5 Avqust 2021 09:14
2 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Ermənistana hər cür hərbi yardım vəd edən Fransa ilk güllə atılan kimi aradan çıxacaq. Heç bir fransız əsgəri Azərbaycana qarşı Ermənistan tərəfində döyüşmək istəməyəcək və istəmir. Eləcə də, heç bir fransız əsgəri ölmək üçün bura gəlməyəcək. Biz bunu 2008-ci ildə Gürcüstan və Rusiya arasında baş vermiş qısamüddətli müharibədə görmüşük. Makron Ermənistanı da meydanda tək qoyaraq aradan çıxacaq, məğlubiyyəti yenə də erməni xalqı yaşayacaq”.

Politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Nikol Paşinyan yenidən Ermənistan baş naziri seçildi. Bundan əvvəl Azərbaycanla sülh danışıqlarına, Bakı və Ankara ilə münasibələri normallaşdırmağa hazır olduğu mesajlarını verən Paşinyan, sizcə, vədinə əməl edəcəkmi?

- Paşinyan bu gün “iki kresloda oturmaq” siyasəti seçib. Birincisi, düşünür ki, təhlükəsizlik baxımından Ermənistanın Rusiyaya ehtiyacı var. Çünki darmadağın olmuş ordunu yenidən Rusiyasız toparlamaq, silahlarla təchiz etmək asan deyil. Bu nöqteyi-nəzərdən Rusiyaya möhtacdır.

İkincisi, Qərbin maliyyəsi ilə hakimiyyətə gələn Nikol Paşinyan həm də onun maraqlarını özündə əks etdirən siyasət yürütməyə məcburdur. Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar da bunun son bariz nümunəsidir. Amma bu ikili oyun uzun müddət davam edə bilməz. Azərbaycan bir daha uzun illər Ermənistanın nazı ilə oynamaq fikrində deyil. Ayrıca, Rusiyanın özü də digər geosiyasi oyunçuların regiona gəlməsinə maraq göstərmir.

Hesab edirəm ki, Paşinyan uzun müddət bu siyasətini davam etdirsə, bu, Ermənistana öz mənfi təsirlərini göstərəcək. Nəticədə yaxın perspektivdə Ermənistan üçün faciəli durum yarana bilər.

Paşinyanın yürütdüyü kadr siyasəti həm Azərbaycan, həm də Rusiyada müzakirə mövzusudur. Amma Paşinyanın kadr siyasəti akdemik səviyyədə olsa belə, bir şey gün kimi aydındır: Ermənistan 28 illik işğal dövründə öz iqtisadiyyatını inkişaf etdirə bilməyibsə və ermənilər kütləvi olaraq öz ölkələrini tərk edirlərsə, bölgədəki yeni geosiyasi reallıqlar kontekstində Azərbaycan və Türkiyə ilə münasibətlər bərpa olunmasa, bu böhranlı durumun qarşısını almaq mümkün olmayacaq.

Ermənistanın gələcəyini "təyin olunmuş" peşəkar qərbyönlü siyasətçilər yox, Nikol Paşinyanın müəyyən edəcəyi strateji xarici siyasət prioritetləri müəyyən edəcək. Bu siyasət də özündə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasını ehtiva etməyəcəksə - Ankara və Bakı ilə sülh müqaviləsi imzalanmayacaqsa, 10 noyabr bəyannaməsində göstərilən bütün müddəlar qeyd-şərtsiz yerinə yetirilməyəcəksə Paşinyan və bütün Ermənistanın gələcəyi şübhə altında olacaq.

- Fransa Prezidenti Emmanuel Makron yenidən Paşinyanla danışıb və ermənilərə öz dəstəyini ifadə edib. Cidd-cəhdlə proseslərdə yer almaq istəyən Makron istəyinə nail olacaqmı? Məsələn, Paşinyanın buna razılıq verməsi Fransa üçün kifayətdirmi ki, burda özünə yer etsin?

- Bu, Nikol Paşinyanın növbəti uğursuz cəhdidir. Çünki Makronun 2022-ci ildə Fransada keçiriləcək seçkilərdən əvvəl kiçik də olsa, uğura ehtiyacı var. Makron belə bir uğuru əldə etmək üçün Suriya, Liviya, Aralıq dənizinin şərqi və Afrikanın şimalında müəyyən layihələr həyata keçirməyə cəhdlər göstərdi. Amma qardaş Türkiyə buna imkan vermədi.

Böyük geosiyasi uğursuzluğa düçar olan Makron bu dəfə Cənubi Qafqazda özünü göstərməklə qarşıdakı seçkilərdə Fransadakı erməni seçicilərin səsini və diasporunun maliyyəsini qazanmağa çalışır. Makronun növbəti dəfə Ermənistanı belə boş xəyyallara düçar etməsi ermənilərə müsbət heç nə qazandırmayacaq.

Bu gün Ermənistana hər cür hərbi yardım vəd edən Fransa ilk güllə atılan kimi aradan çıxacaq. Heç bir fransız əsgəri Azərbaycana qarşı Ermənistan tərəfində döyüşmək istəməyəcək və istəmir. Eləcə də, heç bir fransız əsgəri ölmək üçün bura gəlməyəcək. Biz bunu 2008-ci ildə Gürcüstan və Rusiya arasında baş vermiş qısamüddətli müharibədə görmüşük. Makron Ermənistanı da meydanda tək qoyaraq aradan çıxacaq, məğlubiyyəti yenə də erməni xalqı yaşayacaq.

Əgər Paşinyan kiminsə geosiyasi maraqları naminə sərhəddə təxribatlara yol verirsə, bunun nəticələrini də nəzərə alıb ən azı iki dəfə düşünməlidir. Əka halda, növbəti zərbə Ermənistanla yanaşı, onun özünə də dəyəcək ki, bu da o ölkəni heç kəsə lazım olmayan bir duruma salacaq.

- Bəs İranın Ermənistandakı səfiri Abbas Bədəxşan nə üçün Basakeçər rayonuna – bu ölkənin Azərbaycanla sərhəd ərazilərinə gəldi? Sərhəddə vəziyyətin gərgin olduğu bir vaxtda baş tutan bu səfər özündə hansı mesajları ehtiva edir?

- Bu, bir daha İranın “İslam çətiri” altında nə qədər riyakar siyasət yürütdüyünü ortaya qoyur. Çünki İslam bir din olaraq birləşdirici amildir, dağıdıcı və parçalayıcı yox. Əgər İran İslamın bayraqdarı olmaq istəyirsə, o zaman işğalçı Ermənistanı yox, müsəlman Azərbaycanı dəstəkləmək məcburiyyətindədir.

Biz belə bir dəstəyi 44 günlük Vətən müharibəsində gördükmü? Görmədik! Üstəgəl, bu gün də anti-Azərbaycan siyasəti ilə fərqlənir. Digər yandan, səfirin nümayişkaranə şəkildə Basarkeçərə gəlməsi onu gəstərir ki, İran Zəngəzur dəhlizinin açılması siyasətindən o qədər də məmnun deyil.

İran ondan narahatdır ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasından sonra bu ərazilərə nəzarəti götürə bilər. Bu, Türkiyə və Azərbaycan arasında birbaşa quru əlaqələrin qurulması deməkdir. İran da bunu istəmir. Çünki bu yol təkcə Azərbaycan və Türkiyənin yox, bütün türk dünyasının birləşməsi anlamına gəlir. Bu da İranı ciddi şəkildə narahat edən əsas məqamdır. Səfirin bu səfərini də Azərbaycan və Türkiyəyə verilmiş mesaj hesab etmək olar.


Müəllif: Mənsur Rəğbətoğlu