Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bəyanat yayıb.
Teleqraf.com həmin bəyanatı təqdim edir:
"Orta Asiya Dövlət Başçıları Məsləhətləşmə Zirvəsi regional əməkdaşlığın inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcıdır. Təcrübə, birgə səylərimizin qlobal və regional problemlərin həllinə əhəmiyyətli təsir etdiyini göstərir.
Beynəlxalq Türk Akademiyasının məqsəd və vəzifələri kontekstində, dövlət başçılarının “Birgə Bəyanatı”nda elm və təhsil sahələri də daxil olmaqla hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin önəminə, qardaş ölkələrimizin daha da yaxınlaşmasında mədəni və humanitar qarşılıqlı təsirin roluna, elmi inteqrasiya və "elmi diplomatiya"nın vacib əhəmiyyətinə toxunulmuşdur.
Bununla yanaşı, dövlət başçılarının mədəni, humanitar və elmi mübadilə sahəsində ortaq bir platforma - "Orta Asiya: Ümumi Tarix və Ortaq Gələcək" Mədəni Dialoq Forumunun yaradılması təşəbbüsü də diqqət çəkir. Strateji əhəmiyyətə malik bu təşəbbüsdə gənclərə xüsusi rol verilir.
Beynəlxalq Türk Akademiyası Orta Asiya dövlət başçılarının “Birgə Bəyanatı”nda yer alan təşəbbüsləri təqdir edir, dəstəkləyir və bu istiqamətdə müəyyən elmi tədqiqatların, humanitar layihələrin həyata keçirilməsi, xüsusilə ortaq tarixin öyrənilməsi, qardaş ölkələrin ümumi problemlərinin səmərəli və konstruktiv həllində fəal rol oynamağa hazır olduğunu bildirir.
Dövlət başçılarının “Birgə Bəyanatı”nın bölgə ölkələri arasında çoxtərəfli və geniş əməkdaşlığın, qardaş xalqlar arasında birlik və harmoniyanın simvolu olaraq, gələcək əlaqələrimiz üçün sağlam zəmin hazırlayacaq sənəd kimi tarixdə öz yerini tutacağına inanırıq".