10 Avqust 2021 12:37
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis sədri hörmətli Sahibə xanım Qafarovanın İrana son səfəri bəzi qüvələr tərəfindən qeyri-obyektiv, qərəzli formada şərh olunur. Onlar hətta Parlament sədrinin İranda Xocalı soyqırımı ilə bağlı qaldırmış olduğu məsələləri yada salmaq istəmirlər. Bu məsələ İranda birbaşa Sahibə Qafarova tərəfindən səsləndirildi və orada olan bütün məsələlər protokola uyğun, tam dəqiqliklə öz həllini tapdı.

Bunu Teleqraf.com-a AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

O qeyd edib ki, son zamanlar Milli Məclisin beynəlxalq əlaqələrinin yüksək səviyyədə təşkil olunması kimlərisə narahat edir:

“Həmçinin Azərbaycan, Türkiyə, Pakistan arasındakı üç tərəfli Bəyannamənin imzalanması bir çoxlarının narahatlığına səbəb olub. Eyni zamanda uğurlu, əhəmiyyətli xarici səfərlər və xarici qonaqların parlament sədri tərəfindən qəbul olunması deyəsən Milli Məclisə qarşı bəzi qüvvələri hərəkətə gətirib. Mən parlamentin bir komitə sədri kimi bilirəm ki, uğurlarımız Avropa Şurasında birbaşa özünü göstərməyə başlayanda dərhal buna qarşı çıxmağa, onu başqa tərzdə yozmağa çalışırlar. İndi isə Parlamentin və onun sədrinin uğurlu fəaliyyəti nəticəsində beynəlxalq əlaqələrdə qurulan yüksək səviyyəli münasibətlər kimlərisə, narahat etməyə başlayıb”.

Millət vəkilinə görə, bu insanlar başa düşməli və bilməlidirlər ki, “onların fəaliyyəti” bizim üçün tam şəkildə aydındır:

“Qələbədən sonra Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzu bəziləri üçün problemə çevrilib. Ona görə də, hansısa “fürsətlər” axtarmağa başlayıblar. Onların tapdığı “fürsət” bu qüvvələr üçün heç bir imkan yaratmayacaq. Çünki bu səfərdə də protokol qaydaları tam şəkildə yerinə yetirilib. Bunu neçə illərdir ki, beynəlxalq əlaqələrlə məşğul olan bir şəxs kimi deyirəm. Azərbaycanın milli maraqları İranda da yüksək səviyyədə təbliğ edilib. Xüsusilə də Xocalı soyqırımı ilə bağlı məsələnin orada qaldırılması mühüm əhəmiyyətə malikdir. Azərbaycan-İran münasibətlərinin normal şəkildə cərəyan etdiyi bir halda bu münasibətlərə xələl gətirmək niyyəti olan qüvvələr heç nəyə nail ola bilməyəcəklər”.


Müəllif: Tapdıq Qurbanlı