28 İyul 13:50
270

Üç müsəlman dost və qardaş ölkə arasında imzalanan Bakı Bəyannaməsi mühüm strateji əhəmiyyətə malikdir. Yeni dönəm üçün əlaqələrin strateji səviyyədə inkişafı baxımdan bu cür addımların atılması regional və qlobal müstəvidə də mövqelərin daha da güclənməsinə səbəb olacaq. Dövlətlərin ayrı-ayrılıqda təmsil olunduğu beynəlxalq təşkilatlarda tutduğu mövqe, atılacaq prinsipial addımlar, koordinasiyalı şəkildə daha effektiv nəticələrin əldə olunmasına imkan yaradacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbəsi ilə bölgədə yeni bir tarixi şəraitin formalaşmasına yol açdı: “Tarixi zəfərin əldə olunmasında mühüm amillərdən biri də məhz dost və tərəfdaş ölkələrin Azərbaycana olan birmənalı mənəvi-siyasi dəstəyi idi. Sözsüz ki, qardaş Türkiyə və Pakistanın Azərbaycana olan dəstəyi müharibə dövründə də özünü açıq şəkildə göstərmiş oldu”.

Millət vəkili bildirib ki, qardaş Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyiblər: “Bu iki güclü dövlətin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli olub. Türkiyə və Pakistan 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpası üçün siyasi müstəvidə dəstək nümayiş etdiriblər. II Qarabağ müharibəsi dövründə ölkəmizin haqlı övqeyi bu iki dövlət tərəfindən birmənalı olaraq dəstəklənib. Azərbaycana qarşı olan təzyiqlərə qarşı da bu iki qardaş dövlətin mövqeyi hər zaman birmənalı olub”.

Cavid Osmanova görə, Azərbaycan xalqı bu iki qardaş dövlətin ölkəmizə olan münasibətini olduqca yüksək qiymətləndirib: “Bu mənada indiki reallıqda hər üç dövlətin mövcud əməkdaşlığı dərinləşdiriməkdə güclü siyasi iradə nümayiş etdirməsi mühüm əhəmiyyəyt kəsb edir. Yeni mərhələdə hər üç dövlət müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Məzh bu münasibətləri daha geniş spektorda inkişaf etdirmək üçün ardıcıl olaraq mühüm addımlar atılır”.

Deputatın fikrincə, ötən gün Milli Məclisdə parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünün irəli sürülməsi də mühüm tarixi əhəmiyyətə malikdir: “Sözsüz ki, bu təşəbbüsün Türkiyə və Pakistan tərəfindən müsbət qəbul olunması əlaqələrin inikaşına yeni bir dönəm üçün daha əlverişli imkanlar açır. Təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi və həlli üçün yeni bir platforma yaranır. Eyni zamanda parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması isə strateji məsələləri özündə ehtiva edir. Atılan bu addım ölkələr arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə yeni imkanlar yaradacaq”.


Müəllif: Tapdıq Qurbanlı