Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri zamanı dövlət başçıları arasında səmimi, konstruktiv və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş müzakirələr aparıldı. Bu, iki dövlət başçısı arasında şəxsi münasibətlərin, ikitərəfli əlaqələrin və geosiyasi reallıqlara yanaşmada ortaq mövqeyin xarakterindən irəli gəlir. Görüşdə ən çox diqqət çəkən məqam Bakı və Moskvanın 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirməsi oldu.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, 10 noyabr razılaşması bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur: “Yəni Rusiya da təkcə dəmiryolu deyil, həm də paralel şəkildə avtomobil nəqliyyatının hərəkətini nəzərdə tutan Zəngəzur dəhlizinin açıqlamasında maraqlıdır. Görünən budur ki, Ermənistanın bu dəhlizin açılmasına süni əngəl törətmək cəhdləri iflasa uğrayır.
2020-ci il 10 noyabr razılaşmasının icrasına əngəl törətmək istəyən kənar qüvvələr də az deyil. Əslində həmin qüvvələr bu yanaşma ilə regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı olmadıqlarını göstərirlər.
Amma regionun əsas lokomativi olan Azərbaycanın, eləcə də Rusiyanın qətiyyətli mövqeyi destruktiv cəhdlərin nəticə verməyəcəyinə əminlik yaradır”.
Millət vəkilinə görə, Moskva görüşündə səslənən bəyanatlardan aydın oldu ki, iki dövlət arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir: “Ən əsas məsələ isə ondan ibarətdir ki, hər iki ölkənin regional, təhlükəsizlik və digər məsələlər üzrə mövqeləri üst-üstə düşür. Ölkələrimiz arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi iradə mövcuddur”.