16 Avqust 2021 14:16
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin CNN Türk telekanalına müsahibəsində çox ciddi mesajlar səsləndi. İlk növbədə Ermənistana edilən xəbərdarlığı qeyd etməliyik. Dövlət başçısı Ermənistanın hərbi-siyasi rəhbərliyinin son vaxtlar intensivləşən məsuliyyətsiz bəyanatlarına cavabı kifayət qədər sərt və prinsipialdır: “Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik”. Qabaqlayıcı tədbirlərin nədən ibarət olduğunu isə 9 ay əvvəl Ermənistan gördü. Bu dəfə də eyni zərbəyə davam gətirib-gətirməyəcəyi isə ümumiyyətlə, müzakirə mövzusu deyil.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, söhbət ordusu darmadağın olan Ermənistandan gedir: “Yəni Ermənistan Prezident İlham Əliyevin “qabaqlayıcı tədbirlər” xəbərdarlığı barədə daha ciddi düşünməlidir. Yox, əgər İrəvan Rusiyadan aldığı silah-sursata arxayındırsa, bu da nəticə verməyəcək. Bu silahlanma sözsüz ki, yeni nəsil müharibənin qalibi olan Silahlı Qüvvələrlə müqayisəyə gələ bilməz. Rusiyanın yanaşmasına gəlincə, bu məsələ ilə bağlı da Ali Baş Komandan dövlətimizin mövqeyini bildirdi. Rusiya Ermənistanı silahlandırmamalı, 10 noyabr bəyanatının müddəalarının icrasını pozan forpostunu konstruktivliyə məcbur etməlidir. Məhz rəsmi Bakının Moskvadan gözləntisi də budur”.

Millət vəkili söyləyib ki, dövlət rəhbəri “Rusiyadan gözləntimiz üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin”: “Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalayıb. Müddəaların artıq böyük qismi gerçəkləşib”. Dövlət başçısı rəsmi Moskvanın Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi bölgədə xüsusi rol oynadığını da bildirdi. Yəni, bölgənin aparıcı dövlətlərindən biri kimi Rusiya regionun təhlükəsizliyi üçün öz səylərini əsirgəməməli, uzunmüddətli sülhü təmin etmək üçün addımlar atmalıdır. Bu mənada kommunikasiyaların açılması bu gün əsas prioritetlərdən biridir. Rəsmi Bakı isə haqlı olaraq bu məsələdə paralel açılmanın tərəfdarıdır. Prezident burada Ermənistanla digər nəqliyyat layihələrinin ola biləcəyini qeyd etməklə əməkdaşlıq imkanlarının geniş olduğunu bir daha diqqətə çatdırmış oldu”.

Könül Nurullayeva bildirib ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, müharibə başa çatıb və seçkilərdə məğlub Paşinyana təkrar səs verməklə erməni xalqı da bu vəziyyətlə barışıb: “Ermənistanın hərbi-siyasi rəhbərliyi isə təbii ki, İkinci Qarabağ savaşından dərs çıxarmağa məcburdur. Əks halda, Ali Baş Komandanın Söylədiyi kimi “Biz dərsini yenidən verməyə hazırıq”!


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər