı olurdular. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı hər zaman öz qəhrəmanlıqları, döyüş və mübarizə ruhu ilə seçilib. Həzi Aslanov, Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov kimi tanınmış hərbi sərkərdələrimiz olub. Bu da sözsüz ki, xalqımızın döyüş ruhuna və mübarizliyinə söykənən bir amil idi. Məhz Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə azərbaycanlı gənclərin imperiyanın ayrı-ayrı yerlərində hərbi və digər ali məktəblərdə təhsil alması təmin edildi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin və Ali Hərbi Birləşmiş Komandirlər məktəbinin açılması bunun bariz nümunəsidir.
- İmperiya dövründə niyə azərbaycanlılar aktiv hərbi birləşmələrdə xidmətdən uzaqlaşdırılırdı?
- Bu cür faktlar vardı. Amma başqa məqamların olması da mümkün idi. Çünki azərbaycanlıların döyüşkənliyi, cəsurluğu ilə bağlı hər kəsdə fikir vardı. Bu amillər müəyyən dərəcədə bizim gənclərin aktiv döyüş bölmələrində xidmət keçməsinə bu və ya digər dəracədə təsirsiz ötüşmürdü. Səbəbi də bəlli idi, ölkəmizin ordu quruculuğunda yaxşı inkişaf etməsini əngəlləmək. Amma bütün bunlara baxmayaraq bugünkü Azərbaycan Ordusu öz tarixi keçmişi, minilliklərdən gələn qəhrəmanlıq və döyüş qabiliyyətini özündə cəmləşdirib. Azərbaycana öz milli Ordusunu formalaşdırmaq üçün maneələr yaradılsa da, xalqımız öz milli dövlətçiliyininin təhlükəsizliyini təmin etmək məqəsdilə güclü ordu yaratmaq prinsipindən uzaq düşməyib. Bunun nəticəsi olaraq hazırda Azərbaycan Ordusu Cənubi Qafqazın qalib və müzəffər ordusu statusuna yüksəlib.
- Dövlət başçısının sülh çağırışlarına qarşı tərəf bu dəfə hansı şəkildə cavab verəcək?
- Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlib. Amma buna baxmayaraq, növbəti dəfə sülhə və sabitliyə töhvə vermək əzmini nümayiş etdirir. Dövlət rəhbərinin dilindən səslənən sülh çağırışları bütövlükdə region üçün vacib məsələdir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bundan sonra əsas prinsipial məsələlər bölgədə sülhə və əməkdaşlığa töhvə verməkdən ibarət olmalıdır. Çünki Cənubi Qafqazda sülhün və daimi sabitliyin olması üçün qarşılıqlı münasibətlərin yaranması başlıca faktordur. Bu günlərdə Azərbaycan tərəfinin bir qrup erməni hərbçini öz ölkələrinə təhvil verməsi də hümanizmə, sülhə və beynəlxalq dəyərlərə olan mühüm töhvə hesab olunur. Baxmayaraq ki, Ermənistan vaxtilə azərbaycanlı hərbi və mülki əsirlərə qarşı qeyri-insani formada davranıb və onların uzun müddətdə qanunsuz şəkildə həbsdə qalmasına imkan yaradıb. Amma bunun əksinə Azərbaycan dövləti hümanizm və insani dəyərləri hər zaman əsas tutub və ona sadiq olub. Atılan addımlar, edilən təşəbbüslər də bunun bariz nümunəsidir. 44 günlük Vətən müharibəsindən öncə də 30 ilə yaxın bir dövrdə Azərbaycan sülh danışıqlarına sadiq olub. Amma uzun 10 illiklər müddətində sülh istiqamətində atılan addımlar Ermənistanın qeyri-konstruktiv yanaşması ucbatından heç bir nəticə verməyib. Nəticədə Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyünü öz gücü hesabına təmin etdi. Dünya birliyi də Azərbaycanın tarixi ərazilərinin bərpa etmək istiqamətində atdığı addımları dərk edib. Bu gün isə yeni bir reallıqdır. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bunun fornunda isə dövlətimiz özünün tarixi missiyasından yəni sülhə sadiqlik kimi bəşəri dəyərlərdən uzaq düşməyib. Cənab Prezident tərəfindən edilən sülh çağırışları da məhz bunun bariz nümunəsi hesab olunur.
- Ermənistanda da seçkidən sonra yeni reallıq yaranıb. Artıq ermənilər də vaxtilə işğal etdikləri ərazilərin onların olmadığını etiraf edirlər. Sizcə bu cür etiraflar hansı zərurətdən irəli gəlir?
- 44 günlük müharibədən sonra Ermənistan acı məğlubiyyət fonunda çıxılmaz duruma düşdü. İşğalçı ölkədə xaos yarandı. Ayrı-ayrı qüvvələr Nikol Paşinyanı məhz müharibədəki acı və biabırçı məğlubiyyətdə günahlandıraraq onun hakimiyyətdən uzaqlaşdırılmasını tələb etdi. Beləliklə, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar verildi. Seçki mübarizəsinə qatılmış qüvvələrin də gündəmində əsas olaraq 44 günlük müharibədəki məğlubiyyətin və onun yaratmış olduğu reallıq idi. Seçkiyə qatılan tərəflər bir-birini açıq şəkildə xəyanətdə, ölkələrini məğlub duruma salmaqda ittiham edirdi. Amma bu seçkinin nəticəsində müharibədə məğlub olmasına baxmayaraq N.Paşinyan qalib oldu. Bu fakt isə artıq erməni xalqının müharibədən bezdiyini, “Qarabağ” klanına heç bir rəğbətin olmadığını bir daha üzə çıxarmış oldu. Seçkinin nəticəsi məhz revanşistlər üçün də acınacaqlı oldu. Erməni cəmiyyəti onlara da "yox" deməklə reallığa səs verdi. Bu baxımdan sabiq Ermənistan prezidenti S.Sərkisyanın indiki reallıqda öz cinayətlərini etiraf etməsi heç də təəccüblü görünmür. Çünki bu tip canilər gec-tez öz cinayətlərini, Azərbaycan xalqına qarşı hansı qanlı terror hərəkətlərini etdiklərinə görə cavab vərəcəklərini bilirlər. Zaman-zaman Ermənistanın özündən belə etirafların eşdilməsi bundan sonra da mümkün olacaq. Zamanında Ermənistan prezidenti olan Levon Ter-Petrosyan da belə etirafları ilə yadda qalmışdı. O da bir qədər də irəli gedərək Azərbaycanla razılığa gəlmək üçün Ermənistanın əlində olan imkanlardan yararlanmağı təklif etmişdi. Sözsüz ki, o dövr ona bu fikirləri baha başa gəldi və hakimiyyətdən uzaqlaşdırıldı. Sonrakı dövrlərin hadisələri də göstərdi ki, bir çox hallarda ermənilərin özlərinin reallığa yaxın fikirləri düşdükləri durumun acı nəticələri ilə barışmaq məcburiyyətindən iraəli gəlir. Tarixi Lissabon Sammitində Ermənistan beynəlxalq və hüquqi müstəvidə işğalçı dövlət kimi tanındı. Dünya birliyi Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanımalı oldu. Bu günlərdə N.Paşinyan da etiraf edib ki, Ermənistanın 44 günlük müharibədəki məğlubiyyətin əsası məhz Lissabon samitinində qoyulub. Ermənistanda son seçkilərdə digər bir reallıq onu göstərdi ki, bu ölkədə artıq “Qarabağ” klanına heç bir dəstək mövcud deyil. Azərbaycanlı deputat qrupu ilə beynəlxalq tədbir proqramı çərçivəsində Ermənistanda olanda da hiss etmişdim ki, ölkə daxilində “Qarabağ” ermənilərinə qarşı mənfi bir münasibət var.
- Bu yaxınlarda İtaliyada səfərdə oldunuz. Azərbaycan-İtaliya əlaqələri yüksək səviyyədə inkişaf edir. İki ölkə arasındakı vəziyyəti necə necə analiz etmək olar?
- Milli Məclisin Spikeri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İtaliyada səmərəli görüşlər keçirdi. Görüşlərdə Azərbaycan-İtaliya əlaqələrinin inkişafı xüsusi olaraq vurğulandı. Qeyd edildi ki, İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verib. İtaliyanlar da öz növbəsində ölkələrimiz arasındakı əlaqələrə xüsusi önəm verdiklərini, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğuladılar. Həmçinin İtaliyada səfərdə olarkən orada məndən soruşdular ki, necə olur ki, sizin yüz əsgəriniz mindən artıq erməni əsgərini qovur? Cavab verdim ki, bizim əsgər öz torpağı, vətəni üçün döyüşə girib. Sözsüz ki, İtaliyanlar da gözəl bilir ki, Azərbaycan əsgəri öz torpağı, vətəni üçün mübarizə aparır. Keçirdiyimiz görüşlərdə də Azərbaycanın ərazi bütövlüyü üçün edilən mübarizənin əhəmiyyəti barədə geniş məlumatları Avropalı dostlarımızın diqqətinə çatdırdıq. İtaliya ilə Azərbaycan əlaqələri hər zaman yüksək səviyyədə inkişaf edib. Ölkələr arasında iqtisadi, siyasi, mədəni ələqələr daima yaxşı olub. İtalyanlar da bizi Vətən müharibəsində qazandığmız tarixi Qələbə münasibəti ilə təbrik etdilər. Onlar da bildirdi ki, siz öz torpaqlarınızı erməni işğalından azad etmisiniz. Hər bir dövlətin digər ölkələrlə münasibətlərdə özünün yanaşması var. Azərbaycanın hazırda dünyanın 80-ə yaxın dövləti ilə qarşılıqlı əlaqəsi mövcuddur. Parlamentlər arasında da ələqələrin inkişafı üçün mühüm təşəbbüslər mövcuddur. Atılan addımlar əlaqələrin genişlənməsi üçün yeni imkanlar açır. Azərbaycanla əlaqələrin inkişafı İtaliya üçün də prioritet təşkil edir. Bu yaxınlarda Azərbaycan parlamentinin rəhbərliyi Macarıstanda, Pakistanda da səfərdə olub. Sözsüz ki, qanunverici orqan təmsilçilərinin bu səfərləri olduqca əhəmiyyətlidir. Çünki əlaqələrin inkişafı üçün atılan hər bir addım qarşlıqlı maraqlara əsaslanır. Azərbaycan hər bir dövlətlə əməkdaşlığa hazırdır. Ölkəmiz öz milli maraqları və dövlətçilik mənafeyinin təminatı, qorunması müstəvisində digər dövlətlərlə qaşılıqlı əməkdaşlığa böyük önəm verir. Bu əlaqələr isə iqtisadi, siyasi, beynəlxalq müstəvidə bir-birinin maraqlarının qorunması və müdafiəsi fonunda çox önəmlidir.
- Qardaş Türkiyəyə də Azərbaycan parlament nümayəndə heyətinin səfəri oldu, görüşlər keçirildi...
- Bu gün Azərbaycanla qardaş Türkiyə arasında parlamentlərarası dostluq qrupunun 65 deputat üzvü var. Burada heç bir məhdudiyyət yoxdur. Hansı deputat istəyirsə, dostluq qruplarında təmsil oluna bilir. Qardaş Türkiyəyə parlament nümayəndə heyətinin üzvlərinin səfəri çox böyük ruh yüksəkliyi, mənəvi bağlılıq fonunda keçdi. Azərbaycanla Türkiyə arasında parlamentlər arası dostluq qrupu təbii ki, qardaşlıq qrupudur. Qardaş-qardaşın evinə getmişdi. Qardaş Türkiyə dövlətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla görüşümüz oldu. Türkiyə Böyük Millət Məclsinin 4 komitə sədri və parlamentin sədri ilə də görüşlərmiz oldu. Eyni zamanda qardaş ölkənin 5 ayrı-ayrı naziri ilə və bir neçə bələdiyyə sədrləri ilə önəmli görüşləmriz keçirildi. Önəmli görüşümüz sözsüz ki, cənab Rəcəb Tayyib Ərdoğanla oldu. Görüşümüz çox səmimi şəkildə keçdi. Türkiyənin Xarici işlər naziri cənab Mövlud Çavuşoğlu ilə də yüksək səviyyəli görüşümüzdə bir sıra məsələlər ətrafında iki qardaş ölkə təmsilçisi kimi müzakirələr, söhbətlər apardıq. Parlament nümayəndə heyəti olaraq Türkiyənin bir sıra sektorları ilə görüşlərimiz mühüm məsələlərin müzakirəsi, dostluq, qardaşlıq ələqələrinin səviyyəsinin bütün dünya üçün bir nümunə olduğu vurğulandı. Bu gün Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı nəinki Azərbaycanda, bütün Türkiyədə bir deyimə, devizə çevrilib. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələri bütün sahələrin daha sıx möhkəmlənmisəndə mühüm amil hesab olunur. İşğaldan azad olunan ərazilərimizdə qardaş Türkiyənin iştirakı mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, azad edilmiş torpaqlarda qardaş ölkəni təmsil edən şirkətlərin təmsilçiləri layihələrin icrasına mühüm töhvə verir. Zəngəzur dəhlizinin açılması fonunda Türk dünyası ilə əlaqələrin inkişafı və qarşılıqlı münasibətlərin daha sıx formada inkişafı mühüm rol oynayacaq. Qarabağ münaqişəsinin həllindən sonra bölgədə yeni bir reallıq fonunda bölgə xalqlarının və dövlətlərinin inkişafı üçün mühüm situasiya formalaşıb.
Artıq Azərbaycan üçün yeni bir dövr başlayıb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun inkişaf etmiş bir dövləti kimi bölgədə mövcud inkişafa, əlaqələrin formalaşmasına mühüm töhvələr verir. Dövlətimiz yeni əsrdə yeni bir inkişaf konsepsiyası təqdim edir. Bütün bunlar isə Azərbaycanın regional və qlobal miqyasda önəminə, əhəmiyyətinə diqqət çəkir. Məhz bu reallıqlar dövlətimizin gələcəyinin daha işıqlı və parlaq olacağına əminlik yaradır.