26 İyul 2021 14:50
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan kənar ölkələrdən, öz diasporundan mədət ummaq adətindən əl çəkməlidir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, biz Qarabağ zəfərindən sonra təklif edilən “altılıq” platformasını dəstəkləyirik: “6 ölkənin- Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanın müştərək bir platforma çərçivəsində problemləri öz aralarında həll etmələrini ən doğru yol olduğu qənaətindəyik. Azərbaycanla Ermənistan arasında probemlərin çözülməsinin yolu da hər iki ölkənin müharibədən sonra bu sülh ortamının davam etdirilməsindən keçir. Problemləri danışaraq, görüşərək müzakirə etmək lazımdır. Ermənistana tövsiyəmiz budur. Ermənistanın başqa ölkələrə güvənərək, öz diasporunun gücünə arxalanaraq Azərbaycana qarşı təxribatlar törətməsinin erməni xalqına da faydası olmadığını artıq anlaması lazımdır. Bundan sonrakı mərhələdə Ermənistanın təmkinli davranması onların özü üçün də faydalıdır”.


Müəllif: Teleqraf.com