- Sərhəd müqaviləsinin mətnini formalaşdırmaq;
- Masaya əyləşənə qədər mövqelərin əldə edilməsi;
Kəlbəcər istiqamətində baş verən döyüşlərin siyasi və hərbi hədəfləri belə görünür. Detalları anlamaq üçün proseslərin inkişafına baxmaq lazımdır.
20 iyul: Əliyevlə Putin Moskvada görüşdü;
22 iyul: Əliyev sərhədlərin delimitasiyasını da nəzərdə tutan sülh müqaviləsi ilə bağlı Ermənistana gündəlik göndərildiyini açıqladı və bəyan etdi ki, bu məsələdə Rusiya, Türkiyə, Avropa İttifaqı Bakı ilə eyni mövqedədir;
23 iyul: Kəlbəcər istiqamətində intensiv döyüşlər başlandı;
28 iyul: Ermənistanın itkiləri ilə (rəsmi məlumata görə 3 ölü, 4 yaralı) nəticələnən şiddətli döyüşlər Rusiyanın vasitəçiliyi ilə dayandı;
Hadisələrin inkişafı göstərir ki, Əliyevlə Putin Rusiyanın vasitəçiliyi ilə yeni sərhəd müqaviləsinin imzalanması üzərində razılıq əldə edib və mümkündür ki, Moskvada üçtərəfli görüşə hazırlıq gedir. Əliyev Moskvada həm də Putinin vasitəsilə Paşinyana gündəliyi təqdim edib və görüşdən sonra Putin Paşinyanla telefon görüşməsində Bakının şərtlərini çatdırıb.
Gündəliyin təqdim edilməsindən dərhal sonra Kəlbəcər istiqamətində hücuma keçən Ermənistanın masaya əyləşməmişdən öncə üç hədəfə nail olmaq istəyir.
Birincisi, Moskvanın neytral qalacağını bildiyi halda dövlət sərhədində toqquşma yaratmaqla Rusiyanın Ermənistan qarşısındakı “müdafiə öhdəliyini” gündəmə gətirir və bunun qarşılığında masada rusların dəstəyini qazanmağa çalışır: “öhdəliyini yerinə yetirmirsənsə, sərhədlərin delimitasiyasında dəstək ver”;
İkincisi, toqquşmalarla Rusiya hərbçilərinin indi bölgəyə girişinə və rusların əli ilə Azərbaycan Ordusunun mövqelərdən geri çəkilməsinə nail olmağa çalışır;
Üçüncüsü, daxili auditoriyada zəmin hazırlanır: Paşinyan anlayır ki, sərhəd müqaviləsini imzalamalıdır, öncə toqquşmalar yaratmaqla, itkilərlə verməklə erməni cəmiyyətinə “anlaşmasaq, yeni müharibə ola bilər” deyə biləcəyi vəziyyət yaradır;
Azərbaycanın 23 iyuldan başlanan erməni təxribatına qarşı gördüyü cavab tədbirləri Bakının prosesləri maraqlarına uyğun istiqamətə yönəltməsi baxımından əhəmiyyətlidir.
1. Masaya əyləşənə qədər Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədini bərpa etmək;
2. İrəvanı sərhəd müqaviləsini imzalamağa məcbur etmək;
28-nə keçən gecə Ermənistan ordusuna vurulan zərbənin miqyası vəziyyətin ordumuzun nəzarətində olduğunu sübut edir. Bakının Moskvanın atəşkəs təklifini qəbul etməsi də hərbi mövqelərin bizim xeyrimizə olduğundan xəbər verir.
Lakin bu atəşkəs olduqca kövrəkdir və Moskvada qurulacaq masaya qədər – bu, Ermənistanda hökumətin formalaşdırılmasından sonra ola bilər – sərhəd xətti boyunca toqquşmalar davam edəcək. Bütün bunların fonunda Qarabağda da əməliyyatların şahidi ola bilərik.