Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb
Onunla müsahibəni təqdim edirik.
- Hicran xanım, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni bir reallıq yaranıb. Ölkəmizin hərbi zəfərinin ardınca siyasi müstəvidə də uğurları davam edir. Son olaraq minalanmış ərazilərin xəritəsinin alınmasını Azərbaycanın növbəti diplomatik uğuru hesab edilə bilərmi?
- Əlbəttə, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin şanlı qələbə ilə başa çatması regionda yeni reallıqlar yaratdı. Azərbaycan təkcə döyüş meydanında deyil, həm də siyasi, diplomatik müstəvidə də gərgin mübarizə apardı. Artıq biz bu mübarizənin real nəticələrini müşahidə edirik. Onlardan biri də minalanmış ərazilərin xəritələrinin alınmasıdır. İyunun 12-i Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri və iyulun 3-də Ermənistan işğal zamanı Füzuli və Zəngilan rayonlarında basdırılmış tank və piyada əleyhinə təqribən 92 min minanın xəritələrini Azərbaycana verdi. Ağdam rayonundan sonra Füzuli və Zəngilanda minalanmış ərazilərin xəritələrinin alınması Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin və diplomatiyamızın növbəti uğuru kimi dəyərləndirilməlidir.
- Minalanmış ərazilərinin xəritəsinin təqdim olunması Ermənistanı növbəti dəfə fakt qarşısında qoyub...
- Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın işğaldan azad olunmuş ərazilərdə basdırdıqları minaların xəritələrinin verilməsi ilə bağlı məsələ qaldırır. Lakin hər dəfə də qarşı tərəf bundan imtina edir, belə xəritələrin onlarda olmadığını bildirir, digər bəhanələr gətirirdi. Lakin onlar özlərini ifşa etdilər. Belə faktlar kifayət qədərdir. Məsələn, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Yeğvard şəhərində seçkiqabağı təbliğat kampaniyası çərçivəsində öz seçiciləri ilə görüşdə Azərbaycana təqdim olunmuş mina xəritəsinin əllərində olan xəritələrin kiçik bir hissəsi olduğunu rəsmi olaraq bəyan etmişdi. Eyni zamanda iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Təkcə bu iki fakt kifayət edir ki, Azərbaycanın davamlı olaraq beynəlxalq təşkilatlara ifadə etdiyi narahatlığın nə dərəcədə əsaslı və haqlı olduğunu bir daha sübut etsin. Ermənistan həmişəki kimi beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozur.
- Ermənistanı insanlığa qarşı hərbi cinayətlərinə görə beynəlxalq hüquqda hansı cəzalar gözləyir?
- Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla və minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırmaqla beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini pozur. Eyni zamanda 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir. 1999-cu ildə “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiya qüvvəyə minib. BMT-nin qəbul etdiyi bu konvensiyaya görə münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizləyəcəkləri sahələrin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Qəbul edilmiş bu konvensiya dinc əhalinin təhlükəsizliyi məqsədi daşıyır.
Lakin biz yaxşı bilirik ki, Ermənistanın məsuliyyətsiz və cinayətkar davranışı onlarla günahsız insanların həlak olmasına və ya sağlamlıqlarını itirməsinə səbəb olub. İnsanların həyat və sağlamlığını qorumaq və insan hüquqlarının pozulmasının qarşısını almaq üçün işğaldan azad edilmiş bütün rayonların da mina xəritələri verilməlidir.
- Dünya praktikadında buna oxşar hallar hansı dövrlərdə müşahidə olunub?
- Əgər biz ayrı-ayrı təcrübələri nəzərdən keçirsək, görərik ki, müharibə bitdikdən sonra bir sıra məsələlər, o cümlədən minlanmış ərazilərin xəritələrinin verilməsi də müzakirə olunur. Tərəflər həmin xəritələri təqdim edirlər. Lakin Ermənistan hətta ləyaqətlə müharibə apara bilmir.
İmza atdığı sənədləri, götürdüyü öhdəlikləri yerinə yetirməyə tələsmir, bəhanələr gətirir. Müharibədən sonra erməni diasporu, Ermənistanın havadarları real vəziyyətlə barışmaq, haqsız olduqlarını qəbul edib, bundan sonra daha doğru yaşamağa çalışmaq əvəzinə, hələ də revanşist fikirlər, ideyalar irəli sürür, bölgədə sülh və təhlükəsizliyin deyil, qarışıqlığın yaranmasına çalışırlar. Ancaq əlbəttə ki, Azərbaycanın apardığı siyasət və regionda artan nüfuzu onların “fikirlərini” məhv edir və edəcək.
- Azərabaycan ərazilərinin bu dərəcədə sıx formada minalanması erməni vandalizminin, insanlığa qarşı hərbi cinayətlərin açıq nümunəsi sayıla bilərmi?
- Əfsuslar olsun ki, biz hər addımda erməni vandalizminin şahidi oluruq. Qarabağ Azərbaycanın ən zəngin diyarlarından biridir. 30 ilə yaxın işğal zamanı erməni işğalçıları bizim yeraltı, yerüstü sərvətlərimizi talan edib, mədəni-tarixi-mənəvi abidələrimizi dağıdıb, meşələrimizi məhv edib, çaylarımızı, bulaqlarımızı zərərli tullantılarla çirkləndiriblər. Bir sözlə, təkcə humanitar deyil, həm də ekoloji terror törədiblər. Transsərhəd çay olan Oxçuçayın Ermənistan ərazisindən kəskin və davamlı şəkildə çirklənməyə məruz qalması buna əyani misaldır. Bununla bağlı Azərbaycan hökuməti eləcə də qeyri-hökumət təşkilatları müvfiq müraciət ünvanlayıb, çağırışlar ediblər. Lakin problem hələ də qalır.
- Minalı ərazilərin xəritələrin alınması hansı iqtisadi əhəmiyyətə malikdir?
- İşğaldan azad olunmuş ərazilərimizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə vacib infrastrukturun yaradılması və bərpa işləri üzrə mühüm addımlar atılır. Strateji əhəmiyyət kəsb edən layihələr reallaşdırılır. Əlbəttə ki, minalanmış ərazilərin xəritələrinin alınması ilə işğaldan azad edilmiş ərazilərimizdə bu işlərin daha intensiv şəkildə aparılmasına səbəb olaaq. Bu isə, bütövlükdə Böyük Qayıdış prosesini, yüz minlərlə həmvətənlərimizin öz doğma yurdlarına qayıtmasını bir qədər də sürətləndirəcək. Digər tərəfdən, məlumdur ki, Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzulidə reallaşdırılır. Füzuli rayonunun strateji əhəmiyyətini, bölgədə bütün yol-nəqliyyat infrastrukturu da bu ərazidən keçəçəkdir. Bunları nəzərə almaqla demək olar ki, minalanmış ərazilərin xəritələrinin alınması mühüm əhəmiyyət kəsb edir.
- İqtisadi əhəmiyyət demişkən, bu günlərdə cənab Prezident İlham Əliyev Azərbaycanda iqtisadi rayonlarının yeni bölgüsü haqqında fərman imzaladı. Bu fərmanın tarixi və iqtisadi əhəmiyyətini necə izah etmək olar?
- Cənab Prezident İlham Əliyevin bu fərmanı xüsusi strateji əhəmiyyət kəsb edir. Bu sənəd həm tarixi, həm siyasi, həm də iqtisadi cəhətdən bir çox məsələləri özündə əks etdirir. Bilirsiniz ki, ölkə başçısı bu ilin əvvəlində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında Sərəncam imzalayıb. Azərbaycan gündən-günə inkişaf edir. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, əldə olunan siyasi nailiyyətlər, erməni işğalına son qoyularaq ərazi bütövlüyümüzün təmin olunması, milli və multikultural dəyərlərin təbliği və inkişafı qarşıdakı illərdə Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsi ehtimalını daha da gücləndirir. Biz bir dövlət olaraq növbəti onillikdə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyata malik olmalıyıq. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət qurmalıyıq. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı yaratmalıyıq. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışı təmin etməliyik. Və nəhayət, təmiz ətraf mühit formalaşdırmalı və “yaşıl artım” ölkəsinə çevrilməliyik.
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin abadlaşdırılmış, fərq aradan qaldırılmış, rayonların iqtisadi potensialı artmış, sosial və digər infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti yüksəldilib. Biznes və investisiya mühiti yaxşılaşmış, kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şərait yaradılıb. Bütün bunlar isə əhalinin rifah halına da müsbət təsir göstərib. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.
- Yeni yaranmış iqtisadi rayonlar strateji baxımdan siyasi və milli təhlükəsizlik üçün hansı zəruri prinsipləri özündə ehtiva edir?
- Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir. Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir. İndi isə məsələnin siyasi və milli təhlükəsizlik tərəfinə baxaq. Fərmana görə, Xankəndi şəhəri Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları ilə birgə yenidən Qarabağ iqtisadi rayonuna daxil edilib. Yəni keçmiş DQMV bütünlüklə azərbaycanlı əhalinin çoxluqda olacağı daha böyük iqtisadi zonaya daxil edilib. Birinci Qarabağın özü bütöv bir iqtisadi-siyasi anlayış olaraq gündəmə gəlir. İkincisi, gələcəkdə hər hansı separatçı və revanşist fikirlərin birdəfəlik qarşısı alınır.Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu fərmanı erməni cəmiyyətində, xüsusən də revanşist-radikal erməni çevrələrində ciddi narahatlıq yaradıb. Digər mühüm məsələ isə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasıdır. Bu, həm də Azərbaycan xalqının gələcəkdə Qərbi Zəngəzura qayıdışı deməkdir. Azərbaycan öz tarixi torpaqlarını dirçəltmək, inkişaf etdirmək niyyətindədir. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün münbit şərait yaradır. Ermənistan və ya digər revanşist-radikal qüvvələr sülh yolunu seçməyə məhkumdur. Bir sözlə, cənab İlham Əliyevin sərəncam və fərmanları strateji mahiyyətli, konseptual xarakter daşıyır. Bu sənədlərin əsas məqsədi Azərbaycanın gələcəyini təmin etmək, onu bir dövlət kimi daha da gücləndirməkdir.