Böyük Quruluş Partiyasını sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un sullarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, Azərbaycan-Ermənistan sərhəddinin dəqiqləşdirilməsi istiqamətində aparılan işləri necə qiymətləndirirsiniz?
- Bütün hallarda sərhədlərin dəqiq ölçülü-biçili bir şəkildə həlli mütləqdir. Rusiya və Azərbaycanın əlində olan xəritələrlə dəqiqləşmələr aparılır. Bu sərhəd xətdindən bir addım kənara durulmamlıdır. Rusiya da bu məsələdə Azərbaycana israrçı olmayacaq. Çünki tanınmış sərhədlər hər kəsə bəllidir. Sənədlərdə nə yazılıbsa, o da olacaq.
- Erməni tərəfindən növbəti müharibə təhlükəsi ilə bağlı fikirlər eşidilir. Müharibənin yenidən başlanılma ehtimalı varmı?
- İndiki məqamda bu, inandırıcı görünmür. Müharibədə qalib gələn tərəf bizik. Bundan sonra masa üzərində uğurları bərkitməli, möhkəmlətməliyik. Amma zərurət yaranarsa, mütləq elə etməliyik ki, təxribat xarakterli addımı ilk Ermənistan atsın. Çünki Ermənistan təxribatına biz cavab verəndə daha uğurlu nəticələr əldə edəcəyik. Xatırlayırsınızsa, 44 günlük savaş da erməni təxribatına cavab olaraq başladı. Azərbaycan birlikləri hücuma keçdi və Ermənistan yerində oturduldu. Situasiyanı doğru dəyərləndirib dünyanın gözündə müharibə başladan tərəf kimi görünməyimiz də doğru deyil. Amma cavab verən tərəf olanda daha ciddi uğur əldə etmək imkanlarımız olacaq.
- Ermənistanın təxribat üçün məhz Naxçıvan və Kəlbəcər istiqamətini seçməsi hansı amillərlə bağlıdır?
- Bu taktiki məsələlərdir. Haradaki, torpaqları müəyyən dərəcədə erməni tərəfi əlində saxlamaq istəyirsə daha çox ağırlığı o istiqamətə yönəltməyə çalışır. Naxçıvanda Sədərək ətrafında Kərki kəndi məsələsi var. Bu ərazi Azərbaycana məxsusdur. Ona görə də, mübahisələr hələ gündəmdə qalsın deyə belə addımlar atılır. Bunun izahını da vermək çətindir. Bu Ermənistan da marağına uyğun olan bir hal deyil. Bu kimin marağına uyğundursa onu aydınlaşdırmaq lazımdır. Bütün hallarda biz təxribatlara da təmkinlə cavab verərək müharibəni başladan tərəf olmamalıyıq. Çünki bizim erməni təxribatına cavab verən tərəf olmağımız mövqeyimizi daha da möhkəmlədəcək.
- Qazağın 7 kəndi və Kərki kəndi bağlı məsələlər gündəmdədir. Anklavlarla bağlı məsələlər necə həll oluna bilər?
- Anklavlar məsələsində vasitəçi kimi Rusiyanın rolu önəmli olacaq. Biz burada hər hansı bir konfliktə getmək əvəzinə, müzakirələrdə Rusiyanı obyektiv mövqe sərgiləməyə təşviq etməliyik. İlkin mərhələdə məhz bu yanaşma olmalıdır. Sonrakı mərhələdə isə savaşmaq, döyüşmək həmişə var. Məsələni dinc yolla həll etmək imkanı varsa, başqa vasitələrə əl atmağa ehtiyac yoxdur. Eyni zamanda bu vasitələr həmişə var. Ona görə də, anklav olan kəndlərdə rus əsgərinin yerləşrdirilməsi ola bilər ki, hansısa bir danışıq əsasında o ərazilərin də daha tez qaytarılması məsələsini reallaşdıracaq. Bu məsələləri bir qədər zamanın axarına buraxmalıyıq. Proseslərin gedişini müəyyən danışıqlarla həll etməyə çalışmalıyıq.
- Paşinyan kommunikasiyaların açılmasından danışır, amma dəhliz məsələsini inkar edir. Onun bu məsələdə ehtiyyatlı davranmasının necə izah etmək olar?
- Zəngəzur dəhlizinin açılması əslində hamının xeyrinədir. Amma burada sadəcə erməni ictimaiyyətinin rəyinə hesablanmış fikirlər var. Azərbaycanda isə belə bir problem yoxdur. Biz qalib dövlətik. İctimai rəydə də ölkə Prezidentinə açıq etimad var. Bu mənada dövlət başçısının irəli sürdüyü məsələlərin həllinin reallaşması fonunda Ona böyük dəstək mövcuddur. Amma Ermənistanda bu inam, dəstək yoxdur. İctimai rəy bunu təhlükə kimi hiss edir. Onu dəyişmək də çox çətindir. Amma Ermənistan rəhbərliyi anlayır ki, buna alternativ də yoxdur. Çünki əldə olunmuş Bəyanatda da konkret olaraq hansı dəhlizin açılması öz əksini tapıb. Burada təkcə söhbət Cənub ərazisində açılacaq dəhliz məsələsi öz əksini tapmayıb.
Qazaxdan, İcevan üzərindən də dəhlizin açılması məsələləri qalmaqdadır. Çünki Şimal hissədə də dəhlizin açılması prinsipləri var. Ermənistan bunun adını dəhliz qoymur, nə qoyur-qoysun. Masada biz onu dəhliz adlandırırıq. Bu Zəngəzur dəhlizidir. Bizim üçün həm də tarixi torpaqların xatırlanması məsələsi də var. Ermənistan bunun adını kommunikasiya xətti qoysa da eyni mahiyyət kəsb edir. Çünki dəmir və avtomobil yolu yan-yana keçəcək. Bunu necə inkar etmək olar. Ona görə də, erməni tərəfi bu söz oyununu gündəmə gətirir. Qoy onlar desin biz kommunikasiyanı açırıq. Adını da Sunik dəhlizi qoysunlar, özləri bilər! Bunun adı Zəngəzur dəhlizidir.
- Dəhlizə alternativ yolun təklifi məsələsi gündəmə gələ bilərmi?
- Biz Zəngəzur deyiriksə, bu bizim marağımıza uyğun olduğuna görə, belə edirik. Eyni zamanda burada söz oyununa da çox alüdə olmamalıyıq. Bəyanatda nəzərdə tutulan bənddə Cənubdan kommunikasiya xəttinin açılması məsələsi öz əksini tapıb. Ermənistan bunun reallaşması üçün öz ərazisinin hansı hissəsindən yol verirsə versin, bu Ermənistanın mərkəzindən də keçə bilər. Hər tərəfdən 5 km-lik məsafə verilsin, onu da dəmir hasarlarla bağlayaq. Laçın dəhlizində belə bir real təcrübə var. Biz lap Gorusdan da çıxıb gedə bilərik. Bundan sonra nə olcaq? Bunun ən optimal variantı Mehri yoludursa, bu niyə inkar oluna bilər? Əslində isə bu söz oyunudur. Demək istəyirlər ki, biz Azərbaycanın tezislərini həyata keçirmirik. Bununla öz cəmiyyətlərini inandırmağa çalışırlar. Amma əvvəl-axır bu olacaq.
- Dəhlizin açılmasında erməni tərəfi niyə təşviş yaşayır?
- Bura ABŞ gəlməyəcək ki...? Burada 3 ölkənin daha çox fəaliyyət imkanları var. Azərbaycan, Türkiyə, İran burada aktiv rol alacaq. Sözsüz ki, bu Ermənistanın da maraqlarına cavab verir. Rusiya uzaq məsafadən gəlib burada bizdən çox qazanc götürməyəcək. Eyni zamanda Gürcüstan və yaxud ABŞ burada qazanclı olmayacaq. Kim daha çox ağıllı olarsa, bundan istifadə edəcəksə onlar da qazanclı çıxacaqlar. Eyni zamanda bu yol kimə yaxındırsa, kimin ərazisindən keçirsə, daha çox onun xeyrinə olcaq. Digər dövlətlər də yükdaşıma məsələlərində burada maraqlı ola bilər.