12 Avqust 2021 20:12
3 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Azərbaycana təzyiq etdiyini düşünür. Rusiya Azərbaycanın ərazi bütövlüyü ilə hesablaşmır, bəyanatları kobud şəkildə pozur. Çünki həmin bəyanatlara görə, Qarabağda qanunsuz silahlı birləşmələr olmamalıdır. Bu durumu dəyişmək üçün yeganə çıxış yolu Laçın dəhlizini nəzarətə götürməkdir. Rusiyaya başa salmalıyıq ki, əgər bölgədə erməni əhalisinin sayı azalırsa, dörd il sonra sülhməramlıların orada qalmasına ehtiyac olmayacaq”.

Politoloq Elxan Şahinoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Separatçıların Qarabağda yeni postlar qurması haqda xəbərlər gəlir. Dünən Azərbaycan Müdafiə Nazirliyi bunun qarşısının alınması barədə bölgədəki Rusiya sülhməramlılarına xəbərdarlıq etdi. Bundan sonrakı müddətdə nə baş verə bilər?

- Əgər Bakı gün ərzində həm Rusiya sülhməramlıları, həm də İrana xəbərdarlıq edibsə, deməki, üçüncü addımı da düşünüb. Çünki bu açıqlamalar və notalar havada qalmamalıdır. Məqsəd budur ki, Rusiya və İran siyasətini dəyişsin: Qarabağı Azərbaycan ərazisi kimi tanısın, orada qanunsuz postlar qurulmasın, separatçılar tərksilah olunsun, qeyri-müəyyən yüklər daşınmasın.

Bizim məqsədimiz və tələbimiz bunlardır. Buna görə də hər iki tərəfə xəbərdarlıq edildi. Əgər bu xəbərdarlıqdan nəticə çıxmayıb, bu proses yenidən davam edəcəksə, biz növbəti addımlar haqda düşünməliyik. Ciddi addım atmalıyıq: Laçın dəhlizi nəzarətə götürülməli, separatçılar tərksilah olunmalıdır. Nə qədər ki, Laçın dəhlizi bizim nəzarətimizdə deyil, oradan qanunsuz yüklər daşınacaq.

- Qarabağa qanunsuz yüklərin daşınmasında ittiham edilən İrana da xəbərdarlıq olundu. İranın yeni hökumətinin Qarabağ ətrafında gedən proseslərə münasibəti necə ola bilər?

- İranın yeni Prezidenti İbrahim Rəisi Azərbaycan dövlət başçısı İlham Əliyevə məktubunda ölkəmizin ərazi bütövlüyünü dəstəklədi. 44 günlük müharibədə qələbə münasibətilə Azərbaycan prezidentini təbrik etdi. Biz İrandan buna uyğun siyasət gözləyirik.

Dəfələrlə demişik ki, İrandan Laçın dəhlizi vasitəsilə Qarabağa qanunsuz yüklər daşınır. Peykdən izləyirik, ora kimin girib-çıxdığını görürük, nömrələrinədək bilirik. Bunu İran da bilir, çünki ona demişik. Xoş niyyət göstərib bu prosesin qarşısını almalıdırlar.

- Separatçıların qanunsuz fəaliyyətlərinə göz yuman Rusiyanın telekanalları və mətbuatında Azərbaycan əleyhinə təbliğat aparılır. Azərbaycanla münasibətləri gərginləşdirən Rusiya nə əldə etmək istəyir?

- Rusiya Azərbaycana təzyiq etdiyini düşünür. Rusiya Azərbaycanın ərazi bütövlüyü ilə hesablaşmır, bəyanatları kobud şəkildə pozur. Çünki həmin bəyanatlara görə Qarabağda qanunsuz silahlı birləşmələr olmamalıdır. Bu durumu dəyişmək üçün yeganə çıxış yolu Laçın dəhlizini nəzarətə götürməkdir. Rusiyaya başa salmalıyıq ki, əgər bölgədə erməni əhalisinin sayı azalırsa, dörd il sonra sülhməramlıların orada qalmasına ehtiyac olmayacaq.

Rusiyadakı müəyyən hərbi-siyasi dairələr bizə xoş niyyət göstərmirlər. Biz siyasətimizi də buna uyğun formalaşdırmalıyıq. Əlbəttə, Rusiya ilə düşmən olmayacağıq, normal münasibətlər və əməkdaşlığı davam etdirəcəyik. Amma biz qərar verməliyik, Türkiyə ilə hərbi ittifaqı daha da gücləndirməliyik. Çünki Rusiya bizi təkləməyə və təzyiqləri artırmağa çalışır.

- Deyirsiniz ki, Laçın dəhlizini nəzarətə götürməliyik. Son gəlişmələrdən sonra belə bir addımın atılması gözləniləndirmi?

- Dediyim kimi, nə qədər ki, Laçın dəhlizi nəzarətimizdən kənardadır, oradan Qarabağa şübhəli yüklər, silahlar daşınacaq, hərbçilər keçəcək. Bu bizim sərhədimiz daxilindədir və ora biz nəzarət etməliyik. Rusiyaya başa salmalıyıq ki, orada sizin postlarınız var, bizim hərbçilərimiz də o postlarda xidmət etməlidir.

Biz bunu təmin etməliyik ki, ora kimin girib-çıxdığını bilək, əgər silah gətirilirsə, bunun qarşısını alaq. Bunu etməliyik, başqa alternativimiz yoxdur. Bunu hansı formada edəcəyimizi oturub düşünməliyik.

- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlara hazır olduğunu bildirdi. O, bununla bağlı ATƏT-in Minsk qrupundan təklif gözlədiyini dedi. Onun bu açıqlamasını necə başa düşməliyik?

- Paşinyanın bu açıqlamasından sensasiya düzəltməyə ehtiyac yoxdur. Paşinyan bunu əvvəllər də, müharibədən sonra da etmişdi. Amma ritorikasını dəyişdi. Paşinyanın verdiyi açıqlamalara yox, atdığı addımlara baxmaq lazımdır.

Dostluq, sülh, regional əməkdaşlıq və kommunikasiyaların açılmasından danışan bir adam gərək bunun üçün danışıqlara başlasın. Biz onu danışıqlara dəvət edirik, amma o, bundan qaçır. Sülh sazişinin imzalanması o deməkdir ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və ya sərhədlərini tanıyacaq. Yəni Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edəcək, Paşinyan bundan qaçır. Yenə də Minsk qrupunu prosesə cəlb etməyə çalışır.

Minsk qrupunun sərhəd məsələsinə dəxli yoxdur. Söhbət sərhədlərin müəyyənləşməsindən və sülh sazişindən gedir. Onsuz da statusu müzakirə etməyəcəyik. Zamanla bu istiqamətdə addım atacaqsa, o zaman qəbul edəcəyik ki, Paşinyanın siyasətində ciddi dəyişiklik olub.

- Paşinyan onu da bildirdi ki, üçtərəfli anlaşmaların yerinə yetirilməsi ilə bağlı qurulmuş Rusiya-Azərbaycan-Ermənistan işçi qrupunun fəaliyyəti bərpa olunacaq. Bu, sərhəd məsələsinin həllində irəliləyişə səbəb olacaqmı?

- Əsas məsələ də budur ki, hər iki tərəf oturub danışsın. Əlbəttə, bu məsələ tezliklə, bir ay və ya bir ilə həll olunmayacaq. Amma danışıqlar getməlidir, məsələlər aydınlaşdırılmalıdır, xəritələr üzərində iş getməlidir. Bunların hamısı danışıqların predmetidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər