AŞPA Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Fransa Prezidenti Emannuel Makronun Prezident İlham Əliyevlə növbəti telefon danışığı oldu. Fransanın bundan sonrakı mərhələdə Azərbaycanla əməkdaşlıqda, məsələlərin birgə həlli iqtiqamətində təşəbbüskar olacağına dair mülahizələr irəli sürülür. Bu, nə dərəcədə real görünür?
- Sözsüz ki, Azərbaycana qarşı olan yanaşmalar bundan sonra dəyişməyə məhkumdur. Çünki elə bir reallıq, geosiyasi mənzərə mövcuddur ki, bunu kimsə qəbul etməyə bilər. Hansısa provakasiyaların da olması mümkündür. Hətta məsələlər artıq istədiyimiz istiqamətdə getməyə bilər. Bəzi beynəlxalq təşkilatların da müəyyən sənədlər təqdim etməsi mümkündür. Beynəlxalq səviyyədə dövlət başçıları da nəyəsə münasibət bildirə bilərlər. Ancaq getdikcə insanlar, qurumlar, siyasətçilər, ölkələr, dünyanı idarə edən qüvvələr dərk edəcəklər ki, bu reallıqla hesablaşmaq lazımdır. Çünki bu reallıq artıq dünyanın regionda siyasi mənzərəsini köklü şəkildə birdəfəlik dəyişdirib. Həmçinin Fransa senatının qəbul etdiyi qətnamələr, bəyanatlar, bu ölkə prezidentinin çıxışları bizim diqqətimizdən yayınmayıb. Amma getdikcə bunların təsiri, gücü və səviyyəsi səngiməyə başlayıb. Eyni zamanda bu hal tək Fransaya aid deyil. Bütün ölkələrə dair məsələdir. Bundan sonra biz daha çox konstruktiv yanaşmalar görəcəyik. Çünki Azərbaycanla əməkdaşlıq etmək artıq hamı üçün maraqlıdır.
- Bəzi Qərb dövlətlərinin Ermənistana müəyyən vədləri fonunda seçkidən sonra Paşinyanın fərqli açıqlamalarının şahidi oluruq. Sizcə, onun ritorikası öhdəliklərinə nə qədər adekvatdır?
- Ermənistanın 44 günlük müharibədən sonra siyasi mənzərəsi göz önündədir. Ölkədə xaos, hərc-mərclik baş alıb gedir. Amma Ermənistanda parlament seçkilərindən sonra onlar üçün bir şans yarandı ki, reallığı qəbul etsinlər. Erməni tərəfi Azərbaycanla normal şəkildə əməkdaşlıqda maraqlı olsa, bir dövlət kimi regionda hər hansı bir nüfuza malik olmaq şansı yarana bilərdi. Amma onlar özlərini elə apardılar ki, nəticədə Azərbaycan Ermənistan sərhədində rus qoşunları yerləşdirilməyə başladı. Bu isə o deməkdir ki, Ermənistan öz müstəqilliyini tamam itirir. İndiyə kimi rus qoşunları ancaq Ermənistanın İranla və digər ölkələrlə sərhədlərini qoruyurdusa, bu gün Azərbayanla sərhədlərində də yerləşir. Bunu da Ermənistan siyasi rəhbərliyinin özü edir. Beləliklə Ermənistan faktiki olaraq müstəqilliyini itirir. Azərbaycan isə Dağlıq Qarabağın azad edilməsi ilə Ermənistana müstəqil dövlət kimi formalaşmaq üçün şans vermişdi. Ermənistan bundan sonra müstəqil dövlət kimi özünü təsdiq edə bilərdi.
Qarabağın işğal iddiasından əl çəkilsəydi, dünya Ermənistanı müstəqil bir dövlət kimi qəbul edəcəkdi. İşğalçılığa, təcavüzə olan meyillər isə Ermənistanı müstəqilliyini itirmək təhlükəsinə daha yaxın edir. Bu gün Ermənistanda artıq elə bir yer qalmayıb ki, ora rus əsgəri yerləşdirilməsin. Bu ölkədə bütün infrastruktur demək olar ki, rusların əlindədir. Belə olan halda bundan sonra hansı müstəqil erməni dövlətindən danışmaq olar. Erməni parlamentində əl qaldırıb səs vermək müstəqillik demək deyil.
- Ermənistana Avropa Birliyinin yardımı fonunda bu ölkənin siyasi xəttində hansısa bir dəyişikliyin olacağını mümkün sayırsınızmı?
- Bu gün Ermənistanda olan siyasi qüvvələr özlərini Avropaya bir qədər yaxın formada təqdim etməyə çalışırlar. Burada da böyük bir məntiqsizlik var. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Gömrük İttifaqının üzvü olan Rusiya qoşunlarını tam şəkildə ərazisinə nəzarət edən dırnaqarası bir dövlətə Avropa Birliyi pul ayırır. Onlar da ümid edirlər ki, guya Ermənistanda demokratik proseslər var. Əslində isə heç bir demokratiya yoxdur. Bu ölkədə demokratiyaya aid heç bir tendensiya tapmaq mümkün deyil. Burada isə məqsəd tamamilə başqadır. Bunun əksinə olaraq Azərbaycan müstəqil siyasət yürüdür. Ölkəmizin heç bir mərkəzdən asılılığı yoxdur. Dövlətimizin qarşılıqlı əlaqələri olsa da, heç kəsdən asılılığı yoxdur. Bu baxımdan Azərbaycan onlara başqa tərzdə maraqlıdır. Gürcüstanın isə mövqeyi bəllidir. Bu ölkə ilə bağlı məsələlər tamamilə fərqli bir tərzdə inkişaf edir. İndi bu ölkədə vəziyyət heç də asan müstəvidə getmir. Ermənistan isə Qərbə daha çox alət olaraq lazımdır. Bu ölkəyə ayrılan vəsaitlər də məhz bu məqsədlərə hesablanıb.
Vaxtilə Ermənistana 4 milyard dollar həcmində əvəzsiz silah-sursat verilmişdi. Həmin silahları bir qismi indi bulvardakı Hərbi Qənimətlər Parkındadır. Bu baxımdan Ermənistana maliyyənin ayrılması ilə nəyinsə həll olunacağına inanmaq sadəlövhlük olar. Maliyyə ayrıla bilər. Amma onun nə cür və nəyə xərclənməsi ilə bağlı məsələlər önəmlidir. Məlumdur ki, Avropa qurumları bu cür qrantları, pulları birbaşa həmin ölkənin əhalisinə ayırmır. Zavodların, fabriklərin tikintisinə də bu pullar ayrılmır. Bu vəsaitlər Avropanın öz mütəxəssislərinə ayrılır ki, onlar da gedib Ermənistanda normal bir cəmiyyət qursun. Ermənistanda isə normal cəmiyyət anlayışı mövcud deyil. Çünki erməni cəmiyyəti normal prinsiplərin əsasını özü yaratmalıdır. Ermənistan iqtidarı, xalqı isə öz müqəddəratını artıq başqa dövlətə verib. Bundan sonra bu ölkəyə 60 milyard dollar ayrılsa belə bunun sonunun hara qədər gedəcəyi hər kəs üçün bəllidir.