“İran silah götürüb Ermənistan tərəfindən Azərbaycana qarşı vuruşması məsələsinə cəsarət etməz. Birincisi, bu, beynəlxalq hüquqa uyğun gəlmir. Əgər İran buna əl atırsa, o deməkdir ki, İran Azərbaycana qarşı işğalda iştirak edir. Digər yandan, İran istər müharibə, istərsə də işğal dövründə Ermənistana hərbi, maddi və humanitar yardımlar edib. Məsələn, Azərbaycan ərazilərini işğal edən erməni tankları İran yanacağı ilə işləmişdilər. Bu, elə İranın işğal əməliyyatlarında dolayı yolla iştirak etməsi demək idi”.
Politoloq Sədrəddin Soltanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Ermənistan-Azərbaycan sərhədində durumun həssas olduğu bir vaxtda İranın İrəvandakı səfiri Abbas Bədəxşan Basarkeçərə gəldi. Səfirin düşmən səngərindən Azərbaycan ordusunun mövqelərini durbinlə müşahidə etməsi də diqqətdən yayınmadı. Cənub qonşumuzun bu davranışını necə izah etmək olar? Amma biz bir dəfə görmədik ki, İran səfirləri 30 il işğalda olan ərazilərə getmək təşəbbüsü irəli sürsünlər. Görünür, İran sərhəddəki durumdan yox, Azərbaycanın qələbəsindən narahatdır.
- İran Ermənistan və Azərbaycan arasındakı durumdan narazılıq və narahatlığını bildirir. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ötən aylarda Bakı, İrəvan və Moskvada olarkən də narahatlığını dilə gətirmişdi. İndi səfirin bölgəyə gəlməsi də bu durumla bağlıdır. Ola bilsin ki, orada səfirə sərhəddəki durum, guya hansısa ərazilərin ermənilərə məxsus olması haqda məlumat veriblər. Ermənilər diplomatik təbliğat vasitəsi kimi səfirdən istifadə ediblər. İranın İrəvandakı səfiri də ermənilərin bu işinə razılıq verib. Amma səfir ora İran hakimiyyətinin razılığı olmadan təklif olsa belə, gedə bilməz. Görünür, bu təklif İranı qane edib ki, səfir vəziyyəti öz gözləri ilə görmək üçün ora gedib. Hətta ola bilər ki, səfir ora öz xahişi və ya istəyi ilə də gedib.
İranın Azərbaycanın qələbəsindən narahatlığına gəldikdə, Tehran 44 günlük müharibədən sonra bəyan etdi ki, bölgədə sərhədlərin dəyişdirilməsinə qarşıdır. Bilirsiniz ki, İran həm 44 günlük müharibədə, həm də işğal dövründə həmişə Ermənistanın yanında olub. Azərbaycan Qarabağdakı ikinci müharibədən qələbə ilə çıxdıqdan sonra bölgədə fərqli şərait yarandı. Azərbaycan bu müharibədə İranla sərhəddəki işğal edilmiş ərazilərini də geri qaytardı. Beləliklə, Azərbaycan İranla sərhədlərini bərpa etdi. Bu, İranda narahatlıq yaratdı. Çünki İran həmin işğal altında olan ərazilərdə müəyyən işlər görürdü. İran orada qanunsuz kənd təsərrüfatı işləri həyata keçirir, Allah bilir, oradakı separatçılarla qanunsuz narkotik ticarəti ilə məşğul olurdu, narkotik bitkilərinin yetişdirilməsində iştirak edirdi və s. Bu haqda bir çox məlumatlar yayılıb. İndi İranın vaxtilə işğalda olan ərazilərdən qazancı kəsilir. Bu da onda narahatlıq yaradır.
Bu gün isə Azərbaycanla münasibətləri normallaşdırıb azad edilmiş ərazilərdə yenidən fəaliyyət göstərmək lazımdır. Buna cəhd edirlər, amma nəticə əldə edə bilmirlər. Azərbaycan maraqlıdır ki, İran Zəngəzur dəhlizinin açılmasında iştirak etsin və regional əməkdaşlığa cəlb olunsun. Amma İran-Rusiya-Ermənistan üçlüyünün fəaliyyəti bu dəhlizin açılmasını və ya regional əməkdaşlığı əngəlləyir. Rusiya, İran və Ermənistan strateji müttəfiqdirlər. İran da Rusiya kimi Ermənistanın bu yöndəki pozuculuq fəaliyyətlərini tənqid etmir. İran, eyni zamanda sərhəddəki gərginliyə münasibətdə Ermənistanı qınamır və ondan SSRİ dövründəki sərhədlərinə çəkilməsini tələb etmir. Boş bəyanatlar verməklə münasibətləri saxlamağa çalışır. Bunlar İranın işğal dövründə verdiyi boş bəyanatlara bənzəyir. O zaman da İran açıqlama verirdi ki, münaqişə dinc yolla həll edilməlidir və s. Amma İran Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmasını tələb etmirdi. İndi isə vəziyyət dəyişib, nəticədə İran səfiri Ermənistandan bu yana – Qarabağa durbinlə baxır.
- Tez-tez İrandan açıqlama verilir ki, “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir”. Təhdidə bənzəyən bu açıqlamanın arxasında hansı məqam durur? Bu, o təəssüratı yaradırmı ki, prosesləri öz “məntiq”i ilə qiymətləndirən İran özünün uyğun bildiyi hansısa bir situasiyada əlinə silah alıb Azərbaycana qarşı döyüşməyə belə hazırdır?..
- “Ermənistanın ərazi bütövlüyü” deyəndə ki, Ermənistanın torpaqlarını kim işğal edir ki? Azərbaycan heç kimin torpağını işğal etmir. Azərbaycan öz qonşularının ərazi bütövlüyünü tanıyır. “Qırmızı xətt” deyəndə, Ermənistanın SSRİ dövründəki sərhədləri nəzərdə tutula bilər. SSRİ Ermənistanın sərhədlərini necə çəkibsə, bu xətlər daxilində qalanlar onun əraziləridir. Ermənistanın bundan başqa harda əraziləri var ki, İran hakimiyyəti müştəbehlik edib oranı “erməni ərazisi” sayıb, oranı “qırmızı xətti” adlandırır?! Bunlar cəfəngdir.
Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası başa çatmayıb. Bu, başa çatmadığına görə, iki ölkə arasında sülh sazişi də imzalanmayıb. İran da bundan narahatdır ki, guya sərhəd bölgüsü başa çatmadığına görə, Azərbaycan Ermənistandan ərazi qopara bilər. Əgər İran bu düşüncədədirsə, yanlışlıq edir. Bu, yolverilməzdir. Azərbaycanın kiminsə torpağında gözü yoxdur. Azərbaycan SSRİ dövründəki sərhədlərini bərpa etmək istəyir. Rusiyaya da, Ermənistana da, digərlərinə də bəyan edir ki, sərhədlər haradan keçir. Ermənistan da hələ ki, vaxt udmaq və regiona başqa qüvvələrin cəlb olunması üçün oyun oynamağa çalışır.
İranın silah götürüb Ermənistan tərəfindən Azərbaycana qarşı vuruşması məsələsinə gəldikdə, buna cəsarət etməz. Birincisi, bu, beynəlxalq hüquqa uyğun gəlmir. Əgər İran buna əl atırsa, o deməkdir ki, İran Azərbaycana qarşı işğalda iştirak edir. Digər yandan, İran istər müharibə, istərsə də işğal dövründə Ermənistana hərbi, maddi və humanitar yardımlar edib. Məsələn, Azərbaycan ərazilərini işğal edən erməni tankları İran yanacağı ilə işləmişdilər. Bu, elə İranın işğal əməliyyatlarında dolayı yolla iştirak etməsi demək idi. Amma İranın birbaşa bu qarşıdurmada iştirak etməyə cürəti çatmaz. Ermənistana müxtəlif yardımlar etməklə onu Azərbaycana qarşı dəstəkləyə bilərlər.
- Ümumiyyətlə, İran qonşuluğundakı Azərbaycanı qəbul etmək istəmir?
- Azərbaycan 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra İran mərkəzi hakimiyyəti bundan narahat olmağa başladı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda da İrandakı şah rejimi bundan narahat olmuşdu. İran o zaman Azərbaycanın adının dəyişdirilməsini istəmişdi. Bildirmişdilər ki, İranda bu adda vilayət var. Buna görə “Qafqaz Azərbaycanı” adını təklif etmişdilər. İranın Azərbaycana münasibəti bu gün də dəyişməyib.
Bu gün İranda Güney Azərbaycan Milli Hərəkatı var. Bu milli hərəkatın öz hədəfləri mövcuddur, milli haqların təmin olunması yönündə fəaliyyət göstərir. İran da bundan narahatdır ki, ölkəsinin şimal sərhədlərində ərazi bütövlüyü təmin olunmuş, demokratik, güclü Azərbaycan formalaşar və o, Güney Azərbaycandakı insanlar üçün örnək ola bilər. İran bundan həmişə narahatdır. Məsələn, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Güneydə Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında Milli Azadlıq Hərəkatı başlamışdı. Azərbaycan SSRİ-nin tərkibində olan Güneydə Pişəvərinin rəhbərliyi altında milli hökumət qurulmuşdu. Sonrakı dövrlərdə Azərbaycan SSRİ-dən çıxmaq yönündə mübarizə apardı və buna nail oldu. Amma Güneydə təşkilatlanmış fəaliyyət olmadığından oradakı türklərin apardığı mübarizə sadəcə olaraq, təbliğat-təşviqat xarakteri daşıdı. Bununla belə, Azərbaycanın müstəqilliyini qazanması dünyada Güney Azərbaycan türklərinin milli oyanışına güclü təkan verdi.
1998, 2000 və 2006-cı il hadisələri, Babək qalasına yürüş – bunların hamısı Güneydəki milli hərəkatın göstəriciləridir. İran da bir gün Güney Azərbaycan türklərinin öz hədəflərinə çatacağından, milli haqlarının yerinə yetiriləcəyindən ehtiyatlanır. Buna görə də Azərbaycanın zəifləməsinə və mərkəzi hakimiyyətinin fars düşüncəsindən asılı olmasına çalışır. Amma hadisələr kimlərinsə arzuları yönündə getmir, zaman hər şeyi yerinə qoyur.