Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, erməni tərəfi son zamanlar ard-arda sərhəd xəttində təxribata əl atır. Qarşı tərəfin sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri həll olunmamış bu hərbi təxribatları nəyə hesablanıb?
- Azərbaycanla Ermənistan arasında 30 ilə yaxındır ki, sərhəd xətti yoxdur. Ölkəmiz öz hərbi gücü hesabına sərhədlərini bərpa edib. Bunu isə qarşı tərəf qəbul edə bilmir. Eyni zamanda Azərbaycan Ermənistanla ən uzun sərhəd xəttinə malikdir. Sözsüz ki, hələ tam dəqiqləşməmiş sərhəd xətti boyu tərəflərin konkret bir nöqtədə mövqe tutması məsələləri də bir çox hallarda mübahisə mövzusu ola bilir. Amma buna baxmayaraq Azərbaycan tərəfi sovet xəritələrinə uyğun özünün qanuni və eyni zamanda beynəlxalq hüquq tərəfindən qəbul edilən ərazi bütövlüyünün qanuni prosedurlarını icra etməkdədir. Bununla belə yenə də erməni tərəfi Azərbaycanın qanuni sərhədlərini qəbul etmək istəmir. Çünki ermənilər 30 il ərazilərimizi işğal edib və qanunsuz olaraq bu ərazilərdə yaşayıblar. Kəlbəcərdə, Laçında və digər ərazilərimizdə ermənilər qeyri-qanuni şəkildə öz sərhədlərini Azərbaycan torpaqlarının içərlərinə doğru genişləndirməyə cəhdlər edib. Amma ortada əsaslı sənədlər, xəritələr mövcuddur. Bu sənədləri də Azərbaycan özü tərtib etməyib.
Sovet dövründə tərtib olunmuş xəritələrdə hər bir müttəfiq ölkənin ərazisi, sərhədləri açıq-aydın öz əksini tapıb. Ona görə də, bu gün Ermənistan tərəfinin qaldırmaq istədiyi hay-küyün heç bir əsası yoxdur. Paralel olaraq ermənilərlə bərabər başqaları da bu məsələdə günahkardır. Çünki dövlətlər arasında olan xəritələr arxivlərdə mövcuddur. Məhz bu səbəbdən də Ermənistandan analoji davranış tələb edilməlidir ki, onlar sovet dövrünün xəritələrində təsbit edilmiş sərhəd xəttlərini qəbul etsin. Görünür, bu məsələlərdə erməniləri qızışdıran tərəflər də var.
- Ermənistanın bu davranışları fonunda onu sülhə məcburetmə variantı necə tətbiq edilə bilər?
- Proseslərin gedişi onu göstərir ki, Azərbaycan qarşı tərəfi sülhə məcburetmə variantından istifadə edəcək. Çünki ermənilər ərazi iddiasından əl çəkmir. Sülh sazişini imzalamağa da getmir. Belə olan təqdirdə Azərbaycan yenidən öz gücünü ortaya qoyaraq qarşı tərəfi istədiyi razılaşmanı əldə etməyə vadar edəcək. 10 noyabrda olduğu kimi erməni tərəfi yenə də kimlərisə ortaya salıb razılaşmağa hazır olduqlarını deyəcəklər. Hazırda Ermənistanın bütün davranışları Azərbaycanı onu sülhə məcburetmə əməliyyatına təhrik etmək kimi qiymətləndirilir. Çünki baş verən təxribatlar da bunu deməyə əsas verir.
- Artıq Ermənistanda Paşinyan üçün yeni bir dönəm başlayır. Baş nazir postuna yenidən seçilən bu şəxsin sonrakı dövr üçün davranışları necə olacaq?
- Paşinyan dayanıqlı, stabil mövqeyə və xarakterə malik olan adam deyil. Onun hakimiyyətdə olduğu müddətdə eyni məsələ ilə bağlı müxtəlif dövrlərdə verdiyi bəyanatlara nəzər salsaq hansı keyfiyyətlərə malik olduğu bir daha məlum olar. Onu kim və hansı qüvvələr qızışdırıb ortaya salırsa, onların mövqelərini ifadə edir. Eyni zamanda onun düşüncə probleminin olması ilə bağlı da fikirlər səsləndirilir ki, bu adam gündə bir mövqedən çıxış edir. Çünki Ermənistandakı seçki ərəfəsində və seçki sonrası da Azərbaycanla sülhdən, əməkdaşlıqdan danışırdı. Sonra isə sərhəd xəttində hərbi təxribatlara yol açan addımlara gedir. Ardınca da deyir ki, biz Azərbaycanla heç bir sənəd imzlamayacağıq. Ona görə də, gəlinən qənaət budur ki, bu cür adamlar idarə olunur və belələrinə ancaq zor gücü ilə reallığı qəbul etdirmək lazımdır.
- Azərbaycanın yeni iqtisadi rayonlarının bölgüsünü Ermənistan özü üçün müharibənin davamı kimi dəyərləndirir. Bu yanaşmanı necə qiymətləndirirsiniz?
- Cənab Prezidentin bütün çıxışlarını Azərbaycanda olduğu kimi Ermənistanda da izləyirlər. Dövlət başçısının Zəngəzur və tarixi Azərbaycan torpaqları ilə bağlı mesajı indiki halda Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Onlar hələ də 44 günlük müharibənin yaratdığı gərgin psixoloji durumdan çıxa bilməyiblər. Şərqi Zəngəzur iqtisadi rayonunun yaranması sözsüz ki, Qərbi Zəngəzur bölgəsini də özünə ehtiva edir. Çünki bu torpaqlar tarixi Azərbaycan əraziləridir. Zəngəzur dəhlizi ilə bağlı da məsələlər gündəmə gələn kimi ermənilər bundan böyük təşviş yaşayırlar. Əksinə bu dəhliz Ermənistan üçün bir nəfəslikdir. Ermənistan bu dəhliz vasitəsilə regionda mühüm çıxış imkanı qazanacaq. Ermənilər isə düşünür ki, Zəngəzur dəhlizi açılan kimi bu ərazilərdə Azərbaycan və Türkiyə sərmayədarları hakim olacaq, ermənilər isə özlərini küncə sıxılmış vəziyyətdə görəcək. Bu gün ermənilər də başa düşürlər ki, bu iqtisadi reallıq onlar üçün xeyirlidir. Ancaq onları qorxudan Azərbaycan və Türkiyənin iqtisadi, siyasi, hərbi güc və imkanlarıdır.
Düşünürlər ki, bu cür güclü kapital və sərmayə qarşısında onlar əriyib gedəcəklər. Məhz bu səbəbdən də maksimum səviyyədə çalışırlar ki, sərhəd və digər məsələlər mümkün qədər təxirə salınsın. Son günlər edilən təxribatlar da məhz yaranacaq yeni bir reallığı əngəlləmək üçün mümkün variantlardan biridir. Ancaq Ermənistanın da sona kimi qapalı və blokada vəziyyətində yaşamaq inkanları tükənib.