28 İyul 2021 11:43
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcərin Ermənistanla 136 kilometrlik bir sərhədi var. Ermənilər Zod aşırımı adlanan yoldan Ağdərə, Qarabağ istiqamətində istifadə ediblər. Son günlər məhz həmin istiqamətdə ermənilər tərəfindən atəşkəs pozulur. Kəlbəcərin Yuxarı Ayrım, Basarkeçər kəndi istiqamətində mütəmadi olaraq erməni təxribatı baş verir. Son vaxtlar isə ermənilər Kəlbəcərin digər istiqamətlərində də atəşkəsi pozmaqla öz məkrli məqsədlərini ifadə etməyə çalışırlar.

Bunu Teleqraf.com-a Milli Məclisin Kəlbəcəri təmsil edən deputatı Aqil Məmmədov deyib.

Onun fikrincə, ermənilərin atəşkəsi pozmaqda məqsədi odur ki, guya rus sülhməramlıları müəyyən ərazilərə lazımi nəzarət edə bilmir: “Onlar Ermənistanla Azərbaycan sərhədinə əlavə qüvvələrin yerləşdirilməsi məqsədilə bu cür təxribatları törədirlər. Digər tərəfdən ermənilər son zamanlar "sülh müqaviləsi bağlanmayıb, müharibə davam edə bilər" kimi sərsəm fikirlər də səsləndirir. Qarşı tərəf mümkün qədər əlavə şanslar əldə etməyi qarşısına qoyub. Ermənilərin bu cür səyləri əbəsdir”.

Deputat xatırladıb ki, Prezident tərəfindən də dəfələrlə “status”la bağlı konkret fikir bildirilib: “Çünki burada hər hansı bir “status”dan danışmağa heç bir əsas yoxdur. Ona görə ki, 20-25 min əhali üçün hansısa bir “status”dan danışmaq yersizdir. Bu gün isə beynəlxalq hüquqa uyğun olaraq sərhədlərin tanınması məsələlərində ermənilər tərəddüdlərə yol verir. Ona görə də tez-tez atəşkəsi pozmaqla münaqişənin bitməməsi kimi bir görüntü yaratmağa çalışırlar. Əsas məqsədləri də mümkün qədər öz havadarlarının diqqətini cəlb etməkdir. Bu cür sərsəm düşüncələrə qərq olan erməni tərəfi ardıcıl təxribatlara əl atır. Erməni tərəfi Fransadan açıq dəstək umur. Hətta erməni hərbi siyasi rəhbərliyinin fransız hərbiçilərinin sərhəd xətti boyu yerləşdirilməsi kimi absurd iddiaları eşidilir”.

Aqil Məmmədov hesab edir ki, ermənilərin bu cür təxribatları müvəqqəti xarakter daşıyır və onlar bununla heç nəyə nail ola bilməyəcək.


Müəllif: Tapdıq Qurbanlı