“Şimaldan gələcək bütün təhlükələrə ancaq 3 Qafqaz ölkəsi birgə sinə gələ bilər”.
Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
O, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə görüş təklifinə münasibət bildirib:
“Paşinyan bəyan edib ki, İlham Əliyevlə görüşməyə və bir çox məsələləri müzakirə etməyə hazırdır. Məncə, bu bəyanat dəyərləndirilməli, Rusiyanın, ATƏT-in iştirakı, müdaxiləsi olmadan belə bir görüş mütləq keçirilməlidir. Görüş Tiflisdə ola bilər, otursunlar, kənar müdaxilələr olmadan bir neçə saat danışsınlar.
Azərbaycan-Ermənistan arasında birbaşa təmaslar başlamalıdır, bunun pozitiv nəticələri ola bilər. Çünki kənardan dialoq təklif edən hər bir güc mərkəzinin öz marağı, öz gündəmi olur və çalışırlar ki, müzakirələr onların çərçivəsindən kənara çıxmasın Buna görə də, birbaşa təmaslar daha effektli ola bilər. Belə danışıqlar bölgədə böyük müharibələrin, fəlakətlərin qarşısını ala, hər iki ölkəni Kremlin əlində alət olmaqdan qurtara bilər. Şimaldan gələcək bütün təhlükələrə ancaq 3 Qafqaz ölkəsi birgə sinə gələ bilər. Ayrı-ayrılıqda hamımızı “Ayı” parçalayacaq, necə ki, bunu 300 ildir bölgəmizdə uğurla edir”.