Avqustun 3-də Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının videoformatda VI hesabat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, YAP Şuşa rayon təşkilatı hesabat dövründə öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə, eləcə də rayon təşkilatının yarımillik və illik fəaliyyət planlarına uyğun qurmağa çalışıb.
Rayon təşkilatının hesabat dövründə Tədbirlər Planı çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən T.Əliyev bildirib ki, təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biri ölkə Prezidenti, YAP Sədri cənab İlham Əliyevin gördüyü işlərin təbliğatı olub: “Cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində ulu öndər Heydər Əliyevin ideyalarına və siyasi strategiyasına daim sadiq qalaraq, onları yeni çalarlarla və müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsi məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi sayəsində öz həllini tapıb. Bizə bu günləri yaşadan, tarixi Zəfərimizə imza atan cənab Prezidentə hər zaman minnətdarıq. Hazırda qarşıda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyatı dirçəltmək, bərpa etmək kimi mühüm və şərəfli bir vəzifə dayanır. Əminik ki, Qarabağımız cənnətə çevriləcək, soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar”.
Sonra Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Namiq Hüseynovun hesabatı dinlənilib. N.Hüseynov qeyd edib ki, rayon təşkilatı 36 ərazi partiya təşkilatında 2365 partiya üzvünü birləşdirir. 2365 partiya üzvünün 1581 nəfərini qadınlar, 784 nəfərini kişilər, 1123 nəfərini isə gənclər təşkil edir.
Müzakirələr zamanı Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, təşkilatın Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva, YAP Şuşa rayon təşkilatının sədr müavini, 19 saylı ərazi partiya təşkilatının sədri Rəfael Məmmədov, YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Elmir Rzayev hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan danışıb. Ə.Tağıyev Qarabağımızın tacı olan Şuşanın işğaldan azad edilməsinin hər bir Azərbaycan vətəndaşında qürur hissi yaratdığını bildirib. Qeyd edib ki, məhz bu səbəbdən YAP Şuşa rayon təşkilatının VI hesabat konfransını yüksək əhval-ruhiyyə ilə keçiririk. Tezliklə soydaşlarımız tarixi torpaqlarına qayıdacaq, Şuşamıza yeni nəfəs gələcək, yeni həyat başlayacaq. Partiyanın Şuşa rayon təşkilatı fəaliyyətini yüksək fəallıqla davam etdirəcək.
Ə.Tağıyev YAP Şuşa rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Şuşa rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.