16 İyul 2021 14:21
3 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənubi Qafqazda gedən proseslərə gəldikdə, ortada Türkiyə faktoru var. Azərbaycan Türkiyə ilə müttəfiqlik haqda Şuşa Bəyyanaməsini imzalayıb. Bu bəyannamə Azərbaycan ərazilərinə müdaxilə zamanı Türkiyə ilə birgə hərəkəti özündə ehtiva edir. Son günlərdə ermənilər tərəfindən atəşkəsin pozulması hallarının artmasının bir səbəbi də Şuşa Bəyannaməsinə qarşı edilən sabotajdır. Ermənistan isə Qarabağda yoxdur, orada ermənilər və Rusiya var”.

Politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Son günlərdə Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri tez-tez atəşkəsi pozur. Atəşkəsin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilər istiqamətindən pozulması isə prosesə bir başqa don geyindirir. Baş verənlərdən nə anlamalıyıq?

- İstər 10 noyabr, istərsə də 11 yanvar üçtərəfləri anlaşmaları üzrə Azərbaycan, Ermənistan və Rusiyanın yerinə yetirməli olduqları məsuliyyət və öhdəlikləri var. Bu məsuliyyət və öhdəliklərdən biri də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi ilə bağlıdır. 10 noyabr anlaşmasında belə bir bənd var. Ötən ilin dekabrında Qarabağ ətrafındakı rayonlardan sonuncusu azad edildikdən sonra da müzakirələr bu yöndə aparılırdı. Amma keçən müddət ərzində bu baş vermədi, hətta bir sıra məqamlarda Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki erməni terrorçuları mövqelərimizə qarşı hücuma cəhdlər etdilər, atəşkəsi pozdular. Baş verənlər onu göstərir ki, bu sahədə geriləmə var. Bu da ona görə olur ki, Rusiya sülhməramlıları Qarabağda yerləşmək müqabilində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, qanunsuz birləşmələri tərksilah etmir.

10 noyabr anlaşmasının imzalanmasından sonra ilk dəfədir ki, ötən ilin iyulunda Tovuz istiqamətində baş vermiş təxribatların ildönümündə Azərbaycanın mövqeləri atəşə tutulur. Ermənilər atəşkəsi həm Naxçıvan istiqamətində, həm də Qarabağdan pozdular. Baş verənlərdən yaranan ehtimal budur ki, proseslər bir neçə istiqamətdə cərəyan edir. Bu proseslərdən biri seçkiyə qədər “Mənə dəyməyin”, “Məni xilas edin” deyən Ermənistan baş nazirinin seçkidən sonra parçalanmış Ermənistan cəmiyyətini öz ətrafında bütövləşdirmək üçün atdığı radikal addımlardır. Bura Azərbaycan prezidentinin xarici dövlətlərin ölkəmizdəki diplomatik korpuslarının nümayəndələri və səfirlərinin işğaldan azad edilmiş ərazilərə dəvət etməsindən sonra bu səfərin baş tutmasına Ermənistan Xarici İşlər Nazirliyinin etiraz etməsi və səfirlərini ora göndərən dövlətlərə həyasızcasına nota verməsi daxildir. Ermənistan XİN-in yalan dolu bu açıqlamasına Qarabağdakı qondarma qurumdan da dəstək verildi. Həyasızcasına xarici diplomatların Azərbaycanın tarixi şəhəri Şuşaya səfərlərinə etiraz olundu. Bu etirazlardan əvvəl Paşinyan Moskvaya getmişdi. Moskvadan qayıtdıqdan sonra radikal addımlarına davam edir.

Digər bir istiqamət də Rusiyanın 10 noyabr anlaşması üzrə üzərinə götürdüyü öhdəliklərdən yayınması ilə bağlıdır. Baş verənlər onu göstərir ki, Rusiya Qarabağdakı sülhməramlılarının statusunun Azərbaycan tərəfindən dəstəklənməsi üçün oyunlar qurub. Azərbaycan isə Rusiya sülhməramlıların mandatının legitimləşdirilməsini istəmir.

- Niyə?

- Çünki bu halda proses uzun müddət davam edə bilər. Bu baxımdan mandat verilməməlidir və verilməyəcək. Çünki Rusiya sülhməramlıları tezliklə bölgəni tərk etməlidirlər.

Rusiya 10 noyabr anlaşmasının imzalanmasından sonra regionda yeni siyasi reallıq formalaşdırmağa çalışır. Qarabağda bu proseslərin başında da onun dəstəklədiyi Araik Arutyunyan durur. Paşinyan Ermənistanda müharibədəki məğlubiyyətini əsaslandırmağa çalışdığı kimi eynisini Qarabağda Arutyunyan edir. Bu, çox ciddi proseslərin işartılarını verir. Çünki bu ərazilər beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan əraziləri olaraq qəbul edilir. Bir sözlə, Qarabağ ətrafında bir oyun gedir.

- Bu oyunların əsasında nə dayanır?

- Müharibədən sonra bölgədə yaranmış yeni reallıq daxilində maraqlı tərəflərin bir neçə istiqamətdə, xüsusən də təhlükəsizlik və iqtisadi baxımdan divident qazanmaq istəyindən söhbət gedir. ABŞ və Avropa Birliyi 44 günlük müharibədən sonra Cənubi Qafqaza təsir vasitələrini itirdi. Rusiya da yaranmış bu vəziyyətdən istifadə etməyə çalışır. Burada bir məqam da diqqət çəkir ki, beynəlxalq siyasətdə bütün istiqamətlər üzrə Rusiyaya rəqib olan ABŞ nə qədər qəribə olsa da, Şuşa məsələsində Rusiyanın yanındadır. Məsələn, Ukrayna məsələsində Rusiyanın qarşısında olan ABŞ Şuşa ilə bağlı Rusiya və Fransa ilə kollegial bir qərar verib. Bu qərarı ATƏT-in Minsk qrupu çərçivəsində verdiklərini desələr də, bu belə deyil. Əgər bu, Minsk qrupu çərçivəsindədirsə, Rusiyanın 10 noyabr anlaşmasında nə işi var? Buna görə də, onların bununla bağlı verdikləri izah inandırıcı deyil.

Onu da demək lazımdır ki, Rusiya Qarabağda müəyyən bir prosesin başlanğıcına start verib. Ən azı buna cəhdlər edir. Proseslərə başqa bir istiqamətdə də baxmaq lazımdır. Rusiya Prezidenti Putinin bu günlərdə dərc olunan bir məqaləsi var. Putin məqaləsində bolşevikləri ideallaşdırıb, keçmiş sovet respublikalarını “kvazidövlət” və ya “yarım dövlət” adlandırır. Bu yazıda Rusiya liderinin “yeni SSRİ arzusu” hiss olunur. Bundan sonra Nazarbayevin qazax xanının nəşini Rusiyadan istəməsi Qazaxıstanın Putinə cavabı idi. Nazarbayev bununla onu göstərmək istədi ki, Qazaxıstanın tarixi Putinin dediyi kimi deyil, dövlətçilik tarixi daha qədimdir. Düşünürəm ki, Azərbaycan da Rusiyaya bu səpkidə cavab verməlidir. Rusiya yeni birlik qurmağa çalışır. Bura daxil etmək istədiyi ölkələrdəki həssas məsələlərdən istifadə etməyə cəhdlər göstərir. Cənubi Qafqazda da belə bir məsələ Qarabağdır.

- Bəs baş verənlərə qarşı Azərbaycan nə edir və etməlidir?

- Əlbəttə, Azərbaycan təmkinli bir mövqe ortaya qoyub. Bəzən isə təmkin zaman itkisi deməkdir. Qarabağda Rusiya sülhməramlıları var və biz bu reallığı qəbul edirik. Bu reallıqdan da çıxış edirik. Amma bu o demək deyil ki, bu reallıq bizə təzyiq və təsir vasitəsi kimi istifadə olunmalıdır. Düşünürəm ki, Azərbaycan 10 noyabr anlaşmasından sonra Rusiya sülhməramlılarının məsuliyyətsizliyinə sərt cavab verməlidir. Rusiya sülhməramlıları Qarabağdakı sülhə ermənilərin “samaqon şüşəsi”nin arxasından və ya çaxır çəlləklərinin içindən nəzarət etməməlidir. Azərbaycan bunu dilə gətirməlidir.

Ümumən Cənubi Qafqazda gedən proseslərə gəldikdə, ortada Türkiyə faktoru var. Azərbaycan Türkiyə ilə müttəfiqlik haqda Şuşa Bəyyanaməsini imzalayıb. Bu bəyannamə Azərbaycan ərazilərinə müdaxilə zamanı Türkiyə ilə birgə hərəkəti özündə ehtiva edir. Son günlərdə ermənilər tərəfindən atəşkəsin pozulması hallarının artmasının bir səbəbi də Şuşa Bəyannaməsinə qarşı edilən sabotajdır. Ermənistan isə Qarabağda yoxdur, orada ermənilər və Rusiya var. Ermənistan baş nazirinin müavini İsaxanyanın Qarabağa göndərilməsi də reallığın üstünə örtük atmaq cəhdidir. Dediyim kimi bu gün Qarabağda Ermənistan anlayışı yoxdur, orada ermənilər və onlara dəstək verən Rusiya var. Ermənilərin yaşadığı həmin ərazilərdəki proseslərin hamısını Rusiya aparır. İndi Qarabağda Azərbaycanın qarşısında Ermənistan yox, Rusiya dayanıb.

- Bəs Rusiya Azərbaycandan nə istəyir?

- Birincisi, Rusiya atəşkəsin pozulmasına göz yummaqla Qarabağdakı sülhməramlılarının mandatını həll etməyə çalışır. İkincisi, Şuşa Bəyannaməsindəki məqamları nəzərə alaraq, Türkiyə və Azərbaycanı bölgədə təxribata çəkməyə cəhd edir. Bu da ona görə olur ki, Rusiyanın özü bu prosesdə müəyyən suallar qarşısında qalıb. Bu gün sülhməramlıların Qarabağdan çıxarılması məsələsi qoyulsa, Rusiya çətin vəziyyətlə üzləşəcək. Tərəflərdən biri imtina etsə, sülhməramlılar oradan çıxarılacaq. Yəni Rusiya Qarabağda həssas bir situasiyanın içindədir. Bunun da gözlə görünən və görünməyən tərəfləri var.

Bundan sonra o baş verəcək ki, Rusiya yenə də Azərbaycandan sülhməramlıları üçün mandat istəyəcək və indiyədək də bunu istəyir. Digər yandan, işğaldan azad edilmiş və Azərbaycanın quruculuq işlərinə başladığı ərazilərdə həyata keçiriləcək beynəlxalq layihələrdən kənarda qalmaq istəmir. Qarabağdan keçəcək nəqliyyat xətlərinə və daşınmalara nəzarət imkanı əldə etmək niyyətindədir. Belə də demək olar ki, bölgədə vəziyyəti gərginlikdə saxlamaqla həm də bu prosesin qarşısını almağa çalışır. Amma Rusiya belə yollarla bunun qarşısını ala biləcək qüvvə deyil, çünki ortada daha böyük qüvvələr var.

- Baş verənlər Rusiya üçün nə ilə nəticələnəcək?

- Qətiyyətlə ona inanıram ki, bu proses Rusiyanı daxilindən dağıdacaq. Artıq Putinin “SSRİ-ni bərpa etmək” ideologiyası müasir Rusiya insanı üçün cazibədar deyil. Putinin seçkilərdən əvvəl Rusiyadakı ermənilərin maliyyə və iqtisadi şəbəkəsini öz ətrafında toplamaq üçün Qarabağda atdığı addımlar ona kömək etməyəcək. Hətta Rusiya telekanallarında Azərbaycan xörəkləri və gürcü şirniyyatlarını “erməni mətbəxi” kimi reklama qoyublar. Bu reaklamlar da “erməniləşdirilmiş” Azərbaycan musiqiləri ilə efirlərə verilir.

Baş verənlərin yaxın gələcəkdə Qarabağda antiterror əməliyyatların başlamasına rəvac verəcəyinə istisna etmirəm. Amma bu proseslərin bu yerə gəlib çıxmasının qarşısını da almaq olar. Azərbaycan bunun üçün Araik Arutyunyanın təhvil verilməsini tələb etməlidir. Bu baş verərsə, qurulan konfiqurasiyalar dağılacaq. Azərbaycan israrla bunu tələb etməlidir. Bu proses bu günlərdə baş verə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər