“Rusiyalı ekspertlərin bu yaxınlarda apardıqları təhlillərdə bu qənaətə gəldilər ki, keçmiş SSRİ-ni yenidən qurmaq mümkün deyil. Üstəgəl, möcüzə baş verib keçmiş SSRİ-yə qayıdış baş verərsə, bu, Rusiya üçün çox ağır yükə çevrilə bilər. Buna görə də Putin və digərlərinin bu istəyi Rusiya üçün arzuolunan deyil. Keçmiş SSRİ bərpa olunsa, bu, Rusiya üçün demoqrafik böhrana səbəb olacaq”.
Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Türkiyə bir neçə gündür meşə yanğınları ilə mübarizə aparır. Türkiyəni kimlər yandırır, məqsəd nə ola bilər?
- Bəziləri bunu “təbiət hadisəsi” kimi yozmağa çalışırlar. Mən Türkiyədə işləmişəm. Yəni PKK və onun yandaşlarının türk dövləti və xalqına qarşı nə qədər qəzəbli və kinli olduğunu yaxşı bilirəm. Hesab edirəm ki, sinxron şəkildə baş verən bu olaylar təxribat nəticəsində yaranıb. PKK-çılar turizm mövsümünün başlaması ərəfəsində Türkiyəni hədələmişdilər ki, “İstirahətinizi burnunuzdan tökəcəyik”.
İndi də PKK-ya yaxın olan bir qurum bildirir ki, yanğınları o törədib. Yəni zərrə qədər şübhəm yoxdur ki, bu yanğınlarda PKK/PYD terror düşərgəsinin əli var, hadisələr bir mərkəzdə planlaşdırılıb və eyni ssenari əsasında həyata keçirilir.
Buna görə də yanğınlar böyük tələfatla müşayiət olunur. Bütün bunlar göstərir ki, Türkiyəyə düşmən olanlar yeri gələndə PKK-nı onun üstünə qısqırda bilirlər. Belə bir durumda Avropa Birliyi və Fransa baş verənlərlə bağlı susur və biganəlik nümayiş etdirirlər. Əslində, bu gün Türkiyədəki yanğınlar onlar və bütün bəşəriyyət üçün təhlükəlidir. Bu səbəbdən başda ABŞ olmaqla Türkiyənin NATO-dakı müttəfiqlərini qınamaqdan başqa yol qalmır.
- Ermənistan Baş naziri Nikol Paşinyan sülh danışıqlarına hazır olduğunu bildirsə də, sərhəddə Azərbaycana qarşı təxribatlar davam edir. Ermənistana hər cür təsir imkanları olan, eləcə də üçtərəfli anlaşmaların həyata keçirilməsində maraqlı olduğunu bəyan edən Rusiya niyə Paşinyanı yola gətirməkdə zəif davranır?
- Rusiya “dovşana qaç, tazıya tut”m siyasəti yürüdür. Belə görünür ki, Rusiyadakı müəyyən dairələr sərhəd münaqişəsində maraqlıdırlar, onlar bununla bölgəni öz təsirində daha yaxşı saxlaya bilirlər. Üstəgəl, Ermənistanın Rusiyadan asılılığını daha da artırmağa çalışırlar. Buna görə də Paşinyan ard-arda mesajlar verərək, sərhədlərin Rusiya sərhədçiləri tərəfindən qorunması məsələsini qaldırır.
Paşinyan bilir ki, Rusiya bunda maraqlı ola bilər. Hətta dünən yayılan məlumata görə, Rusiya hərbçiləri Göyçə mahalının Yuxarı Şorca kəndində gələrək müşahidə aparıblar.
Artıq sərhəd məsələsinin uzanmasının Rusiyanın müəyyən siyasi dairələrinin marağında olduğu şübhə doğurmur. Görünən budur ki, Ermənistanın İran və Türkiyə ilə sərhədlərini sərhəd qoşunları vasitəsilə qoruyan Rusiyanın Azərbaycanla sərhədlərin müdafiəsini birlavasitə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə tapşırmaq niyyəti var. Bunun ipucları görünməyə başlayıb.
Paşinyan nə qədər haray-həşir salsa da, bu, razılaşdırılmış məsələsi kimi görünür. Sadəcə olaraq, Rusiya məsələni bir qədər uzatmaqla belə bir fikir formalaşdırmağa çalışır ki, guya ermənilər çox təkid edirlər və ora getməkdən başqa çarəsi qalmır. Hadisələr təxminən bu ssenari üzrə inkişaf edir.
Hesab edirəm ki, proseslər bu ssenari üzrə getsə, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı xoşagəlməz meyllər yaranacaq. Azərbaycan bu xoşagəlməz halları aradan qaldırmaq üçün Rusiyanın müqavimətini qırmaq məcburiyyətində qalacaq. Bu isə arzuolunan məsələ deyil.
- “Xoşagəlməz hal” deyəndə, nəyi nəzərdə tutursunuz: söhbət yeni müharibə ehtimalından gedir, yoxsa?..
- Məsələ budur ki, ermənilər işğal dövründə sərhədlərin bir sıra istiqamətlərindən 5-10 və ya 15 kilometr Azərbaycan ərazilərinə giriblər. İndi rus qoşunları sərhədlərə gəlsə, bu ərazilərin qaytarılması məsələsi müşkülləşəcək. Ermənilər yenidən qudurublar. Hətta dünən ayaqlar altında qalmaq təhlükəsində olan Paşinyan bu gün Azərbaycanın əleyhinə təhdidlər yağdırır.
Eyni zamanda, dünən Qazaxın 7, Naxçıvanın 1 kəndini qaytarmağa razı olan Paşinyan bu gün müxtəlif bəhanələrlə bundan yayınır. Rusiya sülhməramılıları Qarabağa gəlib nə etdilər, bitərəf davranırlarmı? Sərhədə gələn rus qoşunları da daha çox aqressiv və erməniyanlısı ola bilərlər. Bu isə arzuolunan deyil.
- Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Azərbaycan və bir sıra digər keçmiş sovet respublikası haqda səsləndirdiyi fikirləri diqqət çəkdi. Jirinovski tez-tez SSRİ-dən, Rusiyanın keçmiş imperiya sərhədlərinin bərpasından danışır. İndiki halda Rusiyanın bunu etməyə gücü varmı?
- Rusiyalı ekspertlərin bu yaxınlarda apardıqları təhlillərdə bu qənaətə gəldilər ki, keçmiş SSRİ-ni yenidən qurmaq mümkün deyil. Üstəgəl, möcüzə baş verib keçmiş SSRİ-yə qayıdış baş verərsə, bu, Rusiya üçün çox ağır yükə çevrilə bilər. Buna görə də Putin və digərlərinin bu istəyi Rusiya üçün arzuolunan deyil. Keçmiş SSRİ bərpa olunsa, bu, Rusiya üçün demoqrafik böhrana səbəb olacaq. Elə bir vaxt gələ bilər ki, ruslar bu xəyali SSRİ-də milli azlığa çevrilə bilərlər. Bunun da Rusiya dövlətçiliyinin varlığını şübhə altında qoyması qaçılmaz olacaq. İndi həmin xalqlar o vaxtı xalqlar deyil.
Jirinovskiyə gəldikdə, o, bu sayıqlamaları hesabına çoxlu pul qazanır. Bu necə liberal-demokrat partiyadır ki, onun lideri bu xəttə və proqrama uyğun siyasət yürütmür, həmişə “Vahid Rusiya” partiyasının quyruğunda sürünür. Jirinovski Kremlin üçüncü və dördüncü dərəcəli məmurlarının verdiyi tapşırıqlar əsasında hürür – məntiqsiz, mənasız və cəfəng iddialarla çıxış edir. Bunlar bir şizofreniya xəstəsinin sayıqlamalarından başqa heç nəyə bənzəmir.
Düzdür, bəziləri deyirlər ki, Jirinovski Kremlin etmək istədiklərini dilə gətirir, ola bilsin, bunda həqiqət payı var, amma həmin məsələlərin Jirinovski kimi birinin dilindən səsləndirilməsi Rusiya kimi bir dövlət üçün başıaşağılıqdan başqa bir şey deyil. Bizim sözümüz olmasın, belə adamı heç el içinə çıxarmazlar. Jirinovski əməlli-başlı ipləmədir. O, öz zəncirini qırıb kiməsə hürməyə çalışan quduz köpəyə bənzəyir.
Jirnovski uzun illərdir Rusiyanın xarici siyasət xəttinə ziyan vurmaqla məşğuldur. Rusiyada bir adam onun ölkəyə siyasi divdent qazandıracağını düşünürsə, ciddi şəkildə yanılır. Onun hər fikri Rusiyanın adı və imici üçün ləkədən başqa bir şey deyil. Jiriovski təxribatçı xarakterli şizofrendir – xəstə təxəyüllü təxribatçıdır. Özü də nə rusluğu, nə yəhudiliyi, nə də başqa bir millətə mənsubluğu bilinir. Amma “böyük rus millətçiliyi”ndən danışan dili ağzına sığmır. İstənilən halda Jirinovski siyasətə yad olan və Rusiyaya ziyan vuran bir tipdir. Rusiyanın ictimai-siyasi mühitini zəhərləyir, korlayır və onun haqda mənfi imic formalaşdırır.
- Son günlər Azərbaycanda referendumun keçirilməsi və Milli Məclisin buraxılmasından, erkən parlament seçkilərinin keçirilməsindən danışılır. Sizin bu haqda fikriniz nədir, sizcə, buna ehtiyac varmı?
- Zənnimcə, indi referendumun keçirilməsinin vaxtı deyil. Əvvəla, indi Ermənistanla nə sərhəd məsələsini həll edə, nə də sülh anlaşması əldə edə bilmişik. Digər yandan, Ermənistan yenidən ətrafına təhdidlər yağdırmağa başlayıb. Üstəgəl, Qarabağda yenidənqurma işləri aparılır, buna uyğun olaraq qayıdış siyasəti həyata keçirilməlidir. Bunların hamısı da maliyyə vəsaitləri hesabınadır.
Referendumun keçirilməsi də az maliyyə vəsaiti tələb etmir. Üstəgəl, referendumun Avropa Birliyinin diktəsi ilə keçirilməsi yönündə fikirlər də səsləndirilir. Bu da Azərbaycan üçün arzuolunan imicin formalaşdırılmasına xidmət etmir.
Əlbəttə, ölkədə siyasi islahatların aparılmasına ehtiyac var. Amma bu ölçülüb-biçilərək, tələsmədən və vaxtında edilməlidir. Zənnimcə, referendumdan əvvəl həllini gözləyən məsələlər var. Azərbaycan hakimiyyətinin diqqəti bu məsələlərin həllinə yönəlməlidir.