Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə, parlament sədrlərinin təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunub, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün və Bakı Bəyannaməsinin əhəmiyyətini vurğulayıblar. Sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib.
Milli Məclisin sədri qonaqları salamlayaraq, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərə dəvətini qəbul edərək, Azərbaycana rəsmi səfər etdiyinə görə minnətdarlığını ifadə edib. Qeyd edilib ki, Əsəd Qeysərin ölkəmizə bu səfəri Pakistan Milli Assambleyası sədrinin ilk rəsmi səfəridir. Səfər zamanı Azərbaycan, Pakistan, Türkiyə Parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün keçirilməsi tarixi əhəmiyyət daşıyır. Pandemiya dönəmində belə bir tədbirin baş tutması münasibətlərimizin inkişafına verilən böyük əhəmiyyətdən xəbər verir.
Milli Məclisin sədri bildirib ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində dövlət başçılarının xüsusi rolu var. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün əsaslı zəmin yaradıb. Ölkələrimiz arasında imzalanmış 36 sənəd əməkdaşlığımızın hüquqi bazasını təşkil edir. 2015-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə isə əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir.
Sahibə Qafarova bildirib ki ölkələrimiz arasında mövcud olan geniş mədəni, humanitar münasibətlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. O, xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Pakistanda mühüm sosial-humanitar layihələr həyata keçirildiyini xatırladaraq, qeyd edib ki, bu xeyirxah əməllərinə görə Mehriban xanım Əliyeva 2015-ci ildə Pakistanın ali ordeni olan “Hilal-e Pakistan” ilə təltif olunub.
Görüşdə spiker Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşaya və Füzuliyə səfərlərini qeyd edərək deyib ki, nümayəndə heyətlərinin üzvləri 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş meydanında necə bir tarixi Zəfər qazandığının şahidi oldular. Biz Azərbaycanın haqlı mübarizəsində Pakistan hökumətinin və parlamentinin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndiririk. Sahibə Qafarova Pakistan Milli Assambleyasında Azərbaycan Respublikasının ərazisinə erməni təcavüzünü pisləyən qətnamənin, həmçinin, Xocalı şəhərində mülki əhaliyə qarşı Ermənistan tərəfindən törədilmiş soyqırımı haqqında qətnamənin qəbul edilməsini yüksək qiymətləndirərək, bunun dostluğumuzun daha bir nümunəsi olduğunu vurğulayıb.
Azərbaycan və Pakistanın qanunverici orqanları arasında əməkdaşlıq haqqında da danışan Milli Məclisin Sədri hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini, parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini bildirib.
Səmimi görüşə görə minnətdarlığını bildirən Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər ölkəmizə rəsmi səfəri çərçivəsində parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü, Bakı Bəyannaməsinin imzalanması barədə danışaraq, Azərbaycanın rəsmi şəxsləri ilə keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Pakistan dost və qardaş ölkə olan Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir.
Qonaq Vətən müharibəsində ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi münasibəti ilə Sahibə Qafarovanı və Azərbaycan xalqını təbrik edib. Qeyd edilib ki, bu məsələdə Pakistanın mövqeyi birmənalıdır, Azərbaycanın haqlı mübarizəsini həmişə dəstəkləyib.
Qonaq ümidvar olduğunu bildirib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi, mədəni, humanitar sahələrə də öz təsirini göstərəcək. İqtisadi əlaqələrimizin dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Enerji, kənd təsərrüfatı, turizm, humanitar sahələrdə daha böyük uğurlar qazanmaq üçün geniş imkanlar var.
Qonaq qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrimizin daha da dərinləşməsi qarşıya qoyulan hədəflərə çatmaq baxımından əhəmiyyətlidir. Dostluq qrupları arasında təmasların mütəmadi xarakter alması münasibətlərimizin gələcək inkişafında əhəmiyyətli rol oynaya bilər.
Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər tərəfindən hər iki ölkənin parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb.
Milli Məclisin Sədri Sahibə Qafarova bu sənədin parlamentlərarası münasibətlərimizdə yeni səhifə açacağına əminliyini ifadə edib