3 Avqust 2021 15:53
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında hansısa münasibətlərin qurulacağına inanmıram. Çünki Paşinyan da Ermənistanın digər siyasətçiləri kimi bir sıra məsələlərdə tərslik edir. Hələ də Azərbaycana qarşı ərazi iddialarından vaz keçməyiblər. Buna görə də düşünmürəm ki, münasibətlər belə asanlıqla bərpa olunsun”.

Sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Nikol Paşinyan yenidən Ermənistanın baş naziri seçildi. Paşinyanın növbəti hakimiyyəti illərində nələrin şahidi ola bilərik, gözləntiniz nədir?

- Paşinyan “Qarabağ klanı”nın nümayəndəsi olmasa da çox ziddiyyətli fiqurdur. Düzdür, o, Ermənistanda seçilən siyasətçidir, amma görünür, ermənilər “Qarabağ klanı”ndan o qədər doyublar ki, Paşinyan kimi təsadüfi bir adamı baş nazir etməyə hazırdırlar. O, yenə də şüarlar səsləndirir ki, əsas məqsədi “Qarabağ münaqişəsinin həlli” və “Azərbaycandakı hərbi əsirlərin qaytarılması” və sair məsələlərdir.

Düşünürəm ki, bunlar boş və əsassız, gurultulu şüarlardır. Bunun arxasında heç nə dayanmır. Əlbəttə, Paşinyan anlayır ki, Azərbaycan öz ərazilərini azad edib, buna görə də o, Xankəndində özünə dayaq bir “rejim” yaratsın. Bar-bar bağıracaq ki, “Azərbaycanda erməni hərbi əsirlər var və onları qaytarmaq lazımdır”. Qənaətimə görə, yaxın gələcəkdə Paşinyanın əsas istiqaməti bu məsələlər olacaq.

- Paşinyan üçtərəfli anlaşmaları yerinə yetirəcəkmi? Azərbaycanda da belə bir fikir var ki, Paşinyanla yola getmək mümkündür?

- Bu, bir halda mümkündür ki, bir sıra qüvvələr Paşinyanın başını sığallamasınlar. Faktiki olaraq, o bu vəziyyətdən istifadə edərək azğınlaşır. Çünki Fransa, ABŞ-dakı erməni diasporu və Rusiyada müəyyən dairələr var, eləcə də orada rusiyalı sülhməramlılar dayanıb. O, bütün bunlardan istifadə edərək, dik durmağa çalışır. Amma reallıq budur ki, Paşinyan güclü siyasətçi deyil. Mən şəxsən yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında hansısa münasibətlərin qurulacağına inanmıram.

Çünki Paşinyan da Ermənistanın digər siyasətçiləri kimi bir sıra məsələlərdə tərslik edir. Hələ də Azərbaycana qarşı ərazi iddialarından vaz keçməyiblər. Buna görə də düşünmürəm ki, münasibətlər belə asanlıqla bərpa olunsun.

- Paşinyanın Qərbə, yoxsa Rusiyaya yönəlməsi maraqlarımıza uyğun ola bilər?

- Paşinyan ikili oynayır. Həm Qərbə üz tutur, həm də Rusiyadan əl çəkmir. Başa düşür ki, bölgədəki əsas güc qonşuluqdakı Rusiyadır. Digər Qərb ölkələri isə uzaqdadır, onların da sadəcə bəyanat və şüarları var. Amma o çalışacaq ki, hər iki qütbdən istifadə edərək ideoloji, təbliğat və sair istiqamətlərdə Azərbaycana qarşı müəyyən zərbələr endirsin.

Azərbaycan bunu anlayaraq bütün vasitələrdən istifadə etməlidir ki, ona təsir göstərə bilsin. Ermənistanın ağlını başına gətirmək üçün bütün vasitələrdən istifadə olunmalıdır. Bunlar həm siyasi, həm diplomatik, həm də hərbi vasitələr ola bilər. Görünür, digər dillər Paşinyana çatmır, buna görə höcətləşir.

- ABŞ və Fransanın bölgədəki proseslərə müdaxilə cəhdləri hansı gəlişmələrə yol aça bilər?

- ABŞ və Fransanın bu bölgəyə müdaxiləsini real hesab etmirəm. Yəni hərbi müdaxilə olmayacaq. Sadəcə, maliyyə yardımları ayıracaqlar, buna şübhə etmirəm. Üstəgəl, Fransa rəsmiləri beynəlxalq tribunlarda Ermənistanı müdafiə etməyə çalışacaqlar, “Dağlıq Qarabağ münaqişəsi”ni qabardaraq Azərbaycana qarşı xoşagəlməz ifadələr işlədəcəklər və s.

Amma onların Ermənistanı aşkar formada hərbi cəhətdən dəstəkləmələrinə şübhəylə baxıram. Rusiya bunu qıcıqla qarşılayır. Rusiya qoşunları həm Ermənistanda var, həm də Xankəndində yerləşdirilib. Yəni Rusiya əlindən gələni edəcək ki, onlar bura gəlməsinlər, Ermənistanı müdafiə etmək vasitələri ritorik şəkildə olsun.

- Sərhəddə erməni təxribatları davam edir. Xüsusən son günlərdə ermənilər Naxçıvan istiqamətində atəşkəsi tez-tez pozurlar. Naxçıvanın hədəfə alınmasının səbəbi nədir?

- Əslində, ermənilər bütün sərhəd boyu təxribatla məşğuldurlar. Yəni təkcə Naxçıvan yox, digər istiqamətlərdə də belə təxribatların baş verdiyini görürük. Məqsəd sərhədlərin müəyyənləşdirilməsindən boyun qaçırmaqdır. Ermənilər bilirlər ki, indi öz ərazilərinə qatmağa çalışdıqları torpaqlar Azərbaycana məxsusdur.

Delimitasiya və demarkasiya zamanı həmin ərazilər beynəlxalq səviyyədə təsdiqlənmiş xəritələr əsasında Azərbaycana qaytarılacaq. Bu, aydın məsələdir. Onların “məntiq”inə görə, “əgər Dağlıq Qarabağ münaqişəsinə son qoyulmayıbsa, Azərbaycandakı erməni hərbi əsirlər qaytarılmayıbsa, sərhəddə vəziyyəti gərginləşdirməliyik ki, Azərbaycan Ermənistana hərbi təzyiqləri artırsın”.

Bununla da Azərbaycanı “aqressor” və “işğalçı” kimi göstərməyə çalışırlar. Ermənilərin vəziyyətdən çıxmaq üçün başqa variantları qalmayıb. Bundan da geniş istifadə edərək, Azərbaycanın mövqeyini dəyişdirməyə cəhdlər edirlər.

- Rusiya hərbi qüvvələrinin Ermənistan-Azərbaycanla sərhədində yerləşdirilməsi məsələsi də müzakirə mövsudur. Rusiya belə bir addımı atacaqmı, əgər atsa bu, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı gedən prosesi dalana dirəməyəcəkmi?

- Moskva artıq Paşinyanın bu çağrışına cavab verib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirdi ki, bu məsələ müzakirə olunmur və belə bir planları yoxdur. Amma siyasətdə hər şey ola bilər. Siyasətdə vəziyyət dəyişəndə mövqe də dəyişir. Bununla belə, düşünmürəm ki, Rusiya bunu asanlıqla etsin.

Rusiya başa düşür ki, əgər Azərbaycanda strateji partnyorluq münasibətləri varsa, o zaman onun da mövqeyini nəzərə almalıdır. Yəni qüvvələr ora asanlıqla yerləşdirilə bilməz, bu, elə də asan məsələ deyil. Paşinyanın isə burada əsas məqsədi budur ki, hansısa gərginlik zamanı Rusiya və Azərbaycan hərbi qüvvələri üz-üzə qalsın. Əlbəttə, Azərbaycan və Rusiya bunu bilməmiş deyil.

Digər yandan, sovet dönəminə aid bütün xəritələrdə sərhədlər bəllidir. Yəni Rusiya belə bir addım atmaq istəyəndə əvvəlcə həmin xəritələrə baxmalıdır. Buna görə də bu addımı asanlıqla atacaqlarını düşünmürəm. Bunun üçün əvvəlcə bir sıra amillər nəzərə alınmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər