6 Avqust 2021 19:58
1 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Qarabağdakı 25 minlik erməni icmasına hansısa statusun verilməyəcəyi ilə bağlı öz qətiyyətli mövqeyini ortaya qoyub. Bir sıra Qərb dövlətləri isə erməni icmasına statusun verilməsində maraqlıdır. Baxmayaraq ki, Azərbaycanla yanaşı Rusiya da bəyan edib ki, münaqişə bitib və Putin Qarabağın Azərbaycan ərazisi olduğunu bildirib, amma bu o demək deyil ki, Moskva və Qərb statusla bağlı əvvəlki mövqelərindən geri çəkiliblər. Makronun canfəşanlığı da bununla bağlıdır”.

Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Fransa Prezidenti Emmanuel Makron Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng etdi. Bura qədər aşkar formada Ermənistanı dəstəkləyən Makronun zəngini necə izah etmək olar, nəyə nail olmaq istəyir?

- Qənaətimə görə, Fransanın bölgədə baş verənlərə münasibəti Avropa Birliyinin regionla bağlı geosiyasi maraqlarından irəli gəlir. Təbii ki, Rusiyanın moderatorluğu ilə 10 noyabr və 11 yanvar bəyanatlarının imzalanması Fransa və ya Qərbi razı salmayıb. Fransa da Minsk qrupunun həmsədr ölkələrindən biri idi və burada Avropa Birliyini təmsil edirdi. Rusiyanın bölgədə nüfuz dairəsini genişləndirməsi, öz sülhməramlılarını həmsədrlərlə razılaşdırmadan Qarabağda yerləşdirməsi, Minsk qrupunun digər üzvlərində - Fransa və ABŞ-da narazılıq yaratdı. Düşünürəm ki, Fransa həm Rusiyanın bölgəyə təsir imkanlarının qarşısını almaq, həm də öz maraqlarının təmin olunması baxımından revanş götürməklə özünün və Avropa Birliyinin itirilmiş mövqelərini bərpa etmək istəyir. Makronun Ermənistanla razılaşması, eləcə də Avropa Birliyinin rəhbəri Şarl Mişelin İrəvanda səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın qələbəsindən sonra bölgədə yaranmış yeni reallıqlar Qərbi məmnun etmir.

Fransa və Avropa Birliyi bu reallığı dəyişdirmək üçün öz təkliflərini irəli sürürlər. Məqsəd yenidən ATƏT-in Minsk qrupunun vasitəçiliyini bərpa etməkdir və ilk növbədə, bununla bağlı Azərbaycanın razılığını almaqdır. Bununla “Dağlıq Qarabağın statusu” məsələsini gündəmdə saxlamağı hədəfə alıblar. Təsadüfi deyil ki, Şarl Mişel İrəvanda olarkən, Avropa Birliyinin Ermənistanın yanında olduğunu dedi. Bununla yanaşı, Mişel Avropa Birliyinin Ermənistana 2.6 milyard avro ayıracağını və rəsmi Bakı ilə aparılan danışıqlardan fərqli olaraq, orada “status” məsələsini dilə gətirdi.

Fransa və Avropa Birliyi əvvəllər də olduğu kimi, Qarabağ məsələsinə yanaşmada ikili standartlardan çıxış edirlər. Məqsədləri də Ermənistanın, eləcə də Fransanın maraqlarına cavab verməyən geosiyasi reallıqları dəyişdirmək və Rusiyanın artan təsirlərinin qarşısını almaqdır. Düşünürəm ki, Rusiya Prezidenti Putin istər Makron, istərsə də Baydenlə apardığı danışıqlarda tərəflərin bu məsələlərlə bağlı mövqelərinin yumlaşdılmasına cəhd göstərir. Hər halda Rusiya Fransa və ABŞ-la razılaşdırmadan bu məsələnin həllində vasitəçilik missiyasını öz üzərinə götürdü. Nəticədə münaqişə tərəfləri arasında razılaşmalar əldə edildi. Amma hələlik sülh sazişinin imzalanması gündəmdə deyil.

Azərbaycan Qarabağdakı 25 minlik erməni icmasına hansısa statusun verilməyəcəyi ilə bağlı öz qətiyyətli mövqeyini ortaya qoyub. Bir sıra Qərb dövlətləri isə erməni icmasına statusun verilməsində maraqlıdır. Baxmayaraq ki, Azərbaycanla yanaşı Rusiya da bəyan edib ki, münaqişə bitib və Putin Qarabağın Azərbaycan ərazisi olduğunu bildirib, amma bu o demək deyil ki, Moskva və Qərb statusla bağlı əvvəlki mövqelərindən geri çəkiliblər. Makronun canfəşanlığı da bununla bağlıdır.

- Rus qoşunlarının Qazaxın işğal altında olan Əskipara kəndində yerləşdirilməsi haqda iddialar var. Bu addım hansı səbəbdən atıla bilər?

- Hələlik bununla bağlı nə Bakıdan, nə də Moskvadan rəsmi açıqlama verilib. Amma məlum fakt budur ki, İrəvan üzvü olduğu KTMT-yə müraciət edib ki, sərhədlərin birgə təhlükəsizliyi təmin olunsun, üstəgəl, rus sərhədçiləri Ermənistanın sərhədlərinin təhlükəsizliyi missiyasını öz üzərinə götürsünlər. Ermənistan və Paşinyanın bu müraciəti anlaşılandır. Azərbaycanla müharibədə ağır məğlubiyyətə uğramış Ermənistan savaşın yenidən başlayacağı qorxusu içindədir. Azərbaycan dəfələrlə bəyan edib ki, Moskva anlaşmalarının bütün şərtləri, eləcə də Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmalar yerinə yetirilməsə, bunların reallaşdırılması üçün alternativ variantlara əl ata bilərik. Rusiya və KTMT-yə müraciət edən, eləcə də anlaşmaları yerinə yetirməkdən boyun qaçıran Ermənistan da özünü növbəti məğlubiyyətdən sığortalamaq istəyir.

Birincisi, Ermənistan Rusiya və KTMT qüvvələrini sərhəddə yerləşdirməklə, həmin dövlətləri bu prosesə cəlb etmək niyyəti güdür. İkincisi, Paşinyan Rusiyanı bura cəlb etməklə Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən yayınmaq istəyir. Paşinyan Rusiya amilindən Azərbaycana qarşı çəkindirici faktor kimi istifadə etməyə çalışır. Amma Putin iqtidarı Paşinyanın həyata keçirdiyi siyasətdən məmnun deyil. Paşinyan buna görə də, Rusiyaya münasibətdə ehtiyatlı olmağa başlayıb. Bu da Paşinyanın korporativ maraqlarından irəli gəlir. Paşinyan ümid edir ki, Minsk qrupunun yenidən fəallaşmasından sonra bölgədə yeni geosiyasi reallıq yarana bilər.

Paşinyan qərbpərəst siyasətçidir. Onun son zamanlarda Rusiyaya bağlı yüksək çinli zabitləri ordudan qovması da buna dəlalət edir. Eyni zamanda, Paşinyan yaxşı bilir ki, Rusiya yaxın perspektivdə Ermənistanın ehtiyacının olduğu yüksək texnologiyaları və krediti ona verə bilməyəcək. Buna görə də Qərblə əvvəlki münasibətlərini qorumağa çalışır. Amma Paşinyanın Ermənistanı Rusiyanın əlindən alması üçün imkanları Moskva ilə müqayisədə çox zəifdir. İkili oynayan Paşinyan isə Qərbdən istədiyi maliyyəni almaq istəyir, Rusiya vasitəsilə isə Ermənistanın təhlükəsizliyini təmin etməyə çalışır.

- Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Bikantov bildirib ki, hazırda Azərbaycan-Ermənistan sərhədi boyunca sərhədçilərin yerləşdirilməsi mümkün deyil, çünki sərhədlər müəyyənləşməyib. Bu açıqlamanı necə başa düşək, bu o deməkdirmi ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında bununla bağlı müqavilə imzalanacaq?

- Bu müqavilənin imzalanmasına böyük ehtiyac var. Sərhədlər benynəlxalq birlik tərəfindən tanınsa da, Ermənistanın 1990-cı illərdəki təcavüz nəticəsində pozulmuşdu. Nəticədə Azərbaycan özünün İranla sərhədlərinin bir hissəsinə nəzarət edə bilmirdi. Azərbaycanın müharibədə qazandığı ən böyük uğurlarından biri də budur ki, özünün İranla sərhədlərini bərpa etdi. Ermənistanla sərhədlərin də müəyyənləşməsinə ehtiyac var. Çünki belə mübahisələr sonradan yeni ərazi münaqişəsinə səbəb ola bilər. Azərbaycanın bu məsələdəki mövqeyi beynəlxalq hüquq normalarına söykənir. Amma təəssüflər olsun ki, bu gün beynəlxalq hüquq qlobal geosiyasətin ciddi təsirlərinə məruz qalır. Qlobal güclər öz maraqlarına uyğun gəldikdə beynəlxalq hüququ görməzlikdən gələ bilirlər. Rusiya da burada istisna deyil. Rusiyanın sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı açıqlamaları onun geosiyasi maraqları baxımından anlaşılan olsa da, beynəlxalq hüquq nöqteyi-nəzərindən başadüşülən deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər