12 İyul 2021 20:27
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Səməd Seyidov xanım səfirin bu günlərdə diplomatik korpusun nümayəndələri ilə Füzuli və Şuşaya səfərini yüksək qiymətləndirib. Cari ilin iyunun 18-də Milli Məclisdə Niderland parlamenti tərəfindən Azərbaycana qarşı qərəzli və birtərəfli qaydada qəbul edilən qətnamələrin kontekstində Azərbaycan-Niderland ikitərəfli münasibətlərinin müzakirə olunması barədə məlumat verib.

Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev isə diqqətə çatdırıb ki, Niderland parlamenti Milli Məclisin bu məsələ ilə bağlı müraciətlərinə, dialoq təkliflərinə heç bir reaksiya verməyib və hər hansı bir fikir mübadiləsindən yayınıb.

Pauline Eizema Niderland parlamentinin Milli Məclisin məktub və müraciətlərinə cavab verməməsini və birtərəfli qərarların qəbulunu Niderland cəmiyyətinin erməni diasporunun məlumat selinə məruz qalması ilə əlaqələndirib. O, səfir kimi bölgədə gedən prosesləri hökumətinə olduğu kimi çatdırdığını, bu məsələlərdə parlamentdən fərqli olaraq Niderland hökumətinin balanslaşdırılmış yanaşma sərgilədiyini qeyd edib.

Sonra görüşdə Azərbaycanla Niderland arasında parlamentlərarası əməkdaşlığın gələcəyi və digər məsələlər müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər