“Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışı zamanı məlum oldu ki, Azərbaycan həm Laçın dəhlizi, həm də Xankəndində baş verənlərdən geniş məlumata və bilgilərə sahibdir. Həmin ərazilərdə proseslər dronlar və peyk vasitəsilə müşahidə altında tutulur və daim monitorinqini aparılır. Hətta açıq bəyan olundu ki, orada maksimum 25 min insan yaşayır. Əlbəttə, Azərbaycanın bu ərazilərində gedən proseslərdən dəqiq məlumatlı olması müsbət hadisədir”.
Bunu Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.
Onun fikrincə, Bakının həmin əraziləri havadan nəzarət altında saxlaması xüsusi əhəmiyyətə malikdir: “Bu, pozitiv yanaşmadır və həm də göstərir ki, biz ərazi bütövlüyümüz məsələsində tam qərarlıyıq. Mən bunu müsbət hesab edirəm. Bakı mümkün qədər nəzarətində olmayan ərazilərdə gedən proseslərdən dəqiq məlumata malikdir. Son açıqlamadan hətta o aydın olur ki, Xankəndinə daxil olan avtomobillər oradan çıxan avtomobillərdən azdır. Əlbəttə, bunlar sadə məsələlər deyil”.
Partiya sədri onu da qeyd edib ki, həmin əraziləri nəzarətdə saxlamaq bir, orada gedən proseslərə qarşı çıxış etmək başqa məsələdir: “Məlumdur ki, Laçın dəhlizi vasitəsilə hərbçilər də, təxribatçılar da, bəzən əcnəbilər də gəlirlər. Bunların qarşısını almaq üçün yetərli addımlarımız olmalıdır. Məncə, diplomatik yolla tədbirlər görülməlidir. Xüsusilə, Laçın dəhlizi üzərində nəzarətimizi bərpa etməliyik. Əgər indi orada gedən prosesləri incəliyinə qədər biliriksə, deməli, gələcəkdə başqa addımlarımız da olacaq”.