13 İyul 2021 20:42
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orta Asiya, xüsusilə Əfqanıstanla sərhəd olan keçmiş MDB ölkələri Rusiyanın qarın boşluğu hesab olunur. Yəni bura ən yumşaq yerdir. Aydındır ki, Rusiya da Əfqanıstanda baş verən proseslər fonunda öz zəif yeri haqqında düşünür, narahatlığını göstərir. Hələ sovet vaxtında bu nəzərə alınırdı. İndi isə Taliban faktiki bu sərhədlərə yaxınlaşıb. Düzdür, Moskvaya Taliban hərəkatının nümayəndələri gəlib, danışıqlar aparılıb, hətta söz veriblər ki, Orta Asiyaya keçmək fikrində deyillər. Ancaq nəzərə almaq lazımdır ki, Taliban böyük hərakatdır, orada müxtəlif qruplar var. Yəni biri bunu deyir, amma başqa qruplar sərhədi keçə bilər.

Bunu Teleqraf.com-a professor Əli Abbasov Əfqanıstanda baş verən proseslər fonunda Rusiyanın üzləşə biləcəyi təhlükələr haqqında danışarkən deyib.

O xatırladıb ki, Əfqanıstan etnik baxımından tərkibinə görə də zəngindir:

“Orada özbəklər, taciklər, türkmənlər var. Yəni kimi istəsən var və olar da öz oyununu oynayır. Taciklər o zaman islamçılarla bir dövlət yaradıblar. İndi də etniklərin, silahlı qüvvələrinin çoxu Taliban tərəfə keçə bilər. Faktiki orada vəziyyət olduqca gərgindir. Ruslar anlayırlar ki, Orta Asiyaya hücum olacaqsa, bu, ilk növbədə Moskva üçün təhlükəlidir. Bu halda Əfqanıstanın şimali, Rusiyanın isə cənubunda böyük konflikt meydanı ortaya çıxacaq. Rusları narahat edən bu məqamdır”.

Professor tarixə istinad edərək bildirib ki, Əfqanıstana ilk olaraq XIX əsrdə ingilislər gedib:

“Ancaq sonra da İngiltərə vuruşa-vuruşa oranı tərk edib. Ötən əsrdə isə ruslar Əfqanıstana getdi, bir müddət qaldı və sonradan çıxdı. Nəhayətdə XXI əsrdə Amerika Əfqanıstana daxil oldu və 20 ildən sonra oranı tərk etməli oldu. Əslində bu üç dövlətin heç biri Əfqanıstandan könüllü çıxmayıb, onlar sadəcə olaraq buradan qaçıblar. Çünki anlayırlar ki, bu qüvvələri ram edə bilməyəcəklər. Taliban da güclü qüvvədir. Zamanında ruslarla vuruşanda onların xanımları və övladları Pakistana gediblər. Orada təlim keçərək Əfqanıstana qayıdıblar. İndi məhz bu qüvvə Əfqanıstanda mövcudluğunu ortaya qoyur”.


Müəllif: Nemət

Oxşar xəbərlər