28 İyul 2021 16:12
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci il iyulun 1-də təməli qoyulan Ələt Azad İqtisadi Zonasının ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi baxımından çox böyük əhəmiyyəti var. Azərbaycanda investisiya mühiti kifayət qədər cəlbedicidir. Ölkəmiz dünya dövlətləri ilə iqtisadi əməkdaşlığını istənilən platformada qurub və bunu da uğurla davam etdirir. Ələt Azad İqtisadi Zonasının yaranması və onun gələcəkdə fəaliyyətə başlaması ilə Azərbaycan bölgədə öz iqtisadi nüfuzunu daha da artıracaq. İlk növbədə bu limanda çalışacaq yüzlərlə azərbaycanlının sosial rifah halının təminatına şərait yaranacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu limana investisiya qoymaqda maraqlı olan minlərlə sahibkar ölkəmizin digər infrastruktur layihələri və bölgələrindəki münbit şəraitlə tanış olacaq: “Bu da ölkəmizə gələcəkdə ciddi investisiya axınının yaranmasına imkan yaradacaq. Bütün iqtisadi zonalar kimi Ələt Azad İqtisadi Zonası da bir çox vergi və rüsumlardan güzəştlərə malik olacaq. Bu da dünya sahibkarlarının Azərbaycana axınını daha genişləndirəcək. Burada istehsal olunan müxtəlif markalı məhsullar dünyanın hər yerinə ixrac olunacaq. Eyni zamanda bu məhsullar vasitəsilə Azərbaycanın iqtisadi reallıqları təbliğ edilmiş olacaq”.

Deputatın fikrincə, Ələt limanının üstünlüyü Azərbaycanda iqtisadiyyatın digər sahələrinin də inkişafına səbəb olacaq: “Çünki azad iqtisadi zonada istehsal olunan malların qiyməti ucuz olduğuna görə bu məhsullardan istifadə edərək Azərbaycan sahibkarları özlərinin müxtəlif sahələr üzrə bizneslərini də qurmuş olacaqlar. Azərbaycan qədim İpək Yolunun yolunun üzərində yerləşir. Şimal-Cənub nəqliyyat dəhlizi artıq qurulub. Fars körfəzindən Fin körfəzinə qədər malların Azərbaycan üzərindən daşınması ölkəmizə çox böyük logistik imtiyazlar qazandıracaq. Məhz Ələt Azad İqtisadi Zonasının da yaranması su və dəmir və quru yolu ilə Azərbaycanı Şərqlə, Qərb eyni zamanda Şimal və Cənubla birləşdirəcək. Bunun nəticəsində bir çox dövlətlər, sahibkarlar, iri şirkətlər bu logistik imkanlardan məmuniyyətlə istifadə edərək Azərbaycan üzərindən ticarətlərini həyata keçirəcəklər. Sözsüz ki, burada da Azərbaycanın öz iqtiasadi maraqları təmin olunacaq”.

Musa Quliyev hesab edir ki, Ələt Azad İqtisadi Zonasının yaranması Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, dünyaya yeni bir platformada təqdimatına, ölkəmizin sosial iqtisadi rifahına xidmət edən vacib layihədir: “Bu limanın əhəmiyyəti Əsrin müqaviləsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub dəhlizi ilə eyni səviyyədə qiymətləndirilir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması da Azərbaycanın logistik imkanları daha da genişləndirəcək. Ələt İqtisadi Zonasında istehsal olunan mallar, ticarət şəbəkəsi Zəngəzur dəhlizi vasitəsi ilə Türkiyəyə və oradan Avropaya çıxmaq imkanları yaranacaq”.


Müəllif: Tapdıq Qurbanlı