21 İyul 2021 12:43
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Azərbaycan prezidentlərinin Moskva görüşündən sonra Bakı Ermənistana təzyiqləri artıracaq”.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Bakı və Ankara arasında müttəfiqlik anlaşmasının (Şuşa Bəyannaməsi) imzalanmasından sonra Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi gözlənilirdi:

“Belə bir görüşün baş tutacağını Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da demişdi. Rusiya Türkiyənin Azərbaycanda hərbi baza qurmasında maraqlı deyil, bunu NATO bazası kimi xarakterizə edir. Amma Rusiyanın nə istəməsindən asılı olmayaraq, İlham Əliyev Moskvaya Türkiyəyə müttəfiq olan bir ölkənin lideri olaraq getdi. Bu da əlimizi gücləndirən önəmli amillərdən biridir.

Bu səfər çərçivəsində heç bir sənəd imzalanmasa da, şifahi anlaşmalar əldə olundu və üçtərəfli sənədlərin yaxın perspektivdə həyata keçirilməsi razılaşdırıldı. Rusiyanın bu anlaşmalarda səmimi olub-olmadığı qısa vaxtda özünü göstərəcək.

Ermənistan Baş naziri Nikol Paşinyan Fransa və ABŞ-ın dəstəyi ilə üçtərəfli anlaşmalardan boyun qaçırmağa çalışır. Ermənistanla yanaşı, Rusiya da manipulyasiya edir və üçtərəfli razılaşmaların yerinə yetirilməsini yubadaraq prosesləri fərqli məcraya yönəltməyə cəhdlər edir. Azərbaycanın isə hər iki tərəfə təsir rıçaqları var. Bunlardan ən əsası Qarabağdakı separatçılara və ya qanunsuz silahlı birləşmələrə ehtimal olunan zərbədir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya əsas vasitəçi olaraq 10 noyabr və 11 yanvar bəyannamələrini yerinə yetirməsə, sərhəd və Qarabağda hərbi vəziyyət gərginləşə bilər:

“Rusiya tərəfinin hazırkı situasiyada əsas istəyi Azərbaycanı KTMT-yə müşahidəçi statusu qismində cəlb etməkdir. Kremlin açıq və üstüörtülü mesajlarının da buna yönəldiyini düşünürəm. Bu mesaj da ondan ibarətdir ki, Azərbaycan buna gedəcəyi təqdirdə Moskva üçtərəfli anlaşmaların reallaşması yönündə addımlar ata bilər. Amma münaqişədən sonrakı dönəmdə Azərbaycanın manevr sahəsi daha da genişlənib. Kremlin nə istəməsindən asılı olmayaraq, bizim tələb və şərtlərimiz bəllidir: sərhədlər müəyyənləşdirilməli, Qarabağdakı qanunsuz silahlılar çıxarılmalıdır. Bu da gec-tez baş verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu