10 Avqust 2021 09:14
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, hazırda Azərbaycan-Ermənitsan sərhədində delimitasiya və demarkasiya prosesləri gedir. Sizcə, bölgəyə kənar qüvvələrin yerləşdirilməsi və sərhəd xətti boyunca təhlükəsizliyin məhz həmin qüvvələr tərəfindən təmin olunması ilə bağlı səslənən fikirlər nə dərəcədə məntiqlidir?

- Ermənistan bu gün sərhədlərin dəqiqləşdirilməsi məsələsini mürəkkəbləşdirməyə çalışır. Əks halda 1976-cı ildə keçmiş SSRİ-i müdafiə nazirliyinin hərbi xəritəsinə əsasən öz qoşunlarını həmin xətdən kənarda yerləşdirməlidir. Azərbaycan hazırda Vətən müharibəsindən sonra ən müasir texnikalardan istifadə edərək Ermənistanla sərhəd xəttini bərpa edir. Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bu ölkə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlərdən uzaq durmağa çalışır. Bunun üçün müxtəlif bəhanələr gətirir. Erməni tərəfi bura artıq üçüncü dövlətləri cəlb etməyə, prosesi uzatmağa və diplomatik fəndlərdən istifadə edərək ərazi bütövlüyü məsələsini qeyri-müəyyən vaxta saxlamağa çalışır. Ancaq bütün bunların hamısı əbəsdir. Müharibə bitib. Azərbaycan öz sərhəddinə çıxıb. Artıq hansısa bir beynəlxalq hüquqdan kənar addımlar atılmasına da Azərbaycan imkan verməyəcək. Hər hansı bir üçüncü qüvvənin Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməsi qeyri-mümkün olan bir məsələdir. Ermənistan əgər öz sərhəddi daxilində hansısa qoşunları yerləşdirəcəksə, bu, onun daxili işidir. Ancaq Azərbaycan ərazisini mübahisəli elan etmək, sərhədləri şübhə altına almaq kimi atılan addımlar heç vaxt həyata keçməyəcək. Azərbaycan rəhbərliyinin bu məsələdə mövqeyi qətidir. Ölkəmiz Ermənistanla sülh müqaviləsi bağlanmasını təklif edir. Bu məsələdə beynəlxalq hüquq və vaxtilə SSRİ-nin hərbi xəritələrində müəyyən olunmuş xətlə sərhədlərin dəqiqləşdirilməsinin üzərində dayanır. Ermənistan gec-tez Azərbaycanın bu variantını qəbul etməlidir.

- Zəngəzur dəhlizinin açılması Qərbin də marağındadır. Paşinyan da dəhlizin kommunikasiyaların açılmasını vacib hesab edir. Bunlara baxmayaraq proses niyə ləngiyir?

- Hər halda Paşinyan başa düşür ki, bu gün fəlakət vəziyyətinə düşmüş ölkəsinin xilası üçün əlavə maliyyə mənbələri lazımdır. Heç bir ölkə, o cümlədən sözdə onu müdafiə edən erməni diaspor dairələri ora milyardlarla vəsait qoymayacaq. Bu, perspektivsiz bir işdir. Yeganə çıxış yolu qonşu ölkələrlə mehriban münasibətdən keçir. Bunun üçün göydəndüşmə olan Zəngəzur dəhlizinin açılmasına dəstək verilməlidir. Ancaq siyasi spekuliyasiyalar edilir və məsələni uzatmağa çalışırlar. Bilinmir, bu Paşinyanın məsələnin əhəmiyyətini dərk etməməsindən irəli gəlir, yoxsa o revanşist qüvvələrin müəyyən bir hissəsini öz tərəfinə çəkməyə çalışır. Amma istənilən halda onun etdiyi gediş Ermənistanın özünü çətin vəziyyətə salır. Çünki bu, yüz milyonlarla dolların büdcəyə gəlməsinin qarşısını almaq deməkdir. Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, böyük bir region üçün əhəmiyyətlidir. Bu yol vasitəsi ilə Orta Asiya, Rusiya, Türkiyə, Yaxın Şərqə, o cümlədən Avropaya çıxış imkanı yaranır. Bu gün dünya dərk edir ki, Zəngəzur dəhlizi regionda təhlükəsizliyin əsas qarantlarından biri hesab oluna bilər. Azərbaycan öz tərəfindən hazırlığını görür. Ölkəmiz bununla ayanaşı 10 noyabr və 11 yanvar sazişlərində nəzərdə tutulan müddəaların yerinə yetirilməsini təkid edəcək. Bu baxımdan aparılan siyasət Zəngəzur dəhlizinin açılmasına bizləri maksimum yaxınlaşdırır.

- Sizcə, sərhəd boyu təxribatların davamlı xarakter alması hansı məqsədlərə hesablanıb?

- Sərhəd xəttində baş verən erməni təxribatı sırf daxili auditoriyaya hesablanıb. Ancaq daxili audotoriya ilə belə işləməyin özü kökündən səhvdir. Daxili auditoriya yüz illərlə türk torpaqlarına iddia, erməni cəmiyyətinin digər cəmiyyətlərdən üstünlüyü, dünyada yaxşı nə varsa onların hamısının ilk növbədə erməni nümayəndləri tərəfindən ortaya atıldığı xülyası təbliğ edilib. Amma bu cəmiyyət artıq ayılmalıdır. Başa düşülməlidir ki, qonşu dövlətlərlə mehriban münasibətlər deyilən bir anlayış var. Bu baxımdan Ermənistanın hərbi təxribatları ancaq özünə ziyan vuracaq. Çünki həlak olan əsgər, məhv edilən silah Ermənistana məxsusdur. Ermənistanın bu gün elə bir iqtisadi gücü yoxdur ki, o təxribatları sona kimi davam etdirə bilsin. Azərbaycan tərəfi isə öz sərhədlərini qorumaq üçün bütün vasitələrdən istifadə edəcək. Bunu vaxtaşırı biz Müdafiə və Xarici İşlər Nazirliyinin verdiyi bəyanatlarda da görürük.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər