3 Avqust 2021 12:32
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin hazırki taleyüklü dövründə Böyük qayıdışa, dövlət sərhədlərimizin tanıdılmasına və qələbəmizin nəticələrinin möhkəmləndirilməsi gündəliyinə ziyan vuran bir mövzuda növbədənkar iclasa toplaşmışıq. Milli Məclis kiminsə siyasi mövqeyini, yaxud 7 illik deputatlıq fəaliyyətini, eləcə də onun şəxsi keyfiyyətlərini deyil, konkret ərazidə, bir neçə şəxsin şahidliyilə gecə vaxtı fiziki-mənəvi zorakılığa məruz qalması və vətəndaşın şikayəti əsasında Baş prokurorluğun verdiyi təqdimata münasibət bildirir. Məsələyə, emosional, partiyalı, yoldaşlıq, yaxud şəxsi dostluq çərçivəsində qiymət verəndə subyektiv mülahizələrə yol açılır. Halbuki biz Azərbaycan zabitinin alçaldılaraq döyülməsinə Konstitusiya çərçivəsində düzgün qiymət verməsək, qəbul etdiyimiz qanunların işləkliyinə heç kimi dəvət edə bilməyəcəyik. “Samosud” əməllərinin genişlənməsinə rəvac verəcəyik, hüquqi nihilizmi genişləndirən və kimin gücü varsa, digərinin fiziki cəzalandırmasına yaşıl işıq yandıran hərəkətlərə səbəb olacağıq.

Bunu Teleqraf.com-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid oruc deyib.

O qeyd edib ki, ona görə də polisə və əsgərə qalxan əl dövlətə vurulan zərbə kimi qiymətləndirilməlidir: “Gecədən keçmiş qanuni tabel silahına malik şəxsə qarşı linç əməliyyatı qurulursa, günün-gündüz çağı millət vəkilini qanuna dəvət edən silahsız vətəndaş daha böyük işgəncəyə məruz qala bilər. Zorakılıq edilən şəxs Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasıda fədakarlığı ilə seçilən polis zabitidirsə, hadisəni iki hakimiyyət qolu arasında nifaq kimi təqdim edənlər mövcud olmayan gərginliyə dair süni mövzu verirlər. Hamı yaxşı başa düşür ki, polis zabitini vurmaq deputatın gücü daxilindədirsə, onda millət vəkillərini də döyəcək xeyli güclü şəxslər və qruplar meydana çıxa bilər”.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin yeni hakimiyyət və yeni elita quruculuğunu təkcə rütbəsindən asılı olmayaraq cinayət törədən hökumət və icra orqanı təmsilçiləriə qarşı deyil, eləcə də millət vəkili və hakim adına ləkə vuranlardan təmizlənmək kimi təqdim edirik: “Milləti təmsil edən şəxs kreslonun və mandatın gücünü özünün şəxsi toxunulmazlığı saya bilməz. Qanunları yazan və milləti hüquqa dəvət edən birinci qüvvə bizik. İndiki halda, xalqın mənafeyini və sağlamlığını, ictimai qanunçuluğu qoruyan bizim həmkarımız yox, məhz həmin polis zabitidir və əsil mandatı daşıyan da odur!”.

Zahid Oruc söyləyib ki, vətəndaşların haqlarını qorumalı olan onu əzirsə, gecə əlbəyaxa razborka aparırsa, onda millət vəkili hansı haqla burada digər cinayətləri pisləyən çıxışlar edə bilər: “Xatırladaq ki, onlarla ölkədə qanunverici orqan təmsilçiləri müxtəlif əməllərə görə mandatdan məhrum edilib. Bəli, parlament üzvü dövlətin simasıdır, çünki millətin şərəf və ləyaqətini, maraq və mənafelərini təmsil edir, ona qarşı gedəndə isə mandat hüququnu itirir”.

Millət vəkili qanunu və vətəndaş hüquqlarını müxtəlif bölgələrdə ləyaqətlə qoruyan polis təmsilçilərindən 125 nəfərin parlament tərəfindən mükafatlandırılmasını da təklif edib: “Eləcə də Milli Məclisin bir neçə üzvündən ibarət qrupun Xaçmazda siyasi aktivlərlə, ziyalılar və gənclərlə, hüquq mühafizə orqanı təmsilçiləri ilə görüşməsini parlamentin həqiqi mövqeyini izah etmək baxımından faydalı sayırıq. Ümidvarıq ki, sentyabrda parlament sessiyası başlayanda Vətən müharibəsində qəhrəmanlıq göstərən Silahlı qüvvələrin, həmçinin hüquq mühafizə orqanlarının nümayəndələri ilə dövlətimizin birliyinə xidmət edən birgə görüş-tədbir keçirəcəklər”.


Müəllif: Tapdıq Qurbanlı