Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycanın torpaqlarını işğal altında saxlayıb, məhz öz təcavüzkar siyasəti ucbatından bütün regional layihələrdən kənarda qalıb. Hazırda bu ölkə faktiki olaraq təcrid olunmuş vəziyyətdədir. 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda hazırda sosial-iqtisadi böhran dərinləşib. Bu amillər məğlub ölkəni növbəti siyasi kataklizmlərə sürükləyir.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputatın sözlərinə görə, Ermənistanın böhran və tənəzzüldən yeganə xilas yolu Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməkdən ibarətdir: “Ermənistan konstruktiv və praqmatik mövqe sərgiləməklə mövcud imkanlardan yararlanmaq şansı qazana bilər. Azərbaycan müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmaqla ərazi bütövlüyünün bərpasına nail olub. Bununla da, region xalqları və dövlətləri üçün faydalı olan əməkdaşlıq imkanları yaranıb. Postkonflikt mərhələsində də Azərbaycanın irəli sürdüyü təşəbbüslər və təkliflər regional inkişafa, bölgədə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ermənistan bu tarixi şansdan istifadə edərək yaranmış fürsəti dəyərləndirməlidir. Bunun üçün, ilk növbədə, ərazi iddiasından əl çəkməli, sülh müqaviləsinə hazırlıq işləri görməli və sərhədlərin delimitasiyası ilə əlaqədar beynəlxalq hüquq normalarına uyğun konkret mövqe ortaya qoymalıdır”.
Millət vəkili N.Paşinyanın Ermənistanın Azərbaycanla ən yüksək səviyyədə danışıqlara hazır olması ilə bağlı səsləndirdiyi fikirlərin mahiyyətindən bəhs edib: “Erməni baş nazir regional kommunikasiyaların açılması üçün Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazır olduqlarını bildirib. Məhz bu fakt Ermənistanın reallığı qəbul və dərk etmək məcburiyyətində olduğunu göstərir. Bu amil bütövlükdə region üçün əhəmiyyətli siyasi və iqtisadi faydalar vəd edir. Bölgədə sülhün yaradılması, təhlükəsizliyin təmin olunması və əməkdaşlığın genişləndirilməsi baxımından bu yanaşmalar olduqca önəmlidir”.