13 Avqust 2021 19:14
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni tərəfi adətən hansısa bir təxribata əl atanda bunu özlərinə güvənib etmir. Onları bu cür əməllərə təhrik edən qüvvələr var. Ermənistanın yeni müdafiə nazirinin də son açıqlamaları bu faktları təsdiqləyir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, bir çox mərkəzlər bu kimi məsələlərdə qızışdırıcı mövqedən çıxış edir: “Amma erməni tərəfi öz gücünə güvənmədən belə bir addımlar atırsa, bunun nəticələrini də düşünməlidir. Çünki o mərkəzlər real vaxtda onları müdafiə edə bilməyəcək. Bir dövlətin ki, sərhədlərini başqaları qoruyur belə olan halda hansı dövlətçilikdən danışmaq olar. Açıq görünür ki, Ermənistan bir dövlət kimi quru addan ibarətdir. İndi də ona-buna yalvarır ki, gəlib onun sərhədlərini qorusunlar. Belə dövlətçilik nümunəsinə heç tarixdə də rast gəlinməyib”.

Deputat hesab edir ki, sərhəddə erməni təxribatının məqsədi başqa mətləblərə xidmət edir: “Amma erməni tərəfi etdiyi bütün təxribatlara layiqli cavabını alır. Bundan sonra daha sərt cavab alacaqlarını özləri də bilirlər”.

Elman Məmmədovun fikrincə, düşmən məkrli, hiyləgərdir və onların hansısa səmimi davranışına qətiyyən inanmaq olmaz: “Azərbaycan ordusu 44 günlük müharibədə olduğu kimi hər an düşmənə sarsıdıcı zərbə vurmağa hazır olmalıdır. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə qələbədən sonra Ordumuzun daha da gücləndirilməsi istiqamətində atılan addımlar məhz bu hədəflərə hesablanıb. Biz güclü olduqdan sonra düşmən heç nəyə nail ola bilməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər