“Bu prosesdə Ermənistanın heç bir marağı yoxdur. Əgər həqiqətən söhbət Ermənistanın milli maraqlarından gedirsə, baş verən proseslərdə bu ölkə Rusiya tərəfindən Azərbaycan və Türkiyəyə qarşı vəkil kimi istifadə olunur. Görünür, Rusiya vəkalət mübarizəsini davam etdirmək niyyətindədir. Ermənistan hələki bu yolla gedir. Ancaq bu, olduqca təhlükəli yoldur. Azərbaycan dövlət başçısı da bununla bağlı doğru olaraq öz fikirlərini açıqlayıb”.
Bu fikirləri Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri, siyasi analitik Sülhəddin Əkbər son günlər atəşkəsin Ermənistan tərəfindən sistemli pozulması fonunda İrəvanın davranışlarını şərh edərkən bildirib.
Partiya sədri düşünür ki, Ermənistan bu təhlükəli yoldan nə qədər tez dönərsə, bu, bir o qədər onun xeyrinə olacaq: “Ermənistan II Qarabağ savaşından qabaq davranışlarının ona necə ağır başa gəldiyini nə tez unutdu? İndi də çox risk edir: həm bizim nəzarətimizdən kənarda qalan torpaqlarla bağll, həm üçtərəfli sazişin bəzi müddəalarını yerinə yetirməməklə, həm də Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiya və delimitasiya və nəhayət Zəngəzur dəhlizi ilə əlaqəli. Bunlar Ermənistan tərəfindən çox riskli addımlardır. Azərbaycan dövlət başçısı da açıq-aydın elan etdi ki, Ermənistan hələlik sülh danışıqlarına başlamağa hazır deyil. Sülh danışıqlarına başlamağa hazır deyilsə, bu halda Ermənistan nəyə hazırlaşır?”.
S. Əkbər xatırladır ki, nə qədər sülh müqaviləsi yoxdursa, deməli hər zaman müharibə ehtimalı var.