30 İyul 2021 09:48
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Axar.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində atəşkəs vaxtaşırı olaraq pozulur. 28 iyulda isə burda ciddi qarşıdurma yaşandı və ermənilər ciddi itki verdilər. Hətta atəşkəs Rusiyanın çağırışı ilə bərpa edildi. Niyə təxribatlar Kəlbəcər istiqamətində baş verir və ümumiyyətlə, İrəvan bu təxribatlarla nəyə nail olmaq istəyir?

- Bu gün Ermənistan əhalisinin çoxu Rusiyaya arxa çevirib, Qərbə meyillənib. Müharibədə ağır məğlubiyyətə baxmayaraq, rusiyayönümlü hərbi səhra komandiri, azərbaycanlılara qarşı soyqırım törətmiş korrupsioner qatil Köçəryana səs vermədilər. Hazırda Ermənistan hökuməti müharibə zamanı onlara əsgəri dəstək vermədiyi üçün Rusiyanın vasitəçilik missiyasını iflasa uğradıb, Fransanı regiona dəvət etmək istəyir. Həm də sonuncunun tapşırığı ilə Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa çalışır. Qərb Şimal-Cənub dəhlizinin açılmasında qətiyyən maraqlı deyil. Bu, onların düşüncəsinə görə, Gürcüstanı əlavə gəlirlərdən məhrum edə, onun regiondakı mövqeyini zəiflədə, İran və Rusiyanın dəmir yolu ilə birləşməsini təmin edə bilər. Erməni siyasətçilər həmişə başqalarının maraqlarına daha çox xidmət ediblər, nəinki öz xalqlarını düşünüblər. Bütün baş verən təxribatların səbəbi də bu planın icrasıdır.

- Proseslərin bundan sonrakı inkişafını necə görürsünüz və təklifləriniz nədir?

- “Dəmir yumruğ”u işə salmağa ehtiyac olmayacaq. Bir yaxşı tərs sillə yetərli olacaq ki, ağılları başlarına gəlsin. Ermənistan tezliklə 10 noyabr sazişini bütövlükdə yerinə yetirməli, qoşunlarını Qarabağdan çıxarmalı, Zəngəzur dəhlizini açmalı, sülh sazişi üçün danışıqlara başlamalıdır. Bunu etməyəcəyi təqdirdə Azərbaycan atəşkəs sazişinin qüvvədən düşdüyünü bəyan edib, Rusiyadan sülhməramlı hərbi hissələrini Qarabağdan çıxarmasını istəməlidir. Bunun üçün 44 günlük savaş zamanı olduğu kimi, ermənilər qarşısında dəqiq vaxt qoyulmalıdır. Yoxsa “nə hərb, nə sülh vəziyyəti”ni ermənilər öz havadarlarının köməyi ilə sonsuzluğa qədər uzatmağa çalışacaqlar.

- Şuşa Bəyannaməsindən sonra Bakı Bəyannaməsinin imzalanması böyük perspektivlər baxımından ciddi müzakirələrlə müşayiət olunur. Sizcə, Bakı Bəyannaməsinə Orta Asiya ölkələrinin qoşulması nə dərəcədə realdır?

- Orta Asiya respublikaları KTMT-nin üzvləridir. Ona görə də onların bu formatda əməkdaşlığa qoşulmasına ehtiyac da yoxdur. Biz onlarla Türk Şurası, MDB çərçivəsində əməkdaşlıq edirik. Azərbaycan müxtəlif formatlarda qonşularla və təbii müttəfiqlərlə yaxından əməkdaşlıq edir. Bu, ağıllı siyasətdir və müsbət nəticələrini verməkdədir. Hər hansı bir formatda əməkdaşlıq edən ölkələrin sayı artdıqca fəaliyyətin koordinasiya olunması imkanları da zəifləyir. Pakistan, Türkiyə və Azərbaycanın bütün istiqamətlərdə birgə fəaliyyəti regionda sabitliyə ciddi tövhə verəcək, regionun bütün dövlətləri üçün yeni imkanlar yaradacaqdır. Xalqımız parlament sədrlərinin imzaladığı bu tarixi Bəyənnaməni alqışlayır, hökumətlərarası ciddi müttəfiqlik və əməkdaşlıq sənədlərinin imzalanacağı günü səbirsizliklə gözləyir.

- Qüdrət bəy, Azərbaycanda deputat sayının 125-lə məhdudlaşması barədə qərar verərkən əhalinin sayı 7 milyondan bir az artıq idi. Hazırda əhali sayı 10 milyonu keçib, amma deputat sayı dəyişməyib. Vaxtaşırı olaraq ictimai müzakirə yaradan bu məsələyə yanaşmanız necədir: referendum keçirilə və deputat sayının artırılması qərarı verilə bilərmi?

- Əlbəttə, bu mümkündür. Hər şey iqtidarın siyasi iradəsinə bağlıdır. Vətən müharibəsində qələbədən sonra dünyanın gözü bizdədir. Xalqımız siyasi, sosial-iqtisadi sferada da dəyişikliklər istəyir. Ölkəmizi inkişafın yeni mərhələsinə keçirmək üçün siyasi və iqtisadi islahatların dərinləşdirilməsinə ehtiyac var. Qatıldığımız bütün seçkilərdə BAXCP-nin seçki platforması ondan ibarət olub ki, ölkəmiz parlamentli respublika modelinə keçsin, proporsioanal seçki sistemi əsasında parlament formalaşdırılsın. Deputatların sayı ən azı 150 nəfər olsun.

Konstitusiya islahatları aparılacaqsa, o da öz əksini tapmalıdır ki, topladığı səsdən asılı olmayaraq, heç bir partiya parlamentdə yerlərin 70%-dən çoxunu tuta bilməsin və topladığı səsdən asılı olmayaraq, parlamentdə ən azı 3 siyasi partiya təmsil olunmalıdır. Bu cür konstitusion dəyişikliklər ölkəmizdə güclü çoxpartiyalı sistemin formalaşmasına, demokratiyanın inkişafına, dövlət hakimiyyətinin real hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilməsinə və bu gün üzləşdiyimiz bir çox problemlərin həllinə yol açardı. Ümumiyyətlə, ölkəmizdə yeni Konstitusiyanın qəbuluna ehtiyac var. Tez-tez növbədənkənar seçkilərin zərərli olduğunu nəzərə alaraq yeni qəbul ediləcək Konstitusiyanın 2025-ci ildən qüvvəyə minməsi nəzərdə tutulmalıdır. Amma bir daha qeyd etmək istəyirəm ki, islahatlar iqtidarın iradəsinə bağlı məsələdir. Belə bir islahatlara gedilsə, biz böyük məmnuniyyətlə onu dəstəkləyəcəyik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər