28 İyul 14:41
784

“Ermənistan tərəfi Azərbaycanla sərhəddə rəsmən 3 hərbçisinin həlak olduğunu, daha 3 nəfərin isə yaralandığını təsdiqlədi. Həmişə hücuma keçməyə cəhd edən tərəf daha çox itki verir, deməli, Ermənistan tərəfinin ağlı başına gəlməyib, yenə təxribat və hücum cəhdlərindən əl çəkmir”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi təxribata əl atan Ermənistanın bir sıra məqsədlərinin olduğunu bildirib:

“Ermənistan tərəfinin istəyi mənə aydındır: 44 günlük Vətən savaşı zamanı hərbi əməliyyatlar Azərbaycanın suveren ərazilərində gedirdi deyə KTMT-ni müharibəyə cəlb edə bilmədi. Putin də bunu dəfələrlə dilə gətirdi ki, qondarma Qarabağ respublikasını heç Ermənistan da tanımayıb, döyüşlər de-yure Azərbaycan ərazisində gedir, ona görə də KTMT qarışa bilməz.

Əgər sərhəddə baş verən arxasında arxasında Paşinyanın özü dayanırsa, məqsədi Ermənistan cəmiyyətinə bir daha göstərməkdir ki, KTMT, Rusiya ciddi müttəfiq deyil, bizə dəstək olmurlarsa, nədən o təşkilatda olmalıyıq?! Hesab edirəm ki, sərhəddə irimiqyaslı döyüşlər olsa da, KTMT müdaxilə etməyəcək, indiki şəraitdə bu mümkün deyil. Nəticədə ordumuzun istənilən uğurlu əməliyyatı Ermınistanın Kremldən qopmasını və sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər.

Əgər sərhəddəki təxribatın arxasında Kremlə bağlı erməni generalları durursa, onların da məqsədi aydındır: Ermənistan ərazisində istənilən böyük hərbi məğlubiyyət seçki ilə Paşinyana qalib gələ bilməyən Rusiyaya şans verəcək ki, Köçəryan və adamlarını küçədən hakimiyyətə gətirsin”.

Natiq Cəfərli qeyd edib ki, Paşinyanın seçkiləri üstünlüklə udması və bundan sonra AB və Fransa ilə daha sıx yaxınlaşması Kremldə qıcıq yaradır, bunu aydın sezmək olar:

“Yaxşı biz nə etməliyik? Görünən odur ki, hər iki ssenaridə Azərbaycanın hərbi üstünlüyünü artırmaq üçün şans var, amma biz daha ağıllı oynamalıylq, eyforiyaya qapılmamalı, populistik addımlardan çəkinməli, Kremlin heç bir oynuna gəlməməliyik. Bizə indi sülh lazımdır, dayanlqlı sülh, sərhədlərin tanınması, əlaqələrin açılması prioritet olmalıdır. Biz Zəngəzur, Göyçə və İrəvana tank-topla qayıtmaq kimi populist yanaşmanı kənara qoyub, o qədim torpaqlara güclü iqtisadiyyatla, artan demoqrafik üstünlüklə, hüquqi dövlət qurmaqla dönməliyik.

Bunun yolu uzundur, amma dayanıqlı və ağıllı yoldur. Bölgəmizdə gərginlikdən bəslənən bir “ac canavar” var, daha doğrusu “canavar” deyil, “ayı”dır. Yəni, ”ayının min oyunu” gərginliyi bəsləmək üçündür, bunu bilək, buna uyğun davranaq.

Azərbaycan de-yure və de-fakto ittifaqları gücləndirir, bu çox yaxşıdır, amma eyforiya da var, bu, çox pisdir. Əgər Kreml seçki yolu ilə əldə edə bilmədiyini hərbi-siyasi gərginliklə əldə etsə və Köçəryan kimi canini hakimiyyətə gətirə bilsə, o zaman onun möhkəmlənməsi və nüfuzunun artması üçün bizim ərazidə də, sərhəddə də daha çox təxribat edib bizə zərbələr endirməyə cəhd edəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu