Milli maraqlara əsaslanan xarici siyasət kursu həyata keçirən müstəqil Azərbaycanın uğurla təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır. Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub və həmin vaxtdan etibarən qurumun fəaliyyətinə öz töhfələrini verib. Bu da Hərəkatda ölkəmizin nüfuzunun artmasını şərtləndirib.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə Görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib:
“Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ötən müddət ərzində əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan təşkilatın sədri kimi öz missiyasını yüksək səviyyədə yerinə yetirir. Bütövlükdə, Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra respublikamızın quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının daha bir parlaq nümunəsidir. Açıq-aydın görünür ki, ölkəmizin qlobal səyləri və Prezident İlham Əliyevin beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə hesablanan təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən dəstəklənərək təqdir olunur”.
Millət vəkilinin sözlərinə görə, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin bu günlərdə onlayn formatda keçirilən aralıq konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dünyadakı reallıqlar və yeni çağırışlar fonunda qurumun beynəlxalq miqyasda rolunun artdığını vurğulayıb:
“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxtərəfli diplomatik fəaliyyət sərgiləməsi xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyiblər. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir. Azərbaycan beynəlxalq miqyasda Qoşulmama Hərəkatının nüfuzunun daha da artmasını hədəfləyən siyasətini perspektivdə də davam etdirəcək”.
Sevinc Fətəliyeva hesab edir ki, Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb:
“O cümlədən ölkəmizin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi Qoşulmama Hərəkatının sənədlərində daim dəstəklənib. Quruma üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Qoşulmama Hərəkatı Azərbaycana dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də davam etdirib. Qurum Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən xüsusi sənəd qəbul edib. Prezident İlham Əliyev konfransdakı çıxışında Vətən müharibəsi zamanı baş vermiş konkret bir hadisəni xatırladıb. Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının üzvü olan ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur oldular. Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirir. Çox doğru olaraq qurum ölkələrinin ədalətli mövqeyi ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul edilir”.