Belə açıqlamalar Rusiya ilə qonşu dövlətlərin münasibətlərinə xələl gətirmək cəhdidir. Biz həmişə bu insanın ritorikasında təhqir, zorakılıq insanları aşağılamaq, qadınlara qarşı şiddət görmüşük. Rusiya Liberal Demokrat Partiyasının sədri, dövlət dumasının üzvü Vladimir Jirinovski əvvəllər də bu cür təxribat xarakterli açıqlamalar verib. Belə görünür ki, o hansısa siyasi dairələrdən belə tapşırıqlar alır.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, Jirinovski Azərbaycanla bağlı absurd ifadələr işlədib: “Amma xəbəri yoxdur ki, ölkəmiz 30 ildir müstəqildir, güclü və qüdrətli dövlətdir. Azərbaycanın Ermənistandan başqa qonşu dövlətlərlə o cümlədən Rusiya ilə münasibətləri yüksək səviyyədədir. V.Jirinovskinin son müsahibəsi onu göstərir ki, onun psixi pozğunluğu var. Çünki onun açıqlamaları elə Rusiyanın özünün əleyhinədir”.
Deputat bildirib ki, Jirinovski kimilər Azərbaycanla təhdid dilində danışa bilməz: “Müharibə dövründə və ondan sonrakı müddətdə Azərbaycandakı siyasi partiyalar vahid mövqedən çıxış etdi. Bu bir daha Azərbaycan xalqının Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiyinin açıq nümunəsi idi”.
Cavid Osmanov bu gün Azərbaycanda xalq iqtidar birliyinin yüksək səvviyədə olduğunu söyləyib: “Azərbaycan iqtidarı məhz xalqın dərin etimadı üzərində formalaşaraq onun milli maraqlarını regional, qlobal müstəvidə ən yüksək formada təmin edir”.