29 İyul 2021 20:00
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, sərhəd xəttində erməni tərəfinin ardıcıl təxribatları hansı məqsədlərə hesablanıb? Məğlub olmuş bir dövlət niyə belə təxribatlara əl atır?

- Bu cür hallar Ermənistan tərəfindən gözlənilən idi. Çünki birdən-birə ermənilərin bu proseslə barışması elə də asan deyil. Amma Azərbaycan Ordusu yenidən zərbə vurmaqla qarşı tərəfi reallıqla barışdırır. Ona görə də bu proseslər getməlidir. Hər halda bir neçə belə epizodlardan sonra ermənilər barışla bağlı addımlar atmaqda özləri maraqlı olacaqlar. Çünki "Dəmir yumruq" illərlə xəstələnmiş bir cəmiyyətin başına dəyməyincə, onlar ağıllanmır. İndi də bunu açıq şəkildə göstərməyə çalışırlar. Çünki bu hadisələrdən sonra qarşı tərəf yenidən belə təxribatlara əl atırsa, demək ki, problem onların düşüncə tərzindədir. Biz də bunu dəyişməliyik. Bunun üçün "Dəmir yumruq" və ardınca isə hüquqla onları barışmağa məcbur etməliyik.

- Ermənistanı bu təxribatlara təhrik edən qüvvələr və dairələrin olması ilə bağlı fikirlər var. Kimlər Ermənistanı qızışdırır?

- Bütövlükdə Ermənistan tərəfindən bu problemin həlli ilə bağlı konkret bir fikir yoxdur. Azərbaycan tərəfindən isə öz sərhədçilərimiz sərhəd xəttini bərpa edib orada da mövqe tutacaqlar. Bunun da başqa adı ola bilməz. Kimin hansı mövqe tutması bizim üçün qətiyyən maraqlı deyil.

- Ermənilərin bu təxribatının Fransa prezidentinin bölgəyə gözlənilən səfəri ilə bağlılığı varmı?

- Fransa Prezidenti Emmanuel Makron bu bölgədə elə də əhəmiyyətli bir fiqur deyil. O da elə Paşinyan kimi təqribən eyni obrazda qeyri-ciddi davranışları ilə seçilən biridir. Azərbaycanı Makronun harasa səfər etməsi elə də ciddi maraqlandırmır. Ölkəmizi öz sərhəd xəttləri və onun mühafizəsi maraqlandırır. Bizim üçün sərhədçimiz, öz əsgərimiz Makrondan qat-qat dəyərlidir. Ona görə də sərhədçimizin iradəsi Azərbaycanın suverenliyini bərpa etməkdirsə, yüz Makron da gəlsə, bizi bu ideyadan geri çəkə bilməyəcək.

- Ötən gün Rusiya Təhlükəsizlik Şurasının iclası keçirildi. Sərhəddə olan məsələlər də müzakirə olundu. Sizcə, Ermənistanın 10 noyabr razılaşmasının bəndlərinə əməl olunmasının labüdlüyü müzakirə mövzusu olubmu?

- Ermənistanın 10 noyabr razılaşmasından kənara çıxması bu ölkə üçün böyük problemlər yarada bilər. Ermənistan tərəfindən sərhəddə kimin durması da bizi qətiyyən maraqlandırmır. Fransız, rus və başqaları da gəlib Ermənistan tərəfindən sərhəddə dayana bilər. Bizim üçün öz sərhədimizdə olan məsələlər əsasdır. Ona görə də qarşı tərəfin taleyi ilə bağlı kimin necə düşünməyi bizi qəti maraqlandırmır. Sərhədin o tərəfində istəyirlərsə, özləri üçün “bir cənnət yaratsınlar”. Bunun Azərbaycana heç bir aidiyyatı yoxdur. Biz öz torpaqlarımızın azadlığını istəyirik. Başqalarının torpaqlarında da gözümüz yoxdur.

- Zəngəzur məsələsi ilə bağlı qarşı tərəfin reaksiyasını necə dəyərləndirirsiniz?

- Zəngəzur dəhlizinin açılması 10 noyabrda imzalanan bəyanatın bir tələbidir. Bu tələbdən kənara çıxmaq olmaz.

- Sərhəddəki təxribatın Paşinyanın daxili auditoriyada düşən nüfuzunun artmasına hesablandığına dair də iddialar səslənir? Nə dərəcədə məntiqlidir?

- Paşinyan Azərbaycan tərəfindən bir-iki zərbə aldıqdan sonra yenidən erməni cəmiyyətinə deyəcək ki, “baxın bizim gücümüz çatmır. Bir həmlədə Azərbaycan postumuzu dağıtdı, əsgərlərimizi öldürdülər, biz neyləyə bilərik”. Digər tərəfdən Azərbaycan Rusiya üçün də heç bir bəhanə vermir. Çünki hücumu erməni tərəfi edirsə, deməli biz buna cavab verməliyik. Ruslar da bunu müşahidə edirlər. Ona görə də burada Ermənistanın bizə qarşı hansısa bir təxribatı gerçəkləşdirmək imkanı da qalmır. Azərbaycan da bu fürsəti dəyərləndirib müəyyən mövqeləri gücləndirməlidir.

- Təxribatlar rus sülhməramlıların nüfuzuna necə təsir edir?

- Əlbəttə, bu cür təxribatlar sülhməramlıların nüfuzuna açıq zərbə vurur. Çünki Rusiya tərəfi də bu razılaşmaya imza atıb. Bunun həyata keçməməsi onların özləri üçün də problemdir.


Müəllif: Tapdıq Qurbanlı