“Ermənistana 2,6 milyard avro dəstəyin göstərilməsi indi çox müzakirə edilir. Hətta erməni siyasətçilər də bu mövzudan danışırlar. Avropa Birliyi hər zaman Ermənistana onların layiq olmadığı pulları ayırır. Bu pullar sonradan mənimsənilir”.
Bunu Teleqraf.com-a deputat Asim Mollazadə Avropa Birliyinin Ermənistana ayırdığı böyük həcmli məbləğ haqqında danışarkən bildirib.
Demokratik İslahatlar Partiyasının sədri əlavə edib ki, bu pulların əvvəlki illərdə mənimsənilməsi haqda fikirlər olub: “Dəfələrlə belə faktlar olub ki, Avropa Birliyinin Ermənistana ayırdığı pullar sonradan yoxa çıxır və məqsədlərə uyğun xərclənməyib. Düşünürəm ki, indi Ermənistana ayrılan bu pulları da anoloji tale gözləyir”.
Deputat istisna etmir ki, bu pulu ayırarkən kimlərinsə Rusiyanı sıxışdırmaq kimi niyyətləri də olsun: “Ancaq əslində erməni lobbisi daim beynəlxalq qurumlarda çalışır ki, vəsaitlər Ermənistana daha çox ayrılsın. Sonra bu pullar Ermənistanda naməlum istiqamətdə yox olur. Bu, real mənzərədir”.