5 Avqust 2021 18:56
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə hər zaman - yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır. Qardaş Türkiyədə tüğyan edən meşə yanğınları zamanı da yardım əlini uzadan ilk ölkə Azərbaycan oldu. Bu hadisə Türkiyə qədər bizi də sarsıtdı. Prezident İlham Əliyevin başsağlığı məktubunda, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsindəki paylaşımında da qeyd olunduğu kimi Azərbaycan xalqı və dövləthər zaman qardaş xalqın yanında olduğunu nümayiş etdirir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, iki ölkənin dostluğu və qardaşlığının daha bir nümunəsi Prezident İlham Əliyevin tapşırığına əsasən, meşə yanğınlarının söndürülməsi məqsədilə yardım-xilasetmə dəstələrinin göndərilməsi oldu: “Canlı heyət, təyyarələr alov bürüyən ərazilərin söndürülməsi və soyudulması prosesində aktiv iştirak etməkdədilər. Ötən gün meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə 40 ədəd yanğınsöndürmə texnikası, bir ədəd amfibiya təyyarəsi, 150 nəfər yanğınsöndürənin daxil olduğu 3-cü qrup da Türkiyəyə yola düşdü”.

Deputat xilasetmə zamanı azərbaycanlı xilasedicilərin Türkiyə bayrağına sevgisininin də şahidi olduğumuzu söyləyib: “Yanğınlar içərisindən ay-ulduzlu bayrağı yanmağa qoymayan azərbaycanlıların bu davranışı qardaş ölkədə də ehtiramla qarşılandı. Eyni zamanda xarici işlər nazirləri arasında telefon danışığı zamanı da meşə yanğınları ilə bağlı son vəziyyət müzakirə olunub. Mövlud Çavuşoğlu Azərbaycanın meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib. Rəsmi Bakı hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə hər cür yardımı göstərməyə hazır olduğunu bir daha bəyan edib”.

Könül Nurullayeva qeyd edib ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir: “Bizi birləşdirən bir çox amillər var. Tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında nadir əməkdaşlıq, müttəfiqlik nümunəsi göstəririk. Azərbaycan və Türkiyə yanğınlarla birgə mübarizə aparır. Biz Türkiyənin bu təhlükədən tezliklə xilas olmasını arzulayırıq. Azərbaycan bu prosesdə də sona qədər qardaş ölkənin yanındadır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər