Türkiyədəki yanğınların masştabına, xəttinə baxanda aydın görünür ki, terror aktlarıdır. Yanğın birdən-birə 10 kilometrlik bir cığırla başlayır. Deməli, burada məqsədli niyyət var.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
Onun sözlərinə görə, onlar buna görə cəzalarını alacaqlar: "Dünyada meşə yanğınları həmişə olub. Bundan sonra da heç bir dövlət bundan sığortalanmayıb. Azərbaycan böyük bir heyətlə qardaşının yanındadır. Bizimkilər orada fədakarlıq edir. Türk mətbuatı da bu haqda yazır. Cənab Rəcəb Tayyib Ərdoğan da Azərbaycana bu yardımlara görə təşəkkürünü bildirib. İnşallah bu bəla tez bir zamanda keçib gedər. Yanan meşələr qısa müddətdə bərpa olunacaq, təbiət özü-özünün həkimidir. İndi ümumiyyətlə, ABŞ-da, İtaliyada, Yunanıstanda və digər yerlərdə yanğınlar var. Belə bir söz deyirlər ki, rusiyalılar amerikalıları, amerikalılar da rusiyalıları "yandırır". Bu mənada qardaş Türkiyədə olan yanğınlarda da kimlərinsə əli ola bilər. PKK-nın adı hallanır. Amma onlar bir maşadır. PKK kimdir ki, belə bir addım atsın. Onları idarə edənlər var".