26 İyul 2021 09:48
2 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin əsas məqsədi budur ki, sülh sazişi imzalansın, sərhədlər sovet dönəmində olduğu kimi delimitasiya və demarkasiya olunaraq tanınsın, bundan sonra Zəngəzur dəhlizinin açılması və digər məsələlərin həlli yönündə işlər getsin. Rusiyanın da bunlarda maraqlı olması Azərbaycanın əlini gücləndirən əsas faktorlardan biridir. Paşinyana gəldikdə, o, Rusiyadan dəstək almaq və öz hakimiyyətini qorumaq istəyirsə, Azərbaycanla sülh danışıqlarına getməlidir. Əslində buna məcburdur”.

Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Əvvəlcə təkcə İrəvana gələcəyi açıqlanan Fransa Prezidenti Emmanuel Makron sonradan fikrini dəyişdi. Bildirildi ki, İrəvanla yanaşı, Bakı və Tiflisə də səfər edəcək. Sizcə, Makron niyə fikrini dəyişdi, Bakıya hansı səbəblərdən dolayı gəlir?

- Makronun 44 günlük Vətən müharibəsi və bundan sonrakı dönəmdə sərgilədiyi mövqe Fransa-Azərbaycan münasibətlərinə zərər vurdu. İndi də münasibətlər kifayət qədər soyuqdur. Makron Fransanın ATƏT-in Minsk qrupundakı statusunu unudaraq, aşkar formada işğalçının tərəfində durduğunu, Azərbaycana qarşı əks-mövqedə dayandığını bəyan etdi. İndi isə Fransa-Azərbaycan münasibətlərindəki gərginliyi aradan qaldırmaq Makronun həll etməli olduğu vacib məsələlərdən biridir. Digər yandan, müharibədən sonra bölgədə yeni situasiya və reallıqlar yaranıb. Fransa da bu reallığın bir parçası olmaq, yeni geosiyasi proseslərdə rol almaq istəyir. Fransa uzun illər Minsk qrupunun həmsədr ölkəsi kimi bölgədə bir rola malik idi. Müharibədən sonra isə bu yerini itirdi, indi də çalışır ki, həminki roluna yenidən qayıtsın. Təkcə bu rola malik olmaq yox, həm də bunu bölgədəki oyunçulara da qəbul etdirmək istəyir.

Makronun səfərinə gəldikdə, o, birinci Ermənistana gedəcək. Çünki Fransa da Rusiya kimi Ermənistana bölgədəki forpostu olaraq baxır. Buna görə də, Fransa liderinin sıx təmaslarda olduğu erməni lobbisinə xoş gəlmək üçün Ermənistanda bir sıra mesajların verəcəyi də gözləniləndir. Tiflis və Bakı səfərlərində gəldikdə, dediyim kimi o, bu addımı Fransanın bölgədəki varlığını göstərmək üçün atmaq niyyətindədir. Bu baxımdan da həm Azərbaycan, həm də Gürcüstana təzyiq etməyə çalışır. Amma Qarabağ müharibəsindən sonra bölgədə şərtlər və geosiyasi mənzərə tam dəyişib. Fransa Avropa Birliyində söz sahibi olsa da, onun Cənubi Qafqazda belə bir yeri yoxdur. Fransa bölgədə gedən yeni proseslərdə rol almaq istəyirsə, ilk növbədə, konstruktiv olmalı, yürütdüyü xarici siyasətdə ciddi dəyişiklik etməlidir. İndiki halda isə nə Ankara, nə Moskva, nə də Bakı Parisin burada rol almasına razıdır. Makronun cığallığı da buna görədir.

- Ermənilər son günlərdə tez-tez sərhəd istiqamətində təxribatlara əl atırlar, atəşkəsi pozurlar. Ermənistanın bu addımları haradan qaynaqlanır, nə əldə etmək istəyirlər?

- Ermənilər təkcə sərhəd istiqamətində yox, Qarabağda da təxribatlara əl atırlar. Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərində qalan erməni qanunsuz dəstələri özlərini rahat hiss edirlər. Çünki sülhməramlılar onlara nəzarət etmirlər, ya da bu, işlərinə yarayır. Sülhməramlılar öz üzərinə düşən missiyanı lazımi qaydada yerinə yetirsələr, ermənilər buna cəsarət etməz. Heç sülhməramlılar Laçın dəhlizinə də nəzarət etmirlər, daha doğrusu, erməni silahlılarının Qarabağa keçməsinə şərait yaradırlar, buna göz yumurlar. Bir sözlə, bölgədə vəziyyətin qeyri-sabit qalmasında Rusiyanın öz maraqları var. Bu, bölgəyə girməyə çalışan Fransanın da maraqlarına xidmət edir. Vəziyyəti qeyri-sabit və gərgin olaraq göstərən Rusiya buradakı mövqelərini bir qədər də gücləndirmək niyyəti güdür.

Sərhədlərə gəldikdə, hələlik bu yöndə görülən işlər tam başa çatmayıb. Azərbaycan öz sərhədlərini müəyyənləşdirməyə çalışır. Beynəlxalq formada təsdiqlənmiş xəritələr üzrə öz suverenliyinə daxil olan xətlərdə möhkəmləndikcə, Ermənistan bundan təlaşa düşür, qorxuya qapılır. Buna görə də silaha əl ataraq Azərbaycanı çəkindirməyə çalışır. Amma ortada konkret anlaşmalar var, nə yolla olur-olsun bu məsələ həllini tapacaq. Elə Rusiya Prezidenti Putinin də son fikri bu oldu ki, həmin anlaşmalara alternativ yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin ötən günlərdə verdiyi açıqlamalar da onu deməyə əsas verir ki, bu yöndə qarşımızda heç bir əngəl yoxdur.

- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu elan etdi. Yaxın gələcəkdə bu yöndə hansı gəlişmələrin şahidi ola bilərik?

- Paşinyanın bu danışıqlara getməkdən başqa yolu qalmayıb. Onsuzda üçtərəfli bəyanatları imzalayanda bu yöndə ilk addımlarını da atmışdı. Ermənistan baş naziri anlayır ki, öz yerini qorumaq üçün bu danışıqlara getməlidir. Çünki həmin danışıqların başlamasını özündə ehtiva edən anlaşmalara imza atanlardan biri də Rusiyadır. Yəni bunu ondan Azərbaycanla yanaşı həm də Rusiya tələb edir. Bu bəyanatların yerinə yetirilməsi ilə bağlı Rusiyadan Paşinyana ciddi təzyiqlər var. Digər yandan, Azərbaycan və Rusiya liderlərinin Moskvada baş tutan görüşündəki atmosferə və bundan sonra hər iki tərəfdən verilən açıqlamalara baxmaq lazımdır. Baş verənlər onu deməyə əsas var ki, istər bu, istərsə də digər məsələlərlə bağlı Əliyev və Putin anlaşıblar. Bu isə Paşinyanın yaxasını kənara çəkmək kimi bir şansının qalmadığı deməkdir.

Addım-addım bu məsələ həllini tapmalıdır. Əks halda, bölgədəki problemlər həll olunmayacaq, münaqişənin yenidən alovlanması həmişə gündəmdə qalacaq. Buna görə də Prezident İlham Əliyevin əsas məqsədi budur ki, sülh sazişi imzalansın, sərhədlər sovet dönəmində olduğu kimi delimitasiya və demarkasiya olunaraq tanınsın, bundan sonra Zəngəzur dəhlizinin açılması və digər məsələlərin həlli yönündə işlər getsin. Rusiyanın da bunlarda maraqlı olması, Azərbaycanın əlini gücləndirən əsas faktorlardan biridir. Paşinyana gəldikdə, o, Rusiyadan dəstək almaq və öz hakimiyyətini qorumaq istəyirsə, Azərbaycanla sülh danışıqlarına getməlidir. Əslində buna məcburdur. O anlayır ki, Ermənistanda daxili sabitlik və inkişafa nail olmaq üçün bu vacibdir. Özü də dəfələrlə bunu dilə gətirib. Düzdür, Paşinyan bu səbəbdən daxildən təzyiqlə üzləşib, amma onu basqı altında saxlayanlar da Rusiyaya bağlıdır. Yəni bu yöndə heç bir problem olmamalıdır.

- Sizin də dediyiniz kimi Rusiyadan təkidlə üçtərəfli anlaşmaların yerinə yetirilməsinin vacibliyi barədə açıqlamalar verilir. Bəs Rusiya bu açıqlamalarında səmimidirmi?

- Dediyim kimi Rusiya Qarabağdakı mövqelərini gücləndirməklə yanaşı, həm də üçtərəfli anlaşmaların yerinə yetirilməsində maraqlı tərəfdir. Çünki Rusiya bölgədə yeni müharibənin başlamasını istəmir. Rusiya regionda güclənən Türkiyə amilini də nəzər alır. Eyni zamanda sabah münaqişə yenidən alovlansa, bu, bir sıra Qərb dövlətlərinin bölgəyə ayaqlarını açacaq. Nəticədə proseslər Rusiyanın nəzarətindən çıxa bilər. Artıq Türkiyə bölgədə hərbi baxımdan təmsil olunur. Bu isə o deməkdir ki, NATO Rusiya sərhədlərinədək gəlib çıxıb. Amma Rusiya Türkiyə ilə anlaşa, birlikdə hərəkət edə bilir. Sabah isə vəziyyətə nəzarəti itirsə, NATO-nun daha böyük güclə Cənubi Qafqaza girməsi üçün yeni yol açıla bilər. Bu baxımdan, üçtərəfli sənədlərin həyata keçirilməsi Rusiyaya hava-su kimi lazımdır. Bu, Azərbaycanın maraqlarına da uyğundur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər