Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fəzail müəllim, Ermənistan tərəfinin sərhəd boyu təxribatlarda məqsədləri nədir?
- Belə hallar Ermənistan dövlətinin və erməni xalqının, bu ölkənin siyasi elitasının mahiyyəti, xarakteri, düşüncəsi, psixologiyası, həyat tərzi və illərdən bəri formalaşan ideoloji prinsiplərindən irəli gəlir. Bunu başqa cür izah etmək mümkün deyil. 44 günlük müharibədə əzilən, ordusu məhv edilən, bir dövlət kimi diz çökdürülən Ermənistan bundan nəticə çıxarmadı. İndi artıq Qarabağ torpaqlarından ordumuz tərəfindən it kimi qovulan ermənilər məkanı dəyişərək sərhəd boyu ərazilərdə təxribatlara əl atır. 30 il ərzində Azərbaycan həmin sərhəd olan ərazilərə nəzarət edə bilmədiyi üçün onlar kilometrlərlə ölkəmizin içərisinə doğru irəliləyib. İndi Azərbaycan dövləti özünün sərhədlərini bərpa etmək üçün addım atdıqca ermənilər bundan qıcıqlanır. Eyni zamanda bundan istifadə edərək müxtəlif bəhanələrlə Azərbaycanın bütün sərhəd boyu ərazilərində təxribatlar törədir.
- Bu təxribatlarda qarşı tərəfi hansı qüvvələr təhrik edir?
- Son günlər Kəlbəcər istiqamətində ermənilər davamlı olaraq iri çaplı silahlarla Azərbaycan sərhədlərini atəşə tutur. Ermənilər bunu onların arxasında duranların fitvası ilə edir. Xüsusi olaraq Fransanın Ermənistana hərtərəfli yardım göstərməsi, onu stimullaşdırması, hətta Qarabağ probleminin həll olunmadığı barədə fikirləri0 eşidilməkdədir. Paralel olaraq ABŞ səfirinin Ermənistan tərəfdən Basarkeçərə gələrək həmin istiqamətdə erməni hərbçilərlə görüşməsi hallarını da müşahidə etməkdəyik. Bundan dərhal sonra isə yenidən erməni tərəfi ağır silahlardan istifadə etməklə Azərbaycanın mövqelərini atəşə tutmağa başlayıb. Bütün bunların təsadüf olması ilə bağlı səslənən fikirləri isə heç bir halda qəbul etmək olmaz.
- Silahlı münaqişə yenidən bərpa oluna bilərmi?
- Niyyət ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasındakı mümkün sülh sazişinə maneə olunsun. Ən müxtəlif formalarda cəhd edilir ki, ABŞ və Fransa yenidən regiona gəlsin. Bununla da ölü vəziyyətində olan ATƏT-in Minsk Qrupu dirçəldilsin. Məhz ABŞ və Fransa Minsk Qrupunun vasitəsilə özünün Ermənistan üzərində, regionda maraqlarını təmin etməyə çalışır. Düşünülür ki, bu məsələlərin arxasında məhz bu amillər dayanır. Eyni zamanda Paşinyanın da niyyəti buna yönəlib. O, ən müxtəlif bəhanələrlə bu təxribatları Azərbaycanın üzərinə atmağa çalışır. Lakin reallıq tamamilə başqadır. Çünki Azərbaycanın Kəlbəcər istiqamətində olan ərazilərinə Ermənistan ərazisindən atəş açılır. Beləliklə, bu prosesdə müharibəni genişləndirmək, Azərbaycanı Ermənistan ərazisinə daxil olmağa vadar edirlər. İstəyirlər ki, bununla da Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə qoşulsun. Ona görə də Ermənistan tərəfindən çox qarışıq və xaotik bir oyun oynanılır.
- Azərbaycanın sülh təklifinə Ermənistanın hərbi rakursda reaksiya verməsi hansı nəticələrə gətirib çıxara bilər?
- Bu cür addımların atılması Ermənistanın mahiyyətcə sülh sazişinin bağlanmasına mümkün qədər maneə olmaq niyyətini ortaya qoyur. Çünki bunun ayrı bir adı yoxdur. Beləliklə də uzun illər boyu bu prosesi gecikdirmək və sərhəd boyu ərazilərdə münaqişə ocaqları yaratmaq məqsədləri ortaya çıxır. Məqsəd odur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmasın. Çünki bununla erməni tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Buna baxmayaraq Azərbaycan öz suveren hüquqlarını qoruyub saxlamaq üçün həm milli, həm də beynəlxalq səviyyəli hüquqa sahibdir.
- Ermənistanın təxribatlarının davamı fonunda hansı ciddi addımların atılması gözlənilir?
- Ermənistan təxribatlarını davam etsə, bu günlərdə mediada yayımlanan Eldar Namazovun “bufer zona” təklifi mənə elə gəlir reallaşmalıdır. Yəni bütün sərhəd boyu ərazilərdə 30 km Ermənistanın içərisinə doğru irəliləyərək Azərbaycanın sərhəd təhlükəsizliyi üçün “bufer zona” yaradılmalıdır. Bununla Azərbaycanın içərisinə, onun sərhəd boyu ərazilərinə Ermənistanın hücum etmək imkanları minimuma enir. İndiki şəraitdə isə Ermənistanın hər bir təxribatına qarşı yüz və ondan da daha atıq cavab verilməli və düşmən yerindəcə susdurulmalıdır. Erməni tərəfi daha çox itkilər verməli və siyasi hakimiyyətləri cəmiyyət qarşısında cavab vermək məcburiyyətində qalmalıdır. Azərbaycanın burada itirəcəyi heç bir məsələ yoxdur. 44 günlük müharibənin qalibi Azərbaycandır. Bu gün Ordumuz daha da güclənir. Xalqımız qalib xalqdır. Ali Baş Komandan ətrafında xalqımızın sıx birliyi var. Cəmiyyətimizdə həmrəylik mövcuddur. Yəni bu gün Azərbaycanda olan vəziyyət və bütün komponentlər Ermənistandan qat-qat üstündür. Bu baxımdan Ermənistan təxribatlara davam edəcəyi təqdirdə daha ağır zərbələr almalı olacaq. Heç kəsin də buna şübhəsi olmasın.