ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, səfirlik COVID-19 pandemiyası ilə əlaqadar olaraq qeyri-mühacir viza əməliyyatlarının adi qaydada yerinə yetirilə bilmədiyini açıqlayıb:
“Hazırda biz, yerli şərtlər, resurslar və təhlükəsizlik məsələləri diqqətə alınmaqla missiya üçün vacib olan viza kateqoriyaları üçün məhdud sayda olan görüş vaxtı təklif edirik. Sözügedən viza kateqoriyalarına müraciət ərizəsinə əsaslanan iş vizaları (H1B və L), heyət vizaları (C1/D), tələbə vizaları (F və M) və mübadilə proqram iştirakçiları üçün verilən (J) vizaları aiddir. Həmçinin müsahibədən azad olunan ərizəçilərdən, onların son 36 ay ərzində qüvvədən düşən biznes və turizm üçün verilən (B1/B2) vizası olduqda, yeni ərizələrini qəbul edirik.
Nəzərinizə çatdırırıq ki, müsahibədən azad olma prosesi yalnız Azərbaycan vətəndaşlarına və Azərbaycanda yaşayış icazəsi olan şəxslərə şamil olunur. Ən son viza müraciətləri imtina ilə nəticələnən ərizəçilər müsahibədən azad olma prosesindən faydalana bilməzlər.
İş həcmindən asılı olaraq, görüş üçün yerlər müvafiq qaydada açılacaq”, - deyə səfirliyin feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, vizaların hazır olma müddəti müxtəlif ola bilər, lakin bir çox hallarda viza prosesi ərizəçilərin müsahibəsindən sonra bir neçə iş günü ərzində tamamlana bilər.