Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşündə dövlətimizin haqlı mövqeyi bir daha qətiyyətlə bəyan edildi. Ölkə rəhbəri tərəfindən regionda sülhə təhlükə olan münaqişənin bitdiyi və artıq yeni bir səhifənin başlanıldığını bildirdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, Azərbaycan üçtərəfli razılaşmada əksini tapan bütün kommunikasiyaların açılmasında maraqlıdır: “Sözsüz ki, kommunikasiyaların açılması regionun inkişafına mühüm töhvə olacaq. 30 ilə yaxın məhz işğal siyasəti yürüdərək regional layihələrdən kənarda qalmaqla iqtisadi blokadaya düşən Ermənistan üçün də kommunikasiyaların açılması əhəmiyyətlidir. Bununla işğalçılıq niyyəti ucbatından dalana dirənmiş bir dövlət iqtisadi inteqirasiya üçün imkanlar qazanmaq şansı əldə edə bilər”.
Cavid Osmanov hesab edir ki, Avropa İttifaqı imkanlarından istifadə etməklə Ermənistanı sülh danışıqlarına sövq, hətta məcbur etməlidir: “Çünki regionda təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqının strateji maraqlarına xidmət edir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin qovşağında yerləşir. Məhz Zəngəzur dəhlizinin açlışması beynəlxalq daşımalarda xüsusi rol oynayacaq”.
Millət vəkilinə görə, Ermənistanın Zəngəzur dəhlizinin açılmasını yubatmaq cəhdləri uğursuzdur və heç bir nəticə verməyəcək: “Ermənistan 30 ilə yaxın bir dönəmdə işğal siyasəti ilə heç bir uğur əldə edə bilmədi. Növbədi avantüra isə bu ölkənin çıxılmaz duruma düşməsi ilə nəticələnə bilər. Bu baxımdan Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar bu və digər məsələlərə görə Ermənistana mütləq təsir etməlidir.
Çünki bu ölkənin işğalçılıq, terrorçuluq mövqeyindən çəkindirmək üşçün məhz beynəlxalq birliyin zəruri mövqeyi olmalıdır. Əks halda Ermənistanın bu mövqeyi bir Azərbaycan üçün deyil, region eyni zamanda və dünya üçün təhlükədir. Öz növbəsində Ermənistan tərəfi 44 gündə almış olduğu zərbənin də təkrarlana bilmək təhlükəsini unutmamalıdır”.