Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından müharibədən əvvəl və sonra gözləntiləri çox idi. İndi də onların ümidləri var ki, KTMT Ermənistana kömək etməlidir. Ona görə də, əsəbi şəkildə Ermənistan müdafiə naziri KTMT-nin baş katibi Stanislav Zasa belə bir mesaj verdi. O da çox diplomatik yolla cavab verdi ki, “siz ilk növbədə Azərbaycanla razılaşmalısınız”. Bu isə o deməkdir ki, 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci ildə imzalanmış sənədlər mövcuddur. Həmin sənədlərdə delimitasiya və demarkasiya məsələləri də öz əksini tapıb. Eyni zamanda burada kommunikasiyaların açılması məsələləri təsbit olunub.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Onun fikrincə, Ermənistan əldə olunmuş razılaşmalarda təsbit olunan məsələləri həll etmək əvəzinə növbəti dəfə təxribatlara əl atır: “Bunun qarşılığnda isə Ermənistana dəfələrlə mesaj verilib ki, Azərbaycanla dil tapmalısınız. Sərhəddə təxribatlara əl atmaqla bu məsələlər həll olunmayacaq”.
Deputat vurğulayıb ki, hazırki mərhələdə Ermənistanın iki məqsədi var: “İlk növbədə Ermənistan ATƏT-in Minsk Qrupunu dirçəltmək istəyir. Halbuki Minsk qrupu lazım olan vaxtda səlahiyyətlərini icra etmədi. BMT-nin qətnamələrinin icrası ilə bağlı konkret addım atılmadı. Digər tərəfdən isə Ermənistan çalışır ki, KTMT prosesə qoşulsun. KTMT isə Ermənistanın bu hiyləsini bilir və bu mənasız oyuna girmək istəmir. Eyni zamanda KTMT da təmsil olunan ölkələrin Ermənistanı istisna olmaqla digərlərinin Azərbaycanla çox səmimi münasibətləri var. Burada təmsil olunan dövlətlər də Ermənistana görə, Azərbaycanla münasibətləri pozmaq istəmir”.
Ziyafət Əsgərova görə, hazırda Ermənistan siyasi rəhbərliyinə verilən açıq mesaj ondan ibarətdir ki, əldə olunmuş razılaşmalara sadiq qalsın: “Ermənistan isə götürdüyü öhdəliklərlə məşğul olmaq əvəzinə Naxçıvanda, Kəlbəcərdə təxribatlarla ət atır. Amma Ermənistan heç bir perspektivi olmayan bu təxribatlarını uzada bilməyəcək. Ermənistan proseslərdən nə qədər tez nəticə çıxaracaqsa, bu onun üçün daha yaxşı olar. Artıq Azərbaycan qarşı tərəfə sülh müqaviləsi təklif edir. Müharibə səhifəsi bitib. Yenidən müharibə cəhdi isə Ermənistan üçün çox ağrılı olacaq”.